“COVİD-19 və ÜMİD-20”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Rəssamlıq fakültəsinin tələbə və professor-müəllim heyəti tərəfindən hazırlanan və bu ilin aprelində internet məkanda yayımlanan “COVİD-19 və ÜMİD-20” onlayn poster sərgisi bu dəfə əyani şəkildə nümayiş olunub. ADMİU-da sərginin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova COVİD-19 pandemiyasının hələ də aktuallığını itirmədiyini, Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin bu mövzuya diqqət çəkməklə insanları bir daha ehtiyatlı olmağa, qorunmağa səslədiklərini bildirib: “Bu sərgi iki cəhəti ilə önəm kəsb edir. Birincisi ondan ibarətdir ki, koronavirus təhlükəsi hələ də sovuşmayıb. Buna görə biz sərginin açılışını qoyulmuş qaydalara riayət edərək məhdud sayda insanın iştirakı ilə keçiririk. İkincisi, sərgidə nümayiş olunan əsərlər onu göstərir ki, bizim rəssam müəllim və tələbələrimiz karantin zamanında boş qalmayıb, yaradıcılıqla məşğul olublar. Burada eyni mövzuya çox sayda fərqli yanaşma özünü göstərir”.
Layihənin rəhbəri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz hazırda Azərbaycanın iki cəbhədə müharibə apardığını söyləyib. Bildirib ki, şanlı Ordumuzun Qarabağ müharibəsində bir-birinin ardınca zəfər əldə etdiyi bu gözəl günlərdə belə bir sərgi açmaq mühüm hadisədir: “Çünki ölkəmiz digər tərəfdən koronavirus pandemiyasına qarşı mübarizəni də davam etdirir. Arzu edirəm ki, tezliklə bu cür sərgiləri Qarabağda da keçirək”.
Layihənin ideya müəllifi, fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova deyib ki, təsviri sənətin ən aktual və hadisələrə daha tez reaksiya verən janrı plakat olduğuna görə bu janra müraciət ediblər: “Bizim onlayn sərgi çox qısa zamanda hazırlanmışdı. Bunun üçün layihənin koordinatoru, dizayner Günel Cəfərzadəyə təşəkkür edirəm. Biz bu sərgini adlandırarkən “ÜMİD-20” demişdik. Hadisələrin sonrakı inkişafı bu ada yeni və daha böyük məna qatdı. 30 ilə yaxın davam edən Qarabağ həsrətimizin məhz elə 2020-ci ildə bitəcəyi ilə bağlı ümidlərimiz artmağa başladı. Ordumuzun zəfərləri artıq bu ümidi inama çevirib”.
ADMİU-nun prorektoru, professor Gülşən Kəngərli, Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Vüqar Əli və başqaları sərgi haqqında fikirlərini bölüşüblər.
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.4.