Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev mərkəzlərinin rolu

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Samux və Lənkəran Heydər Əliyev mərkəzlərinin təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-də “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev mərkəzlərinin rolu” adlı onlayn konfrans keçirilib.

 

Konfransda Yevlax, İsmayıllı, Quba, Şabran, Astara, Zaqatala, Balakən, Tovuz, Salyan, Masallı, Ağdam, Abşeron, Yardımlı, Beyləqan, Ucar, Siyəzən, Qəbələ, Qusar, Lerik, Qaradağ, Oğuz, Şəmkir, Qax, Cəlilabad, Ağdaş, Ağstafa, Daşkəsən, Gəncə, Göygöl, Zərdab, Bərdə, Sabirabad, Xızı, Qazax və Kürdəmirdəki Heydər Əliyev mərkəzlərinin rəhbərləri iştirak ediblər.

 

Samux rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova konfransı açaraq diqqətə çatdırıb ki, şəhər və rayonlarımızdakı Heydər Əliyev mərkəzləri ulu öndərin zəngin dövlətçilik irsinin,  eyni zamanda Azərbaycan mədəniyyətinin fəal təbliğatçılarıdır.

 

Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyət siyasəti, nazirliyin strukturuna daxil olan müəssisələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə aparılan islahatlar barədə danışıb. Y.Hüseynli ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri və muzeylərinin fəaliyyətinin əlaqələndirilməsi üçün nazirlik tərəfindən portalın yaradıldığını diqqətə çatdırıb, bu xüsusda mövcud vəziyyət və perspektivlər haqqında fikirlərini bölüşüb.

 

AMM-in direktoru Samir Abbasov ölkəmizin qazandığı nailiyyətlər, Azərbaycanla bağlı tarixi həqiqətlərin, mədəni irsimizin təbliğində Heydər Əliyev mərkəzlərinin rolundan söz açıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə mədəniyyətinə böyük qayğı göstərildiyini, dünyanın aparıcı ölkələrində mühüm layihələrin həyata keçirildiyini, Azərbaycan mədəniyyəti günlərinin təşkil edildiyini deyən S.Abbasov AMM-in ötən 10 ildə bu istiqamətdə gördüyü işlər barədə də məlumat verib. Direktor AMM-in layihəsi ilə Özbəkistanın müxtəlif ali məktəblərində yaradılan ədəbiyyat və mədəniyyət ocaqları, özbək mətbuatı ilə sıx əməkdaşlıq, Azərbaycana təşkil olunan mediaturlar, nəşr layihələri, konfranslar, dostluq konsertləri, Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi və s. işlər barədə məlumat verib.

 

Sonra şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərinin direktorlarının çıxışları dinlənilib. Elza Orucova (Qubada Heydər Əliyev Mərkəzinin direktoru), Reyhanə Sadıxova (Lənkəran), Mail Fərəcov (İsmayıllı), Təvəkkül Əliyev (Şabran), Kübra Səmədova (Astara), Famil Rəhimov (Zaqatala), Ləman Balayeva (Balakən), Humay Aslanova (Tovuz), Dürriyə Seyidova (Kürdəmir), Nübar Bayramova (Salyan) Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilən layihələr, dövlət siyasətinin, milli mədəniyyətimizin təbliği istiqamətində görülən işlərə dair məruzələr ediblər.

 

Konfrans iştirakçıları ümummilli liderin ideyaları, onun müstəqil Azərbaycanın memarı kimi müstəsna xidmətləri, Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığının möhkəmləndirilməsində xidmətləri barədə fikirlərini də bölüşüblər. Çıxışlarda AMM-in təşəbbüsü ilə Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirildiyi, Lənkəran və Buxara şəhərləri arasında da bu cür layihəyə start verildiyis. barədə məlumat verilib.

 

Sonda Samir Abbasov gələcək əməkdaşlıq və birgə layihələrə dair təkliflərini səsləndirib və bu istiqamətdə gələcəkdə Heydər Əliyev mərkəzləri arasında birgə planının təsdiq edilməsinin vacib olduğunu söyləyib. O, göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

 

Konfransın yekununda Samux rayonundakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin Özbəkistandakı Heydər Əliyev adına AMM-in 10 illiyi münasibətilə hazırladığı təbrik videoçarxı nümayiş etdirilib.

 

 Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.4.