“Türkiyə bütün
qəlbi və canı ilə Azərbaycanın
yanındadır”
Təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlar həyata keçirməsi bu dövlətin terrorçu mahiyyətini, onun hərbi-siyasi rəhbərliyinin cinayətkar xislətini ortaya qoyur. Sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı qüvvələrə qarşı əks-hücum əməliyyatının başlaması qardaş Türkiyədə də böyük coşqu doğurub.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri, tanınmış diplomat Hulusi Kılıçın sözlərinə görə, bu günlər Türkiyə Azərbaycandakı savaşı, demək olar ki, onunla birlikdə yaşayır: “Rəsmilərimiz, millət vəkillərimiz, siyasi partiyalarımız, televiziyalarımız, mətbuatımız, qeyri-hökumət təşkilatlarımız və bütövlükdə cəmiyyətimizin fikri, düşüncəsi bu an Azərbaycandadır”.
Diplomat bildirdi ki, iki ölkənin bugünkü birliyi tarixi qardaşlıq əlaqələri üzərində təşəkkül tapıb: “Türkiyə ilə Azərbaycanın sarsılmaz əlaqələrinin tarixi keçmişi var. Birinci Dünya müharibəsində, 1915-ci ildə Çanaqqala savaşı zamanı Azərbaycan türkləri Osmanlı döyüşçüləri ilə bir səngərdə vuruşublar. Çanaqqala uğrunda yüzlərlə azərbaycanlı şəhid olub, Çanaqqalada onların şərəfinə abidə də qoyulub. 1918-ci ildə Azərbaycan istiqlalını elan edəndən sonra erməni daşnakları “Böyük Ermənistan” xəyalı ilə Azərbaycan torpaqlarını ələ keçirmək iddiasında idi, Azərbaycan Cümhuriyyətinə qarşı savaşa başlamışdılar. O zaman da Azərbaycan Osmanlıdan dəstək istədi. Osmanlının göndərdiyi Qafqaz İslam Ordusu Nuru paşanın rəhbərliyi altında Azərbaycanın yeni yaranan hərbi qüvvələri ilə birlikdə Bakı erməni daşnaklarından və bolşeviklərdən azad edildi. Bundan başqa, 1921-ci ildə Türkiyənin Qurtuluş savaşı zamanı Sakarya qələbəsində Azərbaycan türklərinin xidməti var. Çox yaxşı olardı ki, Azərbaycan və Türkiyə gəncliyi bu tarixi faktları yaxşı öyrənsin”.
H.Kılıç iki qardaş ölkə arasında əlaqələrin bu il iyulun 12-də Azərbaycanın sərhəd rayonu olan Tovuza Ermənistan tərəfindən edilən hücumlardan sonra daha da intensivləşdiyini diqqətə çatdırdı: “Azərbaycanla Türkiyənin həmrəyliyinin, birliyinin daha da güclənməsi regiondakı ölkələrlə yanaşı, imperialist gücləri də əndişələndirir ki, onlar da səfalət içində olan təxribatçı Ermənistandan bu məsələdə alət kimi istifadə edirlər. Ermənistan hər zaman yaratdığı təxribatları ilə mövcud olub və bundan hər zaman kənar qüvvələr də yararlanıb. Amma hazırda Türkiyənin də dəstəyi sayəsində Azərbaycanın qüdrətli bir ordusu var. Azərbaycan 30 ilə yaxın dialoq yolu ilə bu problemin həllinə çalışdı. Amma ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya, Fransa erməni diasporunun ən güclü olduğu ölkələr – indiyədək Qarabağ problemini həll etmədi. Azərbaycan, inşallah, işğal altındakı tarixi torpaqlarını geri alacaq. Türkiyə ilə Azərbaycan ən çətin anında bir-birinin yanında olur. Bir-birimizə can borcumuz var. Ona görə də bu haqq işində Türkiyə tam qəlbi və canı ilə Azərbaycanın yanındadır. Bu ədalətli mübarizəsində Azərbaycanın qalib olacağına əminəm”.
Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu isə Azərbaycan Prezidenti İlham Əliyevin sərgilədiyi qətiyyətli mövqe və Türkiyə dövlətinin qardaşlıq dəstəyini tarixi hadisə kimi dəyərləndirdi: “Dünya ictimaiyyəti susduqca Ermənistan harınlayır və bu səbəbdən terrorçuluq fəaliyyətlərini davam etdirir. Bütün sülhsevər dünya ictimaiyyəti bu münaqişənin yaratdığı gərginliyə cavabdehdir. Artıq Ermənistana “təcavüzkarlığını dayandır!” deməyin vaxtı çatıb. Dünyada və bölgədə sülhə və sabitliyə nail olmaq üçün ədalətin bərpası tələb edilir. Qarabağda ədalət bayrağı qaldırılmalı, beynəlxalq hüquq öz gücünü göstərməlidir. Qarabağ əzəli Azərbaycan torpağıdır. Təcavüzkar Ermənistan işğal etdiyi bu torpaqlardan BMT-nin qərarları əsasında dərhal çıxmalı və təzminat ödəməlidir. Otuz ildir ayaqlar altına salınmış beynəlxalq hüquq öz gücünü göstərməli, sülhsevər dünya Azərbaycanın yanında olmalıdır”.
Türkiyə Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba da hər zaman qardaş Azərbaycanın yanında olduqlarını bildirdi: “Buradan bir daha bildirirəm ki, qardaş Azərbaycan xalqının həqiqətən sahib olduğu və beynəlxalq qanunlarla tanınan bütün hüquqlarnı müdafiə edirik. “Tək millət, iki dövlət” anlayışımızla, canımızla, qanımızla və bütün varlığımızla can Azərbaycanın yanındayıq. Dualarmız və dəstəklərimiz Sizinlədir azərbaycanlı can qardaşlarımız”.
Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə hücumunu beynəlxalq səviyyədə qınaq və konkret tədbirlər tələb edən cinayət adlandırır: “Türkiyə dövləti və xalqı bütün imkanları ilə Azərbaycanın yanındadır və sülhsevər dünya ictimaiyyətini bu məsələdə ədalətli mövqe nümayiş etdirməyə dəvət edirik. Türkiyə dövləti, o cümlədən Türkiyə Böyük Millət Məclisinin Azərbaycana qardaşlıq münasibəti əbədiyyətə qədər davam edəcək”.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 1
oktyabr.- S.8.