Yaddaş salnaməsinin
saxlancındakı iki sərgidən təəssürat
Milli Azərbaycan Tarixi
Muzeyi- 100
Bu il dövlət başçısının sərəncamı ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi qeyd edilir. Yubiley ilində muzeydə aparılan təmir-bərpa işlərindən sonra yeni ekspozisiyaların qurulmasına başlanılıb. Yolumuzu muzeydən salıb, ziyarətçilərin ixtiyarına verilən iki ekspozisiya ilə oxucularımızı tanış etmək istədik.
Muzeyin bələdçisi Sara Əhmədova məlumat verdi ki, oktyabr ayına nəzərdə tutulan 100 illik yubileylə bağlı tədbir təxirə salındığı üçün hazırda muzey iki sərgini təqdim edir. Sərgilər sentyabrın 7-dən ziyarətçilər üçün açıq elan olunub.
Onu da qeyd edək ki, muzeyin girişində ziyarətçiləri mühafizə polisi qarşılayır, mövcud pandemiya vəziyyəti nəzərə alınaraq sanitar-profilaktik tələblərə diqqət yetirilir. Ziyarətçilərin hərarəti ölçülür, əlləri spirtli məhlulla dezinfeksiya olunur və hər kəs gigiyenik maska ilə içəri daxil olur.
“Azərbaycan II Dünya müharibəsi illərində”
Tanış olduğumuz birinci sərgi – “Azərbaycan II Dünya müharibəsi illərində” adlı ekspozisiya faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunub. İki zalda təşkil olunan sərgi materialları sanki tarixin susmuş həqiqətlərini bir daha dilə gətirir, vaxtilə tarix dərsliyində oxuduğumuz hadisələri yenidən yaddaşımıza qaytarır.
Bələdçimiz vurğulayır ki, birinci zalda nümayiş olunan eksponatların əksəriyyəti muzeyin fondunda saxlanılan materiallar, ikinci zalda nümayiş olunanlar isə şəxsi kolleksiyalardan ibarətdir. “Azərbaycan müharibə edən tərəflərin planlarında və müharibənin ilk günlərində” adlanan stenddəki materiallara baxdıqca bir anlıq özümüzü sanki filmlərdə gördüyümüz hadisələrin içərisində hiss edirik. Burada müvafiq informasiya panelində faşist və antifaşist ölkələrinin planlarında Azərbaycana ayrılmış yer, Almaniya ordusunun “Barbarossa” planının (SSRİ-yə qarşı ildırımsürətli hücum) xəritəsini görə bilirik. Sovet İttifaqı Qəhrəmanı, əslən Azərbaycandan olan kəşfiyyatçı Rixard Zorgenin fəaliyyəti, 1941-ci ilin iyun–avqust aylarında döyüşlərdə fərqlənmiş azərbaycanlılar, o cümlədən “Lenin” ordeni ilə təltif edilmiş təyyarəçi Hüseynbala Əliyevlə bağlı eksponatlar, döyüşlərdə həlak olmuş həmvətənlərimizin sənədləri, ana dilimizdə tərtib edilmiş hərbi təlimatların nümunələri müharibənin od-alovundan xəbər verir.
Brest qalası (Belarus) uğrunda gedən döyüşlərdə iştirak etmiş azərbaycanlılara aid materiallar da diqqətimizi çəkir. Bu döyüşlərdə 44 azərbaycanlı da vuruşub və Brest muzeyi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunan giliz, bu gilizin içərisindəki Brest torpağı simvolik məna daşıyır. Vətənpərvərlik və cəbhəyə yardım üçün təbliğat xarakterli plakatlar da sərgidə özünəməxsus yer tutur. Bu plakatlar tarixin bütün dövrlərində vətənə, torpağa sevginin müqəddəsliyinin dəyişilməz olduğunu bir daha sübut edir.
İndi isə sərginin ən diqqətçəkən guşəsində – “Azərbaycan milli diviziyaları” adlanan stendin qarşısındayıq. Önümüzdə məşhur 416-cı Azərbaycan atıcı diviziyasının döyüş bayrağı. Həmçinin 402, 496 və 77-ci diviziya və alayların döyüş bayraqları, onların Berlinin alınmasında iştirakı barədə müvafiq sənədlər və fotoşəkillər.
“Azərbaycan iqtisadiyyatı müharibə illərində” – Bakı neftinin müharibədə rolu bu guşədə ətraflı əks olunub. Burada Azərbaycanın neft sənayesi, digər sənaye sahələri, kənd təsərrüfatının qələbənin qazanılmasında oynadığı rol haqqında məlumat verilir.
Azərbaycan neftçilərinin müharibə illərində göstərdiyi əmək qəhrəmanlığı rəssamlarımızın əsərlərində də öz əksini tapıb. Onlardan bir neçəsi, o cümlədən xalq rəssamları Maral Rəhmanzadə, Mikayıl Abdullayevin bu mövzuda əsərləri bu guşədə sərgilənir.
“Azərbaycan sərkərdələri” bölümündə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru, bu il dövlət səviyyəsində 110 illiyi qeyd olunan Həzi Aslanov, general-mayor Tərlan Əliyarbəyov, general-mayor Hacıbaba Zeynalov, kontr-admiral Cəlil Cavadovun uniforması, orden və medalları, şəxsi sənədləri nümayiş olunur. Döyüşlərdə görmə qabiliyyətini itirmiş tanınmış süvari zabiti Əliheydər İbrahimova aid silahlar, təltif nişanları və sənədlər də ziyarətçilərin diqqətini cəlb edir.
“Azərbaycan həkimləri müharibə illərində” guşəsində isə diqqətimizi ən çox çəkən həkim Mustafa Topçubaşovun ixtira etdiyi bədəndən yad cisimləri çıxaran aparat və “analgetin” adlı dərmanla bağlı məlumat oldu.
Sərginin “Əziz Əliyev müharibə illərində” bölməsində görkəmli ictimai və siyasi xadim, müharibə illərində İranda (Cənubi Azərbaycanda) Azərbaycan (sovet) heyətinin rəhbəri olmuş, sonra isə Dağıstana rəhbərlik etmiş Əziz Əliyevin şəxsi sənədləri, orden və medalları, xatirə əşyaları nümayiş olunur, onun fəaliyyəti haqqında məlumat verilir.
“Xəzər hərbi dəniz donanması müharibə illərində”, “Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları” guşələrindəki dolğun məlumatlar gənc nəsil, xüsusən də məktəblilər üçün çox qiymətli mənbələrdir. Azərbaycandan Sovet İttifaqı Qəhrəmanı adına 123 nəfər layiq görülüb. Onlara məxsus şəxsi əşyalar, təltif nişanları, sənədlərlə bərabər Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmiş, lakin naməlum səbəblərə görə bu adı almamış 15 azərbaycanlı haqqında da məlumatla burada tanış ola bilərsiniz.
Sərginin “Azərbaycanın elm və mədəniyyət xadimləri müharibə illərində” adlanan hissəsində respublikamızın görkəmli neftçi, geoloq, kimyaçı alimlərinin şəxsi əşyaları, təltif olunduğu orden və medallar, sənədləri nümayiş olunur.
“Azərbaycan qadınları müharibə illərində” adlı stenddə ön cəbhədə vuruşmuş və arxa cəbhədə çalışmış azərbaycanlı qadınlara məxsus əşya və fotoşəkillər nümayiş olunur. İlk azərbaycanlı qadın paraşütçü və təyyarəçi Leyla Məmmədbəyova, ilk azərbaycanlı qadın qırıcı təyyarəçi Züleyxa Seyidməmmədova, azərbaycanlı ilk qadın snayperçi Ziba Qəniyeva, zərbəçi pambıqçı Bəsti Bağırova, kimyaçı alim İzzət Orucovaya aid eksponatlar xüsusi maraq doğurur.
Sərgi ekspozisiyasında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə, Fransa antifaşist Müqavimət hərəkatının qəhrəmanı, dövlət başçısının sərəncamı ilə bu il 100 illiyini qeyd etdiyimiz Əhmədiyyə Cəbrayılov, Ukrayna partizan hərəkatının qəhrəmanı Xanlar Babanlı, həmçinin Belarus, Krım, Şərqi və Qərbi Avropada vuruşmuş azərbaycanlı partizanlara aid eksponatlar da yer alıb.
Bu yerdə bələdçimiz diqqəti SSRİ Xalq rəssamı Tahir Salahovun “416-cı atıcı diviziya Taqanroqu azad edir” adlı monumental rəsm əsəri, muzey əməkdaşları tərəfindən tərtib edilmiş “Azərbaycan diviziyalarının döyüş yolu” adlı iriölçülü xəritəyə cəlb edir. Berlinə ilk daxil olan döyüşçülər sırasında Azərbaycandan olan qəhrəman oğulların şəhərin girişində Brandenburq darvazasına yazdığı “Biz Bakıdanıq” (“Ìû èç Áàêó”) ifadəsini görəndə igid soydaşlarımızla qürur duyuruq. Sərgidə nümayiş olunan fotolar əsgərlərin əhval-ruhiyyəsini və həmin dövrün ab-havasını dolğunluqla əks etdirir.
Dünəni unutmayaq ki, sabahımız olsun... Əgər 1941–1945-ci illərdə qəhrəman Vətən övladları SSRİ uğrunda döyüşürdüsə, bu gün müzəffər Ordumuz uzun illərdir düşmən tapdağında qalmış tarixi torpaqlarımızı yağılardan təmizləyir. Doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın nisgilinə son qoyulur. İnanırıq ki, uzun illər sonra gələcək nəsillər Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərin tarixinə fəxrlə ekskurs edəcəklər.
Tağıyevin möhtəşəm zövqünün sərgisi
Milli Azərbaycan Tarixi Muzeyində milli mesenat Hacı Zeynalabdin Tağıyevin 9 otaqdan ibarət xatirə muzeyinin ekspozisiyası da yenidən qurulub. Buradakı dövrün yüksək dəbdəbə və milli xüsusiyyətlərini özündə cəm edən eksponatları ötən əsrin əsrarəngiz yaşam modeli nümunəsi kimi də qəbul etmək olar.
Bələdçimiz bildirir ki, xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa ediblər. H.Z.Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard, yataq, yemək, məlumat otaqları, həmçinin Sona Tağıyevanın bəzək otağı və təmizlik otağı.
Ekspozisiya Tağıyevin iş kabinetindən başlayır. Qırmızı və yaşıl divar kağızı ilə bəzədilmiş bu kabinet öz ciddiliyi ilə seçilir. Burada bilavasitə Hacının özünəməxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da var. Divarlarda İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Bələdçimiz deyir ki, bu portretlər də Hacının şəxsi kolleksiyasına aiddir. Divarda asılmış Tağıyevin 1912-ci ildə rəssam İ.Brodski tərəfindən çəkilmiş portreti otaqda onun hökmü və düşüncəsinin sanki hələ də var olduğundan xəbər verir. Vaxtilə təltif edildiyi “Müqəddəs Stanislav” ordeni, medallar, İranın “Şiri xurşid” ordeni, “Buxara Qızıl Ulduzu” da sanki sahibinin yolunu gözləyir.
Qədim və milli ornamentləri özündə birləşdirən Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirilirdi. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı xüsusi zövqlə bəzədilib. Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və s. qoyulub. Zalın tavanına Qurandan ayələr yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng çilçıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini daha da artırır. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altı guşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur. Yuxarı hissədəki sütunlu tağlar möhtəşəm Şərq zalına xüsusi gözəllik verir. Bir neçə ziyarətçi ilə sütunlu tağların altından keçərək kitabxanaya daxil oluruq. Ziyarətçilər öz heyrətlərini gizlədə bilmirlər.
Kitab şkaflarında Rusiya imperiyasının qanunlar toplularını görürük. Bələdçi bildirir ki, kitabların hər biri oxunaqlı şəkildədir, amma muzey eksponatı olduğu üçün əl vurmağa icazə verilmir. Xalça və pərdələr otağa xüsusi yaraşıq verir. Bilyard otağı da öz dizaynı ilə seçilir. Burada yerləşdirilən gön-dəri divan, kreslolar istirahət üçün nəzərdə tutulub. Otağı xüsusi quruluşlu çilçıraq bəzəyir.
Muzeyi gəzərkən Tağıyevin daxilən nə qədər zəngin mənəvi aləmə malik bir şəxsiyyət olduğunu dərk edirsən. Dövrün tələbləri və mesenatlıq, millətinin maariflənməsi yolunda fəaliyyət, milli mədəniyyətin inkişafında misilsiz rol oynayan teatr üçün bina və s...
Bütün bunlar bir insanın timsalında birləşdi və bu gün Hacının ömür yolunu onun vaxtilə yaşadığı evin bir neçə otağında cəmlənmiş xatirə muzeyində seyr etmiş oluruq. Muzeyin binasını tərk edirik. Təəssüratımız isə tükənməzdir...
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.5.