Kinonu duyan bəstəkar
Vizual ədəbiyyat adlandırdığımız, incəsənətin ən kütləvi forması olan kino yarandığı ilk vaxtlardan insanları həyatın mənası haqqında düşünməyə, ətrafda baş verənləri təhlil etməyə vadar edib. Bütün dövrlərdə aktuallığını itirməyən bu sintetik sənət növü ilk günlərdən musiqiyə ehtiyac duyub. Elə buna görə də ilkin, səssiz kino dövründə film nümayişlərini fonoqram musiqisi və yaxud tapyorlar (piano çalan adam) müşayiət edib.
Musiqi kinonun mühüm komponentlərindəndir. Dünya kinosunda olduğu kimi, Azərbaycan kinosunda da bir çox filmlərə janrına müvafiq olaraq musiqilər yazılıb, mahnılar bəstələnib. Ekran əsərlərinin inkişafında, geniş tamaşaçı auditoriyası tərəfindən sevilməsində bəstəkarlarımızın rolu böyükdür. Kinoya xüsusi münasibət bəsləyən görkəmli musiqi xadimi, respublikanın Xalq artisti Xəyyam Mirzəzadə (1935-2018) belə sənətkarlardandır. Anadan olmasının 85-ci ildönümü münasibətilə bəstəkarın kino yaradıcılığına nəzər salacağıq.
Peşəkar musiqi dünyasına qədəm qoyduğu (1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib) vaxtdan ecazkar sənəti ilə istər simfonik, kamera orkestri üçün yazdığı əsərləri, istərsə də digər janrlı musiqiləri ilə fərqli yaradıcılıq nümayiş etdirən Xəyyam Mirzəzadənin filmlərə bəstələdiyi kompozisiyalar Azərbaycan kinosunun uğuruna uğur qatıb, daha geniş şəkildə tanınmasına şərait yaradıb.
Zəngin yaradıcılığı ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza da töhfələr verən bəstəkar əsasən dram janrlı filmlərə musiqilər yazıb, ekran əsərlərinin məzmun ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub. Onun bir çox kompozisiyaları musiqi xəzinəmizin “qızıl fond”una daxildir. 40-dan artıq filmə, o cümlədən “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s. bədii, “Abidələr danışır”, “Bakı eyvanları” və s. sənədli, “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” animasiya filmlərinə yazılan musiqiləri xatırlamaq bəs edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan.
Xəyyam Mirzəzadənin bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur. Kino sənətini yüksək qiymətləndirən bəstəkarın filmlərə yazdığı musiqilərin ekran həyatı uğurlu olub. Azərbaycan kino tarixində ekran taleyini bu gün də uğurla yaşayan “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, “Bizim küçə”, “Bakıda küləklər əsir” və digər filmlərin sözsüz melodiyaları belə qəlblərdə iz salıb, sevərək zümzümə etdiyimiz melodiyalara çevrilib. Bəstəkarın kino üçün bəstələdiyi lirik və ritmik musiqilər eyni zamanda filmlərdə baş verən hadisələrin dərinliyinə nüfuz edir, qəhrəmanların psixoloji vəziyyətlərinin, düşüncə və psixologiyalarının tamaşaçıya çatdırılmasında mühüm rol oynayır. Kino musiqilərində obrazların xarakterlərini, həmçinin dramaturgiyanın mahiyyətini tamaşaçıya dəqiqliklə çatdıran bəstəkarın bu xüsusda mahnı janrına az müraciət etməsi də maraqlı məqamdır. Bununla belə, “Bakıda küləklər əsir” filminin sonluğunda baş qəhrəman Azadın şücaətini təqdir, rolun nümunəvi həyat mövqeyini tərənnüm edən, insanlarda vətənpərvərlik hissi oyadan, vətən anlayışının böyüklüyünü, vətəndaş borcunu anladan mahnını xatırlamaq kifayətdir ki, bəstəkarın filmin ideyasını tamamlayan fikir tamlığına, kadrları duyma bacarığına heyran olasan.
Təbii ki, kino
musiqisi yazmaq olduqca çətindir. Kino bəstəkarı
olmaq üçün
musiqidə professionallıq
şərtdir. Əsas məqsədi əsərin
ideyasını emosionallıqla
auditoriyaya çatdırmaq
olan, mətnə tabe edilən musiqinin quruluş mürəkkəbliyi, dərin
mahiyyətə varılıb
mürəkkəb formada
təqdim olunsa belə, yenə də kadrların məzmununu, hadisələrin
məntiqini izah etdiyinə görə tamaşaçının ürəyinə
yol tapır, zövqünü (yüksək
şəkildə) formalaşdırır.
Xəyyam Mirzəzadə möhtəşəm
kino musiqilərində
hadisələri dərindən
duyma qabiliyyətinə
əsasən ekran əsərlərinin ideyasını
orijinal sənət palitrası ilə notlara köçürüb,
qəhrəmanların fikrini
melodiyalarda, akkordlarda dəqiqliklə müşayiət
edib, musiqini filmlərin janrına müvafiq şəkildə
süjetə çevirib.
Xəyyam
Mirzəzadənin peşəkarlığından
bəhs edən kinorejissor Rüfət Əsədov deyir: “Qara Qarayev görkəmli
pianoçu, pedaqoq
Dmitri Şostakoviçin tələbəsi
idi, Xəyyam Mirzəzadə də Qara Qarayevin. Onların mükəmməl yaradıcılıq
ruhu var idi. Bunun sayəsində istər
klassik əsərlər,
istərsə də kino musiqiləri şedevr səviyyəsində
yazılırdı. Qara
Qarayevin “İnsan məskən salır” filminə yazdığı
musiqini dinləyəndə
metalın səsini belə dərindən duyub hiss etdirmək məharətini görürsən,
duyursan. Xəyyam müəllim
də onun tələbəsi idi. Kinodakı hadisələri çox dərindən duyurdu.
Hər bəstəkar kino üçün musiqi yaza bilməz.
Xəyyam
müəllimlə “Arxada
qalmış gələcək”
filminin musiqilərini ona həvalə etdiyim zaman tanış olduq. Bu filmə qədər
onun tələbəsi,
yaxın dostu olan Rauf Əliyevin
bir neçə musiqisindən istifadə etmişdim. Rauf mənim quruluş
verdiyim “Vahimə” qısametrajlı filmim üçün orijinal musiqi yazmışdı.
Onun vasitəsilə də Xəyyam müəllimlə yaxından
tanış olduq, dostluq münasibətimiz yarandı.
Film üzərində işə başlamazdan əvvəl görüşdük,
ədəbi ssenarini ona verdim. Bir müddət
keçdi, film hələ
hazır deyildi, amma o, kinostudiyaya müəyyən hissələrə
baxmağa gəlirdi.
İşinə çox məsuliyyətlə
yanaşırdı, yaradıcılıq
ruhu mükəmməl
idi. Filmi montaj edəndən
sonra hazır filmə tam baxmaq üçün bir də gəldi. Onunla nəzəri söhbətlərimiz
çox olurdu. Fikirlərini
mənimlə bölüşürdü,
çox məsləhətləşirdi.
Nə peşəkarlığına, nə
də yaşına görə üstünlüyünü
bildirmirdi. Şəxsən məni bir bəstəkar
və yaxşı insan kimi qane
edirdi. Heyf ki, onunla çox işləmək
mənə qismət olmadı. Baxmayaraq ki, daha çox simfonik əsərlər yazırdı,
amma kinomaterialı çox gözəl hiss edirdi. Kinoda tələb olunan
əsas amil materialın xarakterini tutmaqdı. O da bunu yaxşı bacarırdı.
“Arxada qalmış gələcək” filminin musiqiləri Azərbaycan Dövlət Filarmoniyası
Simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayevin rəhbərliyi ilə səsləndirilmişdi. Onları musiqidən
əlavə dostluq münasibətləri birləşdirirdi.
Səsləndirmədə 100-ə yaxın musiqi alətindən istifadə olunmuşdu.
Onların yaradıcılıq tandemi gözəl alınırdı. Elə buna
görə də filmi müşayiət edən musiqi yüksək səviyyədə
alındı. Mən filmi
2005-ci ildə bitirdim.
Amma sonra da dostluq
münasibətlərimiz davam
etdi. Xəyyam müəllim gözəl
şahmat oynamağı
bacarırdı. Maraqlı hobbiləri
də vardı. Kolleksiya yığmağı, əsasən
də qədim pul, marka kolleksiyası
toplamağı sevirdi.
Çox adam
onu soyuqqanlı biri kimi tanıyırdı.
Amma onunla yaxınlıq edəndən sonra görürdün ki, yox, çox mehriban insandı. Axı, soyuqqanlı insan gözəl musiqi yaza bilməzdi, bu mümkün deyildi. Xəyyam müəllim peşəkar
idi, klassik idi. 50 il
konservatoriyada çalışmışdı.
Ustad müəllim, böyük
pedaqoq idi. Zəngin yaradıcılığı dövründə
öz bəstəkarlıq
məktəbini yaratmışdı,
istedadlı davamçılar
yetişdirmişdi”.
Xəyyam Mirzəzadənin kino musiqiləri filmlərin mövzusuna uyğun bəstələnən, hadisələri
ardıcıllıqla, həssaslıqla
müşayiət edən,
ekran əsərinin məzmununu açan, hadisələri emosionallıqla
çatdıran əsərlərdir. Özünəməxsus dəst-xətti ilə diqqət çəkən,
hadisələrin inkişafını
xarakterizə edən,
ekran əsərlərinin
bədii təsirini artıran bəstəkar yaradıcılığının bir çox nümunələrini misal
göstərmək olar.
Bu gün də hər kəsin sevərək izlədiyi “Arxadan vurulan zərbə” filmini xatırlayaq. Müxtəlif musiqi lövhələri
filmdəki bir çox kadrı müşayiət edir.
Filmin başlanğıc hissəsində
qatarın gəlişini
göstərən kadr
üzərində səslənən
dinamik musiqi tamaşaçını hansısa
vacib sərnişinin gəlişinə, qarşıda
ağır cinayət
işi üzərində
aparılacaq istintaq prosesinin gərginliyinə,
kriminal hadisələrdəki
insanların sirli həyat hekayəsini maraqla izləməyə, ekrana diqqət kəsilməyə məcbur
edir. Yaxud Gündüz Kərimbəyli
ilə İmaşın
dialoqunu müşayiət
edən həzin musiqini yada salaq.
Lirik kompozisiya ilk görünüşdə insanlarda
şübhə, qorxu
yaradan, özündən
tez çıxan, əslində isə müəyyən səhvlərinə
görə daim əzab çəkən İmaşın rəzil həyat tərzini, onunla ilk tanışlığından
cılız xarakterini
üzünə deyən,
İmaşı öz
yaşına və şəxsiyyətinə hörmət
etməyə çağıran
Gündüz Kərimbəylinin
müdrikliyini, hər
bir halda insanların bir-birlərini
anlamalı olduğunu
xarakterizə edir.
“Bizim küçə” filminin başlanğıcında səslənən, bir-birini əvəzləyən fərqli notların mövzu ilə sintezləşdirilmiş sədaları isə çətinliklərlə yanaşı əldə edilən gözəl həyatın müjdəçisi rolunu oynayır. “Güllələnmə təxirə salınır” filminin hadisələrini müşayiət edən lirik musiqi isə bədbəxt insanların çarəsiz, ağrılı günlərinə ağı deyir. Bu və digər filmlərin kadrlarındakı hadisələrə uyğunlaşdırılmış musiqilər ekran qəhrəmanlarının həyat hekayəsinin nəqlinin emosionallığını artırır, sözsüz kadrlarda səslənən melodiyalar isə personajların tale yükünün çəkisini ölçür.
Məşhur fransız kinorejissoru Rober Bresson “səsli kino kinoda səssizlik yaratdı” deyir. Xəyyam Mirzəzadənin
kino musiqiləri də kardlardakı hadisələr qədər
tamaşaçını susaraq
düşünməyə vadar edir. Müxtəlif dövr insanlarının
düşüncə, davranış,
əxlaq kodeksləri bəstəkarın emosional
musiqilərində təhlil
edilir, kamil və ya cahil
xarakterlərin mündəricəsi
böyük ürək
yanğısıyla cəmiyyətin
mühakiməsinə verilir.
Filosof Əbu Turxanın (fəlsəfə elmləri
doktoru Səlahəddin
Xəlilov) belə bir fikri var:
“İnsanı ucaldan yaradıcılıqdır”. Kinonu
duyan, koloritli musiqilərində müdrik
kino anlayışını
təlqin edən, yaradıcılığı vasitəsilə
milyonlara bədii-estetik
zövq bəxş edən görkəmli bəstəkar Xəyyam Mirzəzadə də ziyasının dərinliyinə,
şəxsiyyətinin böyüklüyünə,
əsrarəngiz yaradıcılığına
görə sənətdə
və hafizələrdə
ucalarda, zirvələrdədir.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2020.- 7
oktyabr.- S.7.