“Salam, yetmiş
yaşım...”
Şair Musa Ələkbərlinin
yubileyinə
Ünlü söz adamı, şair Musa Ələkbərlinin bu il 70 yaşı tamam oldu. 1950-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində doğulmuş, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş şair 50 ildən çoxdur ki, poeziya ilə yaşamaqda, sözü yaşatmaqdadır.
“Şur” nəşriyyatının direktoru, “İncəsənət” qəzetinin baş redaktoru olan Musa Ələkbərlinin ədəbi yaradıcılığı haqqında zaman-zaman xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, akademik Nizami Cəfərov, professorlar Vaqif Yusifli, Kamran Əliyev və digərləri dəyərli fikirlər söyləmişlər.
Musa Ələkbərli üçün şeir bir ülviyyət ünvanı, paklıq meydanıdır, ötəri hiss deyildir. O, yaradıcılığı boyunca sözə qafiyə vasitəsi kimi baxmamış, sözə o qədər məsuliyyətlə, zərifliklə, həssaslıqla yanaşmışdır ki, yersiz ola biləcək bir misranı belə qafiyə xətrinə şeirə yükləməmişdir. Sözü də canlı saydığındandır ki, söz onun poetik ordusunun əsgəri və sərkərdəsidir.
Hələ uşaqlıqdan ellik sevinci, ellik ünsiyyəti-ülfəti görən şair bu saflığa o qədər bağlıdır ki, şəhərdə də bu duyğunun sorağındadır. Həyat əlifbasını doğma kəndində öyrənmiş qələm sahibi kənddən məsafəcə uzaqlaşsa da, bu istək onunla bir sirdaş, həmdərd kimidir.
Vətəndaşlığı insani kimlik sayan şair üçün naqislik adına nə varsa, onlar sadəcə olaraq yamanlıq damcılarıdır. Bütün bu damcılar nə qədər olsa belə, yaxşılıqlar önündə cılızdırlar.
Musa Ələkbərli vətəndaşlıq
mövqeyinə mənəvi zərurət kimi
yanaşır. Onun şeriyyətinin
özəyində duran əsas məqamlardan
biri məhz vətəndaşlıq borcudur. Elə bir borc ki,
o borc bir toplu kimi həyatın
özüdür. Orda vətənsevərlik, yurda bağlılıq, dilə həssaslıq və s. cəmlənib.
Bu borc naminə insan hər mübarizəyə hazırdır...
Ana dilinə milli
qürur kimi yanaşan şair bu dildə birlik
himni eşitmək istəyir. Elə bu istəklə də o, “Professor Fərhad
Zeynalova” şeirində
yazır:
Gördüm heç vaxt doğranmayıb,
dilim-dilim mənim
dilim.
“Haralısan” kəlməsini
daşa basdım.
Böyüklüyün və birliyin
Himninə mən qulaq asdım...
Əgər məhəbbət sevdalı
şeirlərində Musa Ələkbərli
eşqə xas olan, məhəbbətin üzdə görünən
və görünməyən
incəliklərinə baş
vurursa, bütövlükdə
doğma yurd motivli şeirlərində
o, içdən gələn
diləklərini misralaşdırır.
Onun şeirlərində içdən
gələn duyğuların
sızıltılı ifadələri
də az
deyil. Bu ifadələrdə
həm də bir daxili qəzəb
hissi sezilməkdədir:
Bu boyda göz yaşı tökən millətin,
Bəs niyə
ikinci Xəzəri yoxdur?!
1990-cı
ilin qanlı, şəhidli yanvar günləri şairə
həm də “Neynədin” şeirini yazdırmışdı:
İndi
Bakım şəhidlərin
şəhəri,
Necə
udum mən bu dərdi, qəhəri...
Yurd, torpaq təəssübkeşliyi, insanlığa
çağırış Musa Ələkbərli poeziyasının
üzdə olan, daha aparıcı hissəsidir. Şair bu axarda öz məninə söykənir, öz arzu və istəklərini
ifadə edir. Onun ilhamının qanadlandığı
bu ünvanlar dərin məna yüklü fikirləri, əsl vətəndaşlıq
hisslərini təzahür
etdirir. O sanki bununla kimliyini işarə verir, özünə xas olan insanlıq keyfiyyətlərini ortaya qoyur. Bu mövzudakı
şeirlərində vətəndaşlıq
təpəri aşkar
duyulur.
Musa Ələkbərli şeirlərinin özəlliklərindən
biri də onun öz xarakter
tərzidir. Bu tərz
şeirlərinə də
hopmuşdur. Məhəbbət şeirlərində lirik pıçıltılar, təbiət
şeirlərində vəsf
təbiiliyi varkən,
vətəndaşlıq münasibətlərində
isə cəsarətli
mövqeyi aydınlığı
ilə görünür.
Bir sıra şeirlərinə
bəstəkarların nəğmələr
bəstələdiyi, 70 yaşını
salamlayan şairin bədii nümunələri
həm də aşıqlar tərəfindən
həvəslə ifa olunur:
Salam, yetmiş yaşım, ay üzü nurlum,
Ömrümə-günümə xoş gəldin, salam.
Ay sevda həvəslim, şeir qürurlum,
Yadıma
saldın ki, mən ağsaqqalam...
Etibar ƏLİYEV
Gədəbəy Aşıq Musiqisi
Məktəbinin direktoru
Mədəniyyət.- 2020.- 1
oktyabr.- S.7.