Azərbaycan Ordusu öz torpaqlarında vuruşur
Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. Prezident İlham Əliyev bunu Almaniya Kansleri Angela Merkel ilə telefon söhbəti zamanı bildirib.
Dövlətimizin başçısı Almaniya Kanslerini Ermənistanın hərbi təxribatı və Azərbaycan tərəfinin əks-hücum əməliyyatı barədə məlumatlandıraraq qeyd edib ki, yaranmış vəziyyətdə hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi son olaylarla bağlı BMT-nin də gündəminə gəlib. Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurası məsələni qapalı iclasda müzakirə edib. BMT TŞ Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı münaqişəni dərhal dayandırmağa, gərginliyi azaltmağa və gecikmədən danışıqlara geri qayıtmağa çağırıb.
Sentyabrın 28-də isə BMT-nin Baş katibi Antonio Quterreş ilə Azərbaycan Prezidenti arasında videokonfrans formatında görüş olub. Baş katibin təşəbbüsü ilə gerçəkləşən görüşdə Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi özünümüdafiə məqsədilə əks-hücum əməliyyatları həyata keçirir.
Dövlətimizin başçısı bildirib ki, Ermənistan rəhbərliyi indiyədək atdığı addımları ilə şüurlu şəkildə danışıqlar prosesini pozub. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.
Azərbaycan Prezidenti son olaylarla bağlı ölkəmizin prinsipial mövqeyini sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə telefon söhbətində də diqqətə çatdırıb.
Ermənistanın son hərbi təxribatı üzündən cərəyan edən hadisələrlə bağlı Azərbaycana ilk andan dəstəyini ifadə edən dövlət isə Türkiyə Cümhuriyyəti olub.
Sentyabrın 27-də Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng edərək Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib. Ərdoğan həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirən
dövlətimizin başçısı cəbhə xəttində
baş verən hadisələrin gedişi barədə məlumat verib.
Mədəniyyət.- 2020.- 1
oktyabr.- S.1.