İşğalçı qüvvələr mülki şəxsləri hədəf alıb

 

 

15 nəfər həlak olub, 49 nəfər yaralanıb

 

Baş Prokurorluğun mətbuat xidmətindən sentyabrın 30-da verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə (sentyabrın 27-dən başlayaraq) mülki əhalidən 49 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 15 şəxs isə həlak olub.

 

Ermənistan hərbi birləşmələri rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

 

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evinə, həmçinin, 26 mülki obyektə, o cümlədən Tərtər şəhərində Xalça-toxuculuq fabrikinə, Ağdam rayonunun Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonu, Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb.

 

Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.2.