Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib

 

 

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Azıx mağarasına aid arxeoloji tapıntıların Bakıya gətirilməsi barədə mətbuata açıqlama verib.

 

Alim bildirib ki, müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızla birlikdə qədim abidələrimiz də işğaldan azad olunub. Otuz ilə yaxın bir müddətdə Ermənistan işğal altındakı ərazilərimizdəki tarixi abidələrdə beynəlxalq konvensiyalara zidd olaraq qanunsuz arxeoloji tədqiqatlar aparıb və bu işə bəzi Avropa alimlərini də cəlb edib. Bununla əlaqədar artıq Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açılıb və müvafiq tədbirlər həyata keçirilir.

 

Nəcəf Müseyiblinin sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə ArxeologiyaEtnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar institut tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti də məlumatlandırılıb.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, Paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar Bakıya gətirilərək institutun Arxeoloji Fondunda yerləşdirilib.

 

Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.

 

Alim bildirib ki, bütün bu tapıntılar ArxeologiyaEtnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Respublika Prokurorluğunageniş ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

 

Mədəniyyət.- 2020.- 27 noyabr.- S.5.