“Türkologiyanın bu
günü və sabahı” adlı videokonfrans keçirilib
1870-ci il sentyabrın 24-də Avropa ali məktəbləri arasında ilk Türkologiya kafedrası Macarıstanın Budapeşt Universitetində yaradılıb. Bu münasibətlə Avropada ilk Türkologiya kafedrasının yaradılmasının 150 illiyinə həsr olunmuş “Türkologiyanın bu günü və sabahı” adlı videokonfrans keçirilib.
Onlayn tədbiri açıq elan edən Macarıstanın Györg Hazai Fondunun rəhbəri Sesilia Hazai Budapeşt Universitetində yaradılan ilk Türkologiya kafedrasının türk xalqlarının zəngin mədəniyyətinin qorunması istiqamətində mühüm əhəmiyyət daşıdığını bildirib. S.Hazai türkologiyanın müxtəlif Avropa ölkələrində inkişafından, bu sahəyə beynəlxalq müstəvidə gənclərin cəlb olunmasından, türkdilli xalqların mədəni-mənəvi sərvətinin Avropada tanınması istiqamətində görüləcək işlərin vacibliyindən danışıb.
Videokonfransda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında ilk Türkologiya kafedrasının yaradılmasının həm Macarıstanın, həm də türkdilli xalqların həyatında iz qoyan, elmi və mədəni inkişaf baxımından xüsusi əhəmiyyət daşıyan hadisə olduğunu vurğulayıb. Türkologiya kafedrası vasitəsilə 150 il boyunca beynəlxalq aləmdə elmə töhfəsini verən tədqiqat sahələrinin yaradıldığı, tanınmış türkoloqların yetişdirildiyi qeyd olunub.
G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən, xarici ölkələrdə təşkil edilmiş konfranslardan, türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək tədbirlərdən söz açıb.
Fondun prezidenti Macarıstanın təşkilatın müşahidəçi ölkəsi olduğunu qeyd edərək, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində birgə təşkil edilməsi planlaşdırılan proqram və layihələrindən də danışıb.
Tədbirdə həmçinin
Macarıstanın Şərqşünaslıq İnstitutunun direktoru və
Budapeştin Eötvös
Lorand Universitetinin
Türkşünaslıq kafedrasının müdiri
Benedek Peri, Vyana Universitetinin professoru Claudia Römer, Birmingham Universitetinin professoru Rhoads Murphey, Venesiyanın Ca ’Foscari Universitetinin
professoru Elisabetta Ragagnin, Nur-Sultan şəhərinin
Nazarbayev Universitetinin Qazax və türk dili
araşdırmaları kafedrasının müdiri
Uli Şamiloğlu, İstanbul Universiteti Türk dili və ədəbiyyatı
kafedrasının müəllimi Mücahit
Kacar və başqa
mütəxəssislər türkologiyanın gələcək
inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Mədəniyyət.- 2020.- 1
oktyabr.- S.8.