Əsgər anasının
çağırışı
Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb. Tarix boyu torpaqlarına göz dikən bədxahlar böyük quruculuq və yaradıcılıq keyfiyyətləri ilə hər zaman öyünə biləcək, şəhidlik zirvəsinə ucalmağa hazır şücaətli, qəhrəman övladları olan bir xalqın əzəli torpaqlarını işğal etmək və digər məkrli niyyətlər güdmüşlər. Odur ki, tarixin bizə keçdiyi dərsləri daha yaxşı öyrənməli, dostu düşməndən yaxşı ayırd etməliyik.
Azərbaycan torpağı əzəldən çoxmillətli, müxtəlif dinli və multikultural bir diyar olub. Burada müxtəlif etnik mənşəli əhali yaşamışdır və bu gün də Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşlarıdır. Lakin onilliklər ərzində Azərbaycan torpaqlarına köç edərək məskən salmış ermənilər özlərinin uydurduğu “Böyük Ermənistan” xülyasını həyata keçirmək niyyəti ilə XX əsr boyu məqsədyönlü şəkildə Azərbaycan xalqına məxsus torpaqları, mədəni sərvətləri ələ keçirmək iddiası ilə özlərinin çirkin siyasətini gerçəkləşdirməyə başladılar. 1988-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirmək məqsədilə başlanan işğalçı siyasət, erməni milliyyətçilərinin qətliam, soyqırımı, terakt və digər vandalizm hərəkətləri Azərbaycanın qəhrəman oğul və qızlarının şəhid olmasına, günahsız uşaqların valideynlərini, anaların isə övladlarını itirməsinə gətirib çıxarmışdır.
Lakin xalqımız sarsılmadı. Analarımız yenə də Vətənə layiq oğullar dünyaya gətirir, onları Vətənə sevgi və hörmət ruhunda yetişdirir.
Bu gün şanlı Ordumuz düşmənə layiqli cavab verərək Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əlindən gələni edir.
Silahlı Qüvvələrimizdə xidmət keçən Azərbaycanın cəsarətli oğullarının analarının qulaqları səsdə, gözləri yoldadır. Onlardan biri də Olqa Həşimovadır. Özündə Azərbaycan və Ukrayna soylarını birləşdirən Olqa xanım Bakı şəhərində dünyaya göz açıb, burada böyüyüb, təhsil alıb, Azərbaycan torpağına, xalqına, adət-ənənəsinə, milli mədəniyyətinə böyük hörmət və ehtiramla yaşayaraq, respublikasının mədəni və ictimai həyatında fəaliyyət göstərir. Peşəkar musiqi təhsili almış və hazırda Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) təhsil pilləsinin direktor müavini vəzifəsində çalışan O.Həşimova bu günlərdə həm qürurlu, həm də həyəcanlıdır. Çünki hazırda N saylı hərbi hissədə xidmət çəkən böyük oğlu çavuş Cavanşir Cahangir oğlu Həşimov komandir, zabit və öz əsgər yoldaşları ilə birgə cəbhədəki döyüşlərin iştirakçısıdır, Vətənin keşiyində dayanıb. Olqa xanımın gözlərində qürur və eyni zamanda həyəcan göz yaşları görmək mümkündür. Bununla bərabər, o, çox böyük fəxrlə Ali Baş Komandanın çağırış etdiyi təqdirdə kiçik oğlu Cavid Cahangir oğlu Həşimovun da cəbhəyə göndəriləcəyini qeyd edir.
Ölkə üçün bu tarixi məqamda bizimlə öz fikirlərini bölüşən əsgər anası vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsində daima milli və dövlətçilik maraqlarını üstün tutduğunu nümayiş etdirmiş, bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını, ehtiyac yarandığı halda hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. 30 il ərzində davam edən işğala gec-tez son qoyulmalı idi. Və həmin o tarixi zaman yetişdi. Biz hamımız cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək, düşmənə layiqli cavab verməli, məsələni birdəfəlik həll etməliyik. Bu bir qürur və Vətən borcu məsələsidir.
Səfərbər olan və ordu sıralarında xidmət çəkən Azərbaycan oğullarının analarına müraciət edərək, Olqa xanım özünü bütün əsgər övladlarımızın anası hesab etdiyini, onları güclü olmağa, qələbə uğrunda baş verə biləcək hər bir hadisəyə hazır olmağa çağırış etdi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Qarabağ Azərbaycandır və nida işarəsi!”
Allah əsgərlərimizi qorusun. Amin!
Əbülfəz BABAZADƏ
BXA-nın şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mədəniyyət.- 2020.- 7
oktyabr.- S.5.