13 yaşlı musiqiçinin böyük arzuları vardı...

 

 

Xəbər verildiyi kimi, Ermənistan işğalçı qüvvələrinin Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndini atəşə tutması nəticəsində Qurbanov Elbrus İsa oğlu və 4 ailə üzvü – həyat yoldaşı, gəlini və iki nəvəsi faciəli şəkildə həlak olub. Həyatını itirənlərdən biri Gəncə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Naftalan şəhər Uşaq musiqi məktəbinin qarmon ixtisası üzrə IV sinif şagirdi, şəhid kapitan Vaqif Bayramov adına “Vətənpərvərlər” qrupunun üzvü 13 yaşlı Şəhriyar Nadir oğlu Qurbanovdur.

 

Şəhriyar 2018-2019-cu illərdə Gəncə Qarnizonu Zabitlər evinin təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda keçirilən müsabiqədə, üzvü olduğu “Vətənpərvərlər” qrupu isə respublika müsabiqəsində birinci olub. O, həmçinin 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin iştirakçısı olub və fəxri fərmana layiq görülüb.

 

Qeyd edək ki, düşmənin Qaşaltı Qaraqoyunlu kəndini atəşə tutması nəticəsində həlak olan daha bir yeniyetmə 2006-cı il təvəllüdlü Fidan Elşən qızı Qurbanovadır.

 

Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.2.