Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət
edib
Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı 30 ildir davam edir. İşğal nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlardan bir milyonadək dinc əhali öz dədə-baba yurdlarından didərgin düşüb.
Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin, musiqimizin beşiyi sayılan, bütün dünyada məşhur olan bir sıra görkəmli musiqiçilərimizin – dahi Üzeyir Hacıbəylinin, Niyazinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun və başqalarının doğulub boya-başa çatdığı qədim Şuşa şəhəri 28 ildir işğal altındadır.
“Bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən azad etmək üçün haqq mübarizəsinə qalxıb. Azərbaycan bəstəkarları da daima bu mübarizədə fəal iştirak edərək, Vətənin azadlıq mübarizəsinə, Qarabağa həsr olunmuş müxtəlif janrlı əsərlər yaradıblar”, – deyə müraciətdə bildirilir.
Diqqətə çatdırılır ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, o cümlədən tanınmış bəstəkarlar Polad Bülbüloğlu, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Azad Zahid, Vüqar Camalzadə, habelə gənc bəstəkarlar Tural Məmmədli, İlahə İsrafilova, Fərid Fətullayev və başqaları vətənpərvərlik mövzusunda mahnılar, marşlar yazıblar və bu gün da yazmaqdadırlar. Bu əsərlər televiziya və radio kanallarında səsləndirilir, klipləri nümayiş etdirilir. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı Ordumuza Yardım Fonduna 10 min manat ianə köçürərək, öz dəstəyini göstərib.
Müraciətdə daha sonra deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətlə vurğuladığı “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadələri bütün dünyaya bəyan edilməlidir.
Biz Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, bu bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun havadarlarını lənətləyir, beynəlxalq ictimaiyyətə, xüsusilə dünya musiqiçilərinə müraciət edərək, Azərbaycanın haqq işinə fəal dəstək olmağa, səsimizə səs verməyə çağırırıq!”.
Mədəniyyət.- 2020.- 7
oktyabr.- S.6.