“Xəzərin dalğaları”nda ustad dərsləri davam edir

 

Xəbər verdiyimiz kimi, “Xəzərin dalğaları” I Bakı Beynəlxalq Sulu boya Festivalı çərçivəsində təşkil olunan ustad dərsləri davam edir. Növbəti virtual ustad dərsini Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin (İWS Azerbaijan) sədr müavini, rəssam Səbinə İskəndər aparıb.

 

Rəssam əvvəlcə Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycanda fəaliyyəti barədə söz açıb. O daha sonra “Dəniz kənarında təknə” rəsmini ərsəyə gətirib.

 

Akvarel həvəskarları ustad dərsini sentyabrın 25-də saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, instagram-@xetaisenetmerkezi) üzərindən canlı yayımla izləyiblər. Canlı yayıma qoşula bilməyənlər Azərbaycan Dövlət Rəsm Qalereyası www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytlarına daxil olmaqla, həmçinin “Facebook”, “İnstagram” və “YouTube” üzərindən sənət dərsini izləyə bilərlər.

 

Qeyd edək ki, festival çərçivəsində ustad dərslərinin növbəti qonağı rəssam Pərviz Əliyev olacaq.

 

Xatırladaq ki, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzi tərəfindən təşkil olunan festival “Könüllülər ili”nə həsr edilib.

 

Mədəniyyət.- 2020.-  1 oktyabr.- S.5.