Alman ekspert Almaniya mətbuatının birtərəfli mövqeyini tənqid edib

 

 

“Nex24.news” alman nəşrində müəllifləri Mattias VolfAsif Məsimov olanAlmaniyada yaşayan azərbaycanlılar alman mətbuatının qərəzli mövqeyini tənqid edirlər” sərlövhəli məqalə dərc edilib (https://nex24.news/2020/10/medien-deutsch-aserbaidschaner-kritisieren-einseitige-berichterstattung/).

 

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonunun işğalından söhbət açılır. Məqalədə, həmçinin regiondakı humanitar fəlakət mövzusuna da toxunulur.

 

Müəlliflər qeyd edirlər ki, Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, burada müxtəlif millətlərin və konfessiyaların nümayəndələri birgə yaşayır. Məqalədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəsi Artur Tovmasyanın Azərbaycandakı milli azlıqları “Ermənistana qarşı vuruşmamağa” səsləyən gülünc müraciətindən danışılır. Müəlliflər Almaniyada yaşayan azərbaycanlılar arasında sorğu keçiriblər. Rəyi soruşulanlar arasında Azərbaycanda yaşayan müxtəlif etnosların nümayəndələri olub. Bütün respondentlər Ordumuza mənəvi dəstəklərini və xilaskar silahlı qüvvələrimizin işğal edilmiş ərazilərdə apardığı əməliyyatları bəyəndiklərini ifadə ediblər. Rəyi soruşulanlardan biri – Almaniyadakı dağ yəhudiləri icmasının rəhbəri Avi Şefatya Almaniya KİV-lərini münaqişəyə dair faktların təhrif olunmasına və bu münaqişəyə dini çalarlar verilməsinə görə tənqid edib.

 

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.2.