75 yaşlı Cavan
“İnanıram ki, tezliklə böyük qələbə xəbərinin sevincini yaşayacağıq”
O ifaları ilə insanlara həmişə pozitiv anlar, xoş aura bəxş edir. Səmimi, sadə və sadə olduğu qədər də peşəkar musiqiçi, Xalq artisti, tanınmış cazmen Cavan Zeynallıdan bəhs edirik. Həyatını musiqiyə, xüsusilə də caza həsr edən sənətkar məşhur “Qaya” ansamblı ilə, eləcə də unudulmaz Rəşid Behbudovla birgə Azərbaycan Dövlət Mahnı Teatrının solisti kimi dünyanın müxtəlif ölkələrində musiqi mədəniyyətimizi layiqincə təmsil edib.
Tamaşaçıları həmişə onun yüksək səviyyəli musiqisindən, professional caz ifaçılığından zövq alıblar. O həm də özünəməxsus səs tembri, ifa tərzi ilə böyük pərəstişkar kütləsi qazana bilib.
Cavan Zeynallı (Cavanşir Mirzəməmməd oğlu Zeynallı) 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlib. Anası Şəfiqə Məcidova opera müğənnisi olub. Cavanın musiqi sahəsinə meyilli olmasının əsas səbəblərindən biri də ailə mühiti ilə bağlı olub. İlk olaraq 7 illik musiqi məktəbini, 1967-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunu bitirən Cavan həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Vokal fakültəsinə qəbul olunub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist, 1976-cı ildən isə Azərbaycan Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə “Qaya” Dövlət Ansamblının solisti olub. Bu ansamblla birgə bir çox xarici ölkələrə qastrol səfərinə gedib, Azərbaycan estrada sənətini uğurla təmsil edib. Cavan Zeynallı bu gün də öz fərqli üslubu və əsl sənət məktəbi ilə tamaşaçıların görüşünə gəlir. Mütəmadi olaraq televiziya proqramlarında, müxtəlif caz layihələrində musiqisevərlərin könlünü oxşayır.
Sentyabrın 29-da 75 yaşını qeyd edən sənətkarla bir neçə gün öncə əlaqə saxlayıb yubileyi ilə bağlı yazı hazırlayacağımızı dedik. Cavabı isə belə oldu: “Xahiş edirəm, “yubiley” kəlməsini qeyd etməyin. Bilirsiniz ki, mən, ümumiyyətlə, təmtərağı, xüsusi yubileyi, diqqət mərkəzində olmağı sevmirəm. Normal, adi insan kimi növbəti doğum günlərimdən biridir. Bu günə kimi yaşımla, yubileyimlə bağlı məsələləri qabartmamışam. Bəlkə də xalq məni buna görə sevir. Bəzən mənə yolda-küçədə, “sənətkar, necəsən, biz səni çox sevirik”, – deyə müraciət edəndə bu səmimi iltifat mənə çox təsir edir, bəzən hətta tez təşəkkür edib uzaqlaşmağa çalışıram”.
Ermənistanın növbəti hərbi təxribatı ilə əlaqədar ölkəmizdə hərbi vəziyyət elan ediləndən sonra sənətkar özü bizə zəng edərək Vətənimiz üçün belə həssas bir məqamda onun haqqında xüsusi yazı yazmağa ehtiyac olmadığını dedi: “Yubileyi bayram fonunda qeyd etməyin özü də bir xoşbəxtlikdir və inanıram ki, bu bayram əhvalını yaşamaq tezliklə bizə nəsib olacaq. Hadisələr başlanan gündən gecələr yatmıram, əsgərlərimiz, ordumuz üçün dua edirəm, mülki insanların taleyi məni narahat edir. Hər birimiz bu gün Ali Baş Komandanın ətrafında birləşməli, ordumuzun yanında olmalıyıq. Onu da qeyd edim ki, çox vaxt məni efirlərə dəvət edəndə daha şən və mətni yüngül olan caz kompozisiyaları ifa etməyi xahiş edirlər. Mənim repertuarımda isə vətənpərvərlik və mətni düşündürücü olan mahnılar da var, əfsus ki, son zamanlar həmin mahnıları o qədər də geniş kütləyə təqdim etmək imkanım olmayıb. İnanıram ki, bu sevindirici xəbərlərin davamı olacaq və biz tezliklə böyük qələbə xəbərinin sevincini hamılıqla yaşayacağıq”.
Cavan müəllim söz verdi ki, qələbə xəbəri və ordumuzun xoş müjdələrindən sonra bizimlə görüşüb sənətdən və həyatının maraqlı məqamlarından bəhs edən gözəl bir müsahibə ilə oxucularımızın görüşünə gələcək.
Qısa telefon söhbətimiz zamanı özünəməxsus yumorundan qalmayan sənətkar sözarası zarafatlarından da qalmadı: “Koronavirus yayılan vaxtdan bu günə kimi məni görən hər kəs ənənəyə uyğun olaraq “tı moy rodnoy”, öpürəm” deyib yaxınlaşmaq istəyəndə deyirəm: “Neynirsiz? Pandemiyadır. Olmaz. İndi bir “tı moy rodnoy”a görə bizi cərimə edərlər”.
Tanınmış cazmen yubileyi ilə bağlı onu yada saldığımıza görə qəzetimizin kollektivinə təşəkkürünü bildirdi. Biz də redaksiya olaraq sənətkara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
LALƏ
Mədəniyyət.- 2020.- 1
oktyabr.- S.5.