Avropa İrs Günləri” Azərbaycanda da qeyd olunur

 

 

Sentyabrın 24-dən oktyabrın 4-dək “Avropa İrs Günləri” layihəsi çərçivəsində mədəni irsimizin təbliği məqsədilə maarifləndirici tədbirlər təşkil olunacaq. Rayon-şəhər icra hakimiyyətləri ilə birgə respublika ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin ətrafında təmizlik, abadlıq işləri aparılacaq, həmçinin tarix-mədəniyyət qoruqlarında mədəni irsin mühafizəsi və təbliğinə həsr olunmuş vebinarlar təşkil olunacaq.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, planlaşdırılan tədbirlər növbəli şəkildə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərar və tövsiyələri əsasında, müəyyən edilmiş sanitar-epidemioloji normalara uyğun formada keçiriləcək.

 

Qeyd edək ki, hər il sentyabr-oktyabr aylarında Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olanAvropa İrs Günləri” çərçivəsində silsilə tədbirlər keçirilir. “Avropa İrs Günləri” qitə sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçiləri mədəni irs obyektlərinə cəlb etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və milli mədəni irsi təbliğ etməkdir. Pandemiya zamanına təsadüf edən builkiAvropa İrs Günləri” çox mühümaktual bir məsələyə – “İrs və təhsil” mövzusuna həsr edilib.

 

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu təşkilat tərəfindən mədəniyyət sahəsində həyata keçirilən layihələrdə daha da fəal iştirak etməyə başlayıb. 2010-cu ildən etibarən “Avropa İrs Günləri” layihəsinin ölkə üzrə milli koordinatorluğu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

 

Mədəniyyət.- 2020.-  1 oktyabr.- S.6.