Ağdam həsrəti ilə dünyadan köçsə də...

 

Doğma yurdun azad olunduğu bu günlərdə sənətkarın ruhu şaddır

 

Muğam sənəti xalqımızın estetik düşüncəsini, müdrikliyini, gələcəyə inamını, eləcə də mübarizə və döyüş ruhunu ək etdirən zəngin mədəni mirasımızdır. Ritmik muğamlarımızda mərdlik, cəngavərlik, bir çağırış var. Dəsgahlarda isə sanki tarixin sirləri gizlənib. Muğam həm də genetik kodumuz, xalqımızın milli sərvətidir.

 

Bu mədəni sərvəti nəsildən-nəslə ötürən, yaşadan isə xalqın seçilən sənətkarlarıdır. Bu günlərdə haqq dünyasına qovuşan tanınmış muğam ifaçısı, Əməkdar artist Qaraxan Behbudov da muğam sənətimizdə özünəməxsus iz qoyub. Sənətkar noyabrın 17-də bu dünyadan Ağdam həsrəti ilə köçsə də, son nəfəsini verməzdən öncə doğma yurdun düşmən tapdağından azad ediləcəyinin müjdəsini eşitmişdi. Ömür vəfa etsəydi, Ağdamın işğaldan qurtuluşunu özünün 85 illiyi ilə (25 noyabr) qoşa qeyd edəcəkdi...

 

Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi olan Qaraxan İmran oğlu  Behbudov 1935-ci ildə Ağdam rayonunun Əfətli kəndində dünyaya gəlib. Əmisi Əfətli Əkbər Qarabağın məşhur xanəndələrindən idi. Qaraxanın ilk muğam müəllimi də elə əmisi olmuşdu. Xanəndə 1963-1968 illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda Nəriman Əliyevin xanəndəlik sinfində muğamın sirlərini öyrənmişdi. Seyid Şuşinski, Xan Şuşinskibaşqa xanəndələrlə ünsiyyəti sayəsində o, öz sənətini təkmilləşdirərək, onların ənənələrini öz yaradıcılığında davaminkişaf etdirmişdi.

 

1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi Əliağa Quliyevin rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblı ilə çalışıb. Xanəndə kimi püxtələşməsində görkəmli tarzən Bəhram Mansurovun böyük rolu olub. Onun müşayiəti ilə Qaraxan Behbudovun ifasında bir sıra muğamlar lentə yazılaraq radionun fonduna daxil edilib. O, “Bayatı-Şiraz” muğamının mahir, orijinal ifaçısı kimi tanınıb. Bundan başqa, “Segah-zabul”, “Rahab”, “Mirzə Hüseyn segahı”, “Qatar” muğamlarını da xüsusi şövqlə oxumuşdu.

 

Qaraxan Behbudov həmçinin bir neçə mahnının müəllifidir. Onlardan “Necə dözüm”, “Gözlərəm səni”, “İstəyirəm” və s. mahnıları göstərmək olar.

 

Mərhum xanəndənin xatirəsini sənət dostları ilə yad etdik.

 

Əməkdar müəllim Qəzənfər Abbasov:

 

Qaraxan Behbudov Qarabağın sevilən xanəndələrindən idi. Uzun müddət filarmoniyanın solisti kimi çalışmışdı. Son dövrlərdə Milli Konservatoriyada pedaqoji fəaliyyət göstərdi. O, böyük müəllimlərdən dərs almışdı. Xan Şuşinski, Seyid Şuşinski, Mütəllim Mütəllimovla bir dövrdə çalışıb. Həmin xanəndələrlə birlikdə səhnələri bölüşüb. Sovet dövründə respublikanın elə bir bölgəsi olmayıb ki, orada konsert verməsin. “Qızıl fondda özünün də bəstələdiyi mahnı və təsniflər qorunur. Ölkəmizdən kənarda da çox sevilirdi. İfası olan audiodisklərə İranda, Türkiyədə də tələbat var idi.

 

Hələ uşaq yaşlarımdan “Muğam saatı”nda onun ifalarını diqqətlə dinləyər və ondan öyrənərdim. Bir təsəllimiz var ki, heç olmasa, Qarabağın, Ağdamın azad olunacağı xəbərini eşitdi. Allah rəhmət eləsin.

 

Xalq artisti, tarzən Vamiq Məmmədəliyev:

 

Qaraxanla həmişə çox gözəl, isti münasibətlərimiz olub. Bir neçə il bizimlə birlikdə Mədəniyyət və İncəsənət Universitetində çiyin-çiyinə çalışdı. Ondan sonra isə Milli Konservatoriyada muğamın sirlərini gənc nəslə öyrədirdi. Yaxşı muğam ifaçısı idi və muğamlarımızı da çox gözəl bilirdi. Çünki Seyid Şuşinski və Nəriman Əliyevin tələbəsi olmuşdu. Seyidin tələbələri sırasında Sabir Mirzəyev, Süleyman Abdullayev, Qulu Əsgərov, Ramiz Hacıyev, Zeynəb Xanlarova var idi. Qaraxan da bu nəslin nümayəndələrindən idi. O vaxt sırf xanəndəliklə məşğul olan az idi. Əbülfət Əliyev, Yaqub Məmmədov, Mütəllim Mütəllimovla birgə qastrol və konsertlərdə Qaraxan da olardı. Filarmoniyanın afişalarında onun adına həmişə rast gələrdik. Gözəl səsi var idi. Onun radioda birQatar” muğamı qorunur və vaxtaşırı səslənir. Bənzərsiz ifadır. Çünki kişi xanəndələr arasında bu muğamı oxuyan olmayıb. “Qızıl fondda isə onun ifasında “Şahnaz” muğamı qorunub saxlanılır. Həmin ifanı görkəmli tarzən Sərvər İbrahimov müşayiət edib. Ritmik muğamların öhdəsindən bacarıqla gəlirdi. Oxuduğu muğamları düzgün çatdıra bilirdi.

 

Qaraxan Behbudovun adı gələndə bilirdin ki, bu sənətkar xanəndədir. Onu tanınmış sənətkarlar Əbülfət Əliyev, Yaqub Məmmədov, Ramiz Hacıyevlə tez-tez bir yerdə görürdük. Filarmoniya bağında yığışıb çay süfrəsində muğam söhbətləri edərdilər. Mən də dəfələrlə bu söhbətlərin qonağı olmuşam. Onların musiqi haqqında söhbətlərinə maraqla qulaq asardım. Filarmoniya bağında Xan Şuşinskinin başına yığışıb oturmaları bu günə kimi gözümün qarşısındadır. Çox heyf, bu gün həmin ənənə də yoxdur.

 

Onu da qeyd edim ki, beş il əvvəl Qaraxanın 80 illik yubileyi oldu. Çox abırlı insan idi. Heç vaxt heç kimə özünü reklam üçün müraciət etməzdi. Bu da onun sənətinin və mənəviyyatının böyüklüyündən irəli gəlirdi. Sənəti ilə yüksəlmişdi və heç vaxt özünü tərif etməzdi. Yumşaqzil səsli xanəndə idi.

 

Bir xanəndənin yetişməsi üçün zaman lazımdır. Xanəndə el məclisində yetişər. Təkcə efirdə çıxışla xanəndə yetişmir, məncə. Qaraxan Behbudov Abşeron kəndlərində el şənliklərinə dəvət olunurdu. Dəfələrlə onunla kəndimiz Kürdəxanıda və Abşeronun digər kəndlərində toy məclislərini idarə etmişdik. Oturuş-duruşu ilə çox mədəni insan idi. Nə deyim, sənətkarlar bir-bir aramızdan gedir. Allah rəhmət eləsin. Nə yaxşı ki, mənim bu adlarını çəkdiyim sənətkarlarla münasibətim olub. Hərəsi muğam sənətimizdə bir tarix qoydu.

 

***

 

Bu gün Qaraxan Behbudovun ifaları muğam sənətimizin səs inciləri sırasındadır. Heydər Əliyev Fondunun nəşr etdirdiyiMuğam ensiklopediyası”nda Qaraxan Behbudov haqqında da məlumat, sənəti barəsində yüksək fikirlər yer alıb. Sənətkarın işıqlı xatirəsi qəlblərdə əbədi yaşayacaq.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 27 noyabr.- S.5.