Kitabxanaşünaslığa həsr olunan alim ömrü

 

Professor Xəlil İsmayılov: “Kitabxana işini inkişaf etdirmək üçün ilk növbədə gənclərə bu sahəni sevdirmək lazımdır”

 

Bəşər sivilizasiyasının inkişafında kitab mədəniyyətinin mühüm rolu var. Kitabı öyrənmək, kitaba xidmət elə xalqa xidmət deməkdir. Azərbaycanda kitabxanaşünaslıq sahəsində aparıcı mütəxəssislərdən biri bu il 75 yaşını qeyd edən Əməkdar mədəniyyət işçisi, tarix üzrə elmlər doktoru, professor Xəlil İsmayılovdur.

 

Xəlil İsmayıl oğlu İsmayılov 1945-ci il iyulun 1-də Gədəbəy rayonunun Düzrəsullu kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsinə daxil olub. Bu təhsil ocağını kitabxanaçı-biblioqraf ixtisası üzrə bitirib. Azərbaycanda kitabşünaslıq elminin inkişafında xüsusi xidmətləri olan Xəlil İsmayılov ömrünün 50 ilini bu sahənin öyrənilməsinə və gənc nəsillərə çatdırılmasına həsr edib. Məzunu olduğu universitetin aspiranturasında oxuyub, müəllim, dekankafedra müdiri kimi zəngin bir yol keçib. Xəlil müəllim dekan olduğu müddətdə tədrisin yüksək elmi əsaslarla təşkili və idarə edilməsi, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq üzrə mütəxəssislərin hazırlanmasında əlindən gələni əsirgəməyib.

 

Xəlil İsmayılov 150-dən çox elmi əsərin, o cümlədən kitabxanaşünaslıq elminin aktual problemlərinə və ölkədə kitabxana işinin daha da yaxşılaşdırılmasına dair monoqrafiya, dərs vəsaiti və elmi məqalələrin müəllifidir. Alimin 1995-ci ildə nəşr etdirdiyiKitabxana işinin idarə edilməsinin metodiki və təşkilati məsələləri” adlı dərs vəsaiti uzun illərdir müəllim və tələbələrlə yanaşı, bu sahədə tədqiqatlar aparan gənc mütəxəssislərin etibarlı mənbələrindəndir.

 

2009-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən görkəmli kitabxanaşünas alim ötən il Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

2007-ci ildən BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri vəzifəsində işləyən Xəlil müəllimlə bu günlərdə görüşüb həmsöhbət olduq. İlk sualımız isə bu sahəni seçməsi barədə oldu:

 

– O dövrün gənclərinin bir çoxunda bu elmə həvəs var idi. Orta məktəbdə oxuyarkən günümün çox hissəsini kitabxanada keçirirdim. Hələ o zamandan kitaba, kitabxanaya böyük marağım yaranmışdı. Həmin vaxtdan bu elm sahəsinə yiyələnəcəyimi qarşıma məqsəd qoydum. Hərbi xidməti başa vurandan sonra işləmək üçün Gədəbəydən Bakıya gəldim. 1967-ci ildə Yeni Bakı Neft Emalı Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başladım. Ali məktəbə qəbul olunduqdan sonra işdən ayrıldım və bu sahəyə üz tutdum.

 

 

 

Ömrünüzün böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. Bu təhsil ocağının sizin üçün necə böyük məna daşıdığını bilirik...

 

– Mən Bakı Dövlət Universitetində işləməkdən böyük qürur duyuram. Bu təhsil ocağı mənim ikinci evim kimidir. Çünki ömrümün 50 ilə yaxını bu universitetlə bağlıdır.

 

 

 

– Rəhbəri olduğunuz Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyası barədə də məlumat verərdiniz.

 

– Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyası 1999-cu ildə yaradılıb. Bu qurumun xətti ilə dünyanın bir sıra inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ, Fransa, Belçika, Norveç, RusiyaGürcüstanda beynəlxalq elmi konfranslarda Azərbaycan kitabxana ictimaiyyətini layiqincə təmsil etmişəm. Norveçdə konfransda olan zaman Oslo Kitabxanasına da baş çəkdim. Orada erməni yalanlarından bəhs edən kitabları görəndə bir daha yəqin etdim ki, biz ölkəmiz haqqında məlumatları, tarixi həqiqətləri dünyaya yaymaq üçün daha çox çalışmalıyıq. Eyni zamanda kitabxana işi sahəsində qabaqcıl dünya təcrübəsini daha geniş tətbiq etməliyik. Universitetdə dekan olduğum 20 il ərzində tədris planını ABŞ və Fransa kimi ölkələrin müvafiq tədris planlarına uyğunlaşdırmaq istiqamətində çalışmışam. Düşünürəm ki, tədris sistemini daha da yüksəltmək üçün xarici ölkələrlə inteqrasiya lazımdır.

 

 

 

Siz həmçinin 1997-ci ildən nəşr olunan “Kitabxanaşünaslıq və biblioqrafiya” adlı elmi, nəzəri və təcrübi jurnalın təsisçisi və baş redaktorusunuz.

 

– Bəli, artıq 23 ildir jurnalın baş redaktoruyam. İl ərzində jurnalın 2 nömrəsi nəşr olunur. Burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq, nəşriyyat işiinformatika elmlərinin aktual problemləri ilə bağlı tanınmış alimlərin və digər mütəxəssislərin məqalələri dərc olunur. Pandemiya vəziyyətinə baxmayaraq, bu il jurnalın artıq bir nömrəsi çapdan çıxıb.

 

 

 

– Mütəxəssis olaraq ölkə kitabxanalarında nə kimi çatışmazlıqları müşahidə edirsiniz? Əgər varsa, bunları necə aradan qaldırmaq olar?

 

Qeyd etdiyim kimi, bu sahədə qabaqcıl dünya ölkələri ilə ayaqlaşmaq üçün daha çox görməliyik. Kitabxanaların fondu da xarici kitabxanalara nisbətən aşağıdır. Biz son illərdə bu sahə üzrə 6000-dən çox kadr hazırlamışıq. Lakin onlardan 10-12 faizi bu sahədə çalışır. Düşünürəm ki, kitabxanalarımızı inkişaf etmiş ölkələrin kitabxanaları ilə eyni səviyyəyə çatdırmaq üçün ilk növbədə gənclərə bu sahəni sevdirmək lazımdır.

 

 

 

– Qayıdaq yubileyinizə. Uğurlarla zəngin 75 yaşdan ötən illərə boylananda hansı hissləri keçirirsiniz?

 

Atam həmişə mənə deyərdi ki, hər yaşın öz gözəlliyi var, yaşamalı vaxtda çalış yaşa. İndi mən də təxminən onun yaşındayam. 75 yaş insanı kamilliyə, müdrikliyə, ağsaqqallığa qovuşduran bir dövrdür. Bu yaşda dönüb geriyə baxdıqda uşaqlıq xatirələrim yada düşür. Uşaqlıqda çox çətinliklər çəkmişəm. Bu gün hansı yerdə qərarlaşmağımdan asılı olmayaraq, o günləri heç vaxt unutmuram.

 

 

 

– Xəlil müəllim, yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik.

 

Çox sağ olun. Mən də “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürümü bildirir, nailiyyətlər diləyirəm.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.5.