Hər şey cəbhə
üçün!
Regionlarda fəaliyyət göstərən mədəniyyət ocaqları Vətən torpağını işğaldan qurtarmaq üçün böyük şücaət göstərən müzəffər Ordumuza dəstək məqsədilə aksiyalarını davam etdirir.
Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda düşmənə ağır zərbə vuran igid hərbçilərimizə dəstək aksiyasına start verilib. İlkin olaraq 3 min cütə yaxın yun corab, 100 ədəd yataq örtüyü, 300-dən çox yun geyim və əlcək hazırlanaraq oktyabrın 9-da cəbhə bölgəsinə göndəriləcək. Aksiyaya qoşulmaq istəyənlər Masallı Regional Mədəniyyət İdarəsinə müraciət edə bilərlər.
***
Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir rayon Şiştəpə kənd Mədəniyyət evinin toxuculuq dərnəyinin üzvləri “Hər şey cəbhə üçün!” kampaniyasına qoşularaq qəhrəman hərbçilərimiz üçün corab toxuyublar.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri Silahlı Qüvvələrimizə dəstək məqsədilə vətənpərvərlik mövzusunda videoçarxlar hazırlayıb.
***
Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların müvafiq müəssisələri əsgər və zabitlərimizə geyim dəstləri, ərzaq məhsulları və müxtəlif şəxsi ləvazimatlar göndəriblər. Regional idarənin rəhbərliyi, Kürdəmirin mədəniyyət işçiləri və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) nümayəndələri Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan əsgərlərlə görüşüb, onların ehtiyacları ilə maraqlanıblar. Görüş zamanı kitabxana əməkdaşları yaralı əsgərlərin istəkləri əsasında müxtəlif ədəbiyyatları onlara təqdim ediblər.
***
Şəki Regional Mədəniyyət
İdarəsi Şəki kənd Folklor evinin kollektivi Tərtər
bölgəsindəki N saylı hərbi hissənin əsgər
və zabitlərinə sovqat aparıb. Regional idarənin Şəkidə fəaliyyət
göstərən mədəni-maarif müəssisələrinin
kollektivləri isə ərazi bütövlüyümüzün
bərpası uğrunda şəhid olan əsgərin ailəsinə maddi və mənəvi yardım göstərib.
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.3.