İCESCO işğalçı ölkəni
beynəlxalq hüquqa riayət etməyə
çağırır
Ermənistan işğalçı qüvvələrinin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutması və Azərbaycan Ordusunun buna cavab tədbirləri beynəlxalq birliyin diqqətini yenidən bu problemə yönəldib. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO da məsələyə münasibət bildirib.
İCESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasından verilən məlumata görə, təşkilatın yaydığı açıqlamada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son inkişaf dinamikasından, eləcə də arxeoloji, tarixi məkanların, məscid və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlıq ifadə olunur. İCESCO münaqişə tərəflərini son dərəcə təmkinli davranmağa, dialoqa və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da daxil olmaqla, bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş qərarlara əməl etməyi zəruri sayır.
İCESCO həmçinin BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini
Ermənistana xatırladaraq, tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə,
tarixi və mədəni hüquqlara
hörmət etməyə, beynəlxalq humanitar
yardımın bölgəyə maneəsiz daxil olmasına imkan verməyə
və region ölkələri arasında
barışıq, mehriban qonşuluq
və konstruktiv əməkdaşlığı
möhkəmləndirməyə çağırır.
Mədəniyyət.- 2020.- 1
oktyabr.- S.2.