Anar Kərimov RusiyaKolumbiya səfirləri ilə görüşüb

 

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.

 

Görüş zamanı bu ilin noyabr ayında keçiriləcək XIX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “fəxri qonaq ölkə” qismində iştirakı, tədbir çərçivəsində Azərbaycan xalçalarının nümayişi, rəqs ansamblının çıxışı ilə bağlı müzakirə aparılıb. Həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin Moskvadakı heykəlinin bərpası, dekabr ayında Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 illik yubileyinin keçirilməsi, gənclər sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

 

Görüşdə Azərbaycan və Rusiya arasında ikiillik mədəni əməkdaşlıq proqramı, Ermitajda Azərbaycan zalının açılması, regionlararası əməkdaşlıq forumunun keçirilməsi, Bakı Beynəlxalq Humanitar Forumu və Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın iştirakı, Rusiyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Anar Kərimov anti-Azərbaycan mövqeli erməni filminin Moskva Beynəlxalq Kinofestivalının proqramından çıxarılmasının bunun təzahürü olduğunu bildirib.

 

***

 

Anar Kərimovun Kolumbiya Respublikasının ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas ilə görüşündə də gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında əlaqələrin təşviqi və perspektivləri barədə müzakirə aparılıb. Anar Kərimov Kolumbiya tərəfini ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət edib.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən diplomat Azərbaycanla Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, gələcəkdə də birgə musiqi festivallarının, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

 

Görüşdə sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar xalqımıza başsağlığı verilib.

 

Hər iki səfir ilə görüşdə Anar Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutaraq təcavüzkar siyasətini davam etdirdiyini, Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi zərbə vurduğunu diqqətə çatdırıb, ölkəmizin haqq işi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirməsi ilə bağlı inamını ifadə edib.

 

Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.2.