Şəhərlərin yaraşığında
izi qalan memar
Milli memarlığımızın
təşəkkülü və inkişafında böyük əməyi olan görkəmli sənətkarlardan biri də Əməkdar memar, Şərq Ölkələri Beynəlxalq
Memarlıq Akademiyasının
vitse-prezidenti, akademik Tələt Xanlarovdur. Sənətkarın özünəməxsus yaradıcılıq
əsərləri bu gün də şəhərlərimizə yaraşıq
verir. Onun layihələri XX əsrin ikinci yarısından etibarən
Azərbaycan memarlığının
simasını müəyyənləşdirən
memarlıq nümunələri
hesab edilir.
Tələt Ağası bəy oğlu Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində
ziyalı ailədə
dünyaya göz açıb. Atası Sankt-Peterburq Universitetinin
Hüquq fakültəsində,
anası Sara xanım isə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Ağası bəy 37-ci il repressiyası
vaxtı həbs olunub və sürgündə vəfat
edib.
Tələt Xanlarov Azərbaycan Politexnik İnstitutuna daxil olur, 1956-cı ildə təhsilini başa vurur və təyinat üzrə “Azərdövlətlayihə”
İnstitutunun birtipli layihələr emalatxanasında
işə başlayır. O, 1963-cü ildə
həmin institutun 2 nömrəli memarlıq-planlaşdırma
emalatxanasının rəhbəri
təyin edilir. Bundan sonra o daha ciddi
layihələrə imza
atır. İlk olaraq
Bakı şəhərində
Azərbaycan Statistika İdarəsi Hesablama Mərkəzinin binasının
layihəsini hazırlayır.
Onu da qeyd edək
ki, həmin vaxtlar Azərbaycanın bir qrup aparıcı
memarı (V.İ.Qədimov,
Y.M.Kozlov, Ş.R.Zeynalova)
Bakı metropoliteninin
ilk stansiyalarının layihələndirilməsinə
başlamışdılar. Spesifik, çox çətin imtahandan uğurla çıxan bu memarlar arasında T.Xanlarov da vardı.
Memarların məhsuldar əməyi
hökumət tərəfindən
yüksək qiymətləndirilir,
onlar Dövlət mükafatına layiq görülürlər.
Həmin dövrdə T.Xanlarovun yaradıcılığı çoxşaxəli
və geniş diapazonu ilə diqqət cəlb edir. O, eyni dərəcədə
uğurla yaşayış
evləri, mehmanxanalar,
kinoteatrlar, musiqi məktəbi, turist bazası, pionerlər sarayı və idman komplekslərini layihələndirir.
T.Xanlarov maraqlı layihələri
ilə yanaşı, dövri mətbuatda Azərbaycan memarlığı
qarşısında duran
problemlərə dair bir sıra elmi-nəzəri
məqalələrlə çıxış
edir. Eyni zamanda “Sovet
Azərbaycanın memarlığı”
(Ə.Salamzadə ilə
birlikdə) və “M.Hüseynov” (Y.Əliyevlə
birlikdə) adlı
nadir biblioqrafik kitabları
işıq üzü
görür.
Tanınmış memarın çoxsaylı
layihələri arasında
ömrünün son 15 ilində
yaratdığı əsərlər
diqqət çəkir:
Bakı İdman Sarayı, metronun “Memar Əcəmi” stansiyası, Sumqayıt şəhərində “Kimyaçı”
Mədəniyyət sarayı,
A.Zeynallı adına Musiqi Texnikumunun binası və s. Bu binaların hamısında
Xanlarov üslubunun təkmilləşməsi və
inkişafı aydın
surətdə öz təzahürünü tapıb.
Bakı İdman Sarayının bədii simasının əsasını sərt texnoloji və həcm-konstruktiv həllin
uzlaşması, zəngin
milli memarlıq ənənələrindən istifadə
təşkil edir.
“Memar Əcəmi”
metro stansiyası o dövrdə
Bakı Metropoliteni tikintisinin yeni, ikinci növbəsinin sonuncu stansiyası olub. Dayaz tipli olan bu stansiya memarlıq-planlaşdırma
quruluşunun sadəliyi
və yığcamlığı
ilə seçilir.
Onun yerüstü pavilyonu ciddi simmetrik həcm-fəza həlli ilə xarakterizə olunur.
T.Xanlarov layihələri bir qayda olaraq müəllifinin dərin təxəyyülünü əks etdirir. Azərbaycan memarlığının xarakterik elementləri və ənənəvi kompozisiyaları, səriştə və incə bədii zövqlə açıqlanması Naxçıvan şəhərində “Təbriz” mehmanxanası və Sumqayıtda “Kimyaçı” Mədəniyyət sarayının binası kimi monumental tikililərin memarlıq-konstruktiv və plastik həllində özünü göstərir.
1992-ci ildə Bakıda Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının yaradılması memarlar üçün mühüm hadisə oldu. Akademiyanın ilk prezidenti akademik Mikayıl Hüseynov, vitse-prezidentlərdən biri isə akademik Tələt Xanlarov seçilir. Həmin ildə görkəmli memarın yaradıcılıq emalatxanası təşkil olunur.
İti zəkaya, incə bədii zövqə, habelə fərdi və sənətkarlıq məziyyətlərinə malik Tələt Xanlarov 14 yanvar 2004-cü ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.6.