Ordumuz düşmənə bütün cəbhə boyu
zərbələr endirir
Vətən müharibəsinin 12-ci günü arxada qaldı
“Hər şey plan üzrə gedir və qarşıda duran vəzifələr icra olunacaq”
Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi uğrunda hərbi əməliyyatları rəşadətlə davam etdirir. 27 sentyabrda başlanan Vətən müharibəsinin 12-ci günündə Ordu hissələrimiz Ermənistanın işğalçı qüvvələrinə bütün cəbhə boyu zərbələr endirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 8-də gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv edilib. Düşmənin hərbi kolonu darmadağın olunub.
Qeyd edək ki, oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.
Ali Baş Komandanın rəhbərliyi ilə Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.
“Hər şey
plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü
bərpa edir. Əməliyyat uğurla davam
edir. Artıq bir şəhər
və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir
daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq.
Biz bunu dəfələrlə
demişik: Qarabağ bizim tarixi, əzəli
torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində
aparılan müzakirələr
bir nəticəyə
gətirib çıxarmadı.
Belə olan halda, əlbəttə
ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü
bərpa etməli idi və bunu
edir”.
Azərbaycan Prezidenti, Ali Baş
Komandan bu sözləri oktyabrın
7-də CNN-Türk televiziyasına
müsahibəsində deyib.
Ali Baş Komandan
düşmən qüvvələrinə
qarşı əks-hücum
əməliyyatında müasir
texnologiyalar əsasında
yaradılmış silah
və texnikadan istifadə olunduğunu xüsusi vurğulayıb. “Pilotsuz uçuş aparatlarının və silahlı pilotsuz uçuş aparatlarının
Azərbaycan Ordusunun arsenalına daxil edilməsi çox böyük fərq yaratdı. Türkiyə
istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar
əsasında yaradılmış
silah növüdür
və dünyada cəmi bir neçə
ölkə var ki, belə imkanlara
malikdir... Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və
insanlarımızın, əsgərlərimizin
həyatını xilas
edir. Çünki onlar olmasaydı,
havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək
yerdən vuraydıq.
O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan
itkisinin yüksək rəqəmlərlə ölçülməməsi
üçün bizə
böyük üstünlük
verir. Eyni zamanda, onların
texnologiyası mükəmməldir”,
– deyə dövlətimizin
başçısı bildirib.
Prezident
müsahibədə bir
daha diqqətə çatdırıb ki, bizim mübarizəmiz erməni xalqı ilə deyil: “Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi
bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt
mülki əhaliyə,
yəni, mülki şəxslərə qarşı
müharibə etməyib.
Mən artıq bu günlərdə
də demişəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Azərbaycanda minlərlə erməni
yaşayır və onlar bizim vətəndaşlarımızdır.
O cümlədən bu
gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır.
Bizim bütün hədəflərimiz
hərbi hədəflərdir.
Hərbi
hədəfləri məhv
etmək üçün
bizim tam hüququmuz
var. Çünki bu hərbi obyektlər bizim ordumuza, şəhərlərimizə böyük
ziyan vurub. Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını
təmin edək”.
Azərbaycan Prezidenti CNN-Türk televiziyasına müsahibəsində
Rusiya, İran və ABŞ-ın münaqişə ilə bağlı tutduqları mövqeyi də şərh edib.
Rusiyanın da ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası icra etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”.
Prezident qeyd edib ki, İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir.
Minsk qrupunun
həmsədrlərindən biri olan ABŞ-ın mövqeyinə münasibət
bildirən Prezident İlham
Əliyev deyib: “Amerika
Prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli rəsmiləri
bu işlərlə, bu
hadisələrlə bağlı təbii ki,
öz fikirlərini bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da
bu məsələ ilə bağlı
açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir
açıqlama idi. Amerika
ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla
inkişaf edir. Bir çox sahələrdə
biz tərəfdaş kimi
fəaliyyət göstəririk. Təbii ki,
Amerika superdövlət kimi
bu məsələ ilə də
bağlı öz sözünü
deyir. Biz Amerikanın
mövqeyindən də razıyıq”.
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.1.