Professor Əziz Şərif
və Gürcüstan Demokratik Respublikası
Görkəmli alim və
ziyalı Gürcüstan türklərinin mədəniyyət
və maarifi yolunda mühüm xidmətlər göstərib
1895-ci ildə Naxçıvanda dünyaya göz
açmış və bu şəhərdə ibtidai təhsil
almış görkəmli ədəbiyyatşünas-alim, tənqidçi,
tərcüməçi Əziz Şərifin (Əziz Qurbanəli
oğlu Şərifzadə) ömrünün gənclik
dövrü əsasən Tiflislə bağlıdır. O, orta təhsilini 1915-ci ildə
Tiflisdə başa vurub, həmin il Moskva
Kommersiya İnstitutuna qəbul olunub. 1917-ci ildə
Rusiya imperiyasında baş verən taleyüklü
siyasi-ictimai proseslər, kütləvi xalq hərəkatları
Cənubi Qafqaza da təsirsiz ötüşmür və
Əziz Şərif tələbə ikən müsəlman
sosial-demokrat “Hümmət” təşkilatının
sıralarında aktiv siyasi-ictimai həyata atılır.
O, Naxçıvan şəhərinin Fəhlə və
Əsgər Deputatları Şurası İcraiyyə Komitəsinin
sədr müavini və Fəhlə Deputatları
Şurasının sədri vəzifəsini tutur. 1917-ci ilin Oktyabr çevrilişindən sonra – həmin
ilin 26-28 noyabr tarixində keçirilmiş Ümumrusiya Müəssislər
Məclisinə seçkilərdə iştirak edir. Onun adı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının
(menşeviklər) “Hümmət” müsəlman təşkilatının
Zaqafqaziya seçki dairəsi üzrə 12 nəfərlik
namizəd siyahısında 5-ci sırada idi.
1918-ci ilin yanvar ayında yenidən Tiflisə qayıdan
Ə.Şərif burada “Hümmət”in Tiflis şöbəsinin
ən fəal üzvlərindən biri olur. “Hümmət”in
yayım orqanları “Gələcək” və “Probujdeniye” qəzetlərinin
redaktoru olur, həmçinin Tiflisdə nəşr olunan digər
qəzet-jurnallarla əməkdaşlıq edir. Tiflisə
dönüşü barədə Ə.Şərif xatirələrində
yazırdı: “Rusiya inqilabı dünyanı
sarsıdırdı. Onun dalğaları məni
də doğma yurdumdan ayırıb, Tiflisə atdı və
uzun müddət Tiflisdə yaşayıb, tiflisli oldum”.
***
26 may
1918-ci ildə müstəqilliyini elan etmiş Gürcüstan
Demokratik Respublikasının ilk ali
qanunverici orqanı olan Milli Şura qəbul etdiyi 13 sentyabr
1918-ci il tarixli qanunla öz tərkibində etnik
azlıqların nümayəndələrinə saylarına
uyğun kvotalar ayırır. Bu qanuna əsasən, Ə.Şərif
görkəmli yazıçı-dramaturq və diplomat
Əbdürrəhim bəy Haqverdiyev, müəllim Mirzə
Hüseyn Həsənzadə və sol radikal sosialistlərin
liderlərindən Əliheydər Qarayev ilə birlikdə
Gürcüstan Müsəlmanları Milli Şurasının
xətti ilə 1918-ci ilin oktyabr ayında artıq rəsmən
parlament adlandırılan Gürcüstan Milli Şurasında
ölkə azərbaycanlılarını təmsil etmək
hüququnu əldə edir.
Stenoqram yazılarından Ə.Şərifin parlament
iclaslarında müəyyən məsələlərə
dair müzakirələrdə fəal iştirak etdiyini
görmək mümkündür. Parlamentin 15 oktyabr tarixli iclasında
“Dövlət dili haqqında” Qanunun müzakirəsi zamanı
sədr Ekvtime Takaişvilidən söz istəyən
Ə.Şərif gürcü dilini sərbəst bilmədiyinə
görə üzrxahlıq edərək həm
özünün, həm də müsəlman
yoldaşlarının çıxışları zamanı
deputatların hamısının başa
düşdüyü rus dilindən istifadə etməli
olacaqlarını qeyd edir və müsəlman deputatların
adından aşağıdakı bəyanatı səsləndirir:
“Biz – sizinlə eyni mühiti bölüşən
Gürcüstan müsəlmanlarının nümayəndələri
ümid edirik ki, xalqımızın psixologiyasını və
istəklərini bilməklə müsəlmanlara aid olan məsələlərdə
sizin çətin işinizi asanlaşdıra bilərik. Hesab edirik ki,
bizim xalqların dostluğu və qardaşlığı
haqqında danışmaq ziyadədir, çünki onların
bir-birinə münasibəti hamıya yaxşı bəllidir.
Yalnız
xarici qüvvələrin deyil, həmçinin öz
aralarından çıxmış xalq düşmənlərinin
zərbələrini üzərində hiss edən müsəlman
demokratiyası indi dərindən nəfəs alacaq,
azadlığın gözəlliyini və dinc əməyi
hiss edəcək və onda inanın, onu müstəqil
Gürcüstandan aralaya biləcək elə bir güc
olmayacaq (alqışlar). Bizə azadlıq bəxş edən
böyük rus inqilabı ağır, az qala
ölümcül böhran dövrünü yaşayır və
onun nailiyyətlərinin
– azadlıq və bərabərliyin saxlandığı,
dostluğun, birliyin mövcud olduğu bir guşə varsa – bu,
kiçik Gürcüstandır (alqışlar). Biz, Gürcüstan müsəlmanlarının
nümayəndələri bu nailiyyətləri bütün
mümkün qüvvələrimizlə möhkəmləndirəcəyik
və istər xarici, istərsə də daxili düşmənlərdən
qoruyacağıq.
Və bilin, bu gənc dövləti hansı
sınaqların gözləməsindən və hansı təhlükələrin
təhdid etməsindən asılı olmayaraq, biz cəsarətlə,
davamlı olaraq sizinlə çiyin-çiyinə
addımlayacağıq və həm sevincinizi, həm də gələcəkdə
mümkün kədərinizi qardaşcasına
bölüşəcəyik (alqışlar). Gürcüstan
parlamentinin üzvü olan vətəndaşlar, sizi
salamlayaraq, sizin simanızda azadlıqsevər gürcü
xalqına atəşin salamlar və səmimi arzularımı
göndərirəm”.
Ə.Şərif bu çıxışına
başlayarkən onun rus dilində olmasına etiraz əlaməti
olaraq milli demokratlar nümayişkaranə şəkildə
zalı tərk etsələr də, azərbaycanlı-müsəlman
deputatın nitqi İ.Sereteli və digər sosial-demokratlar tərəfindən
böyük məmnunluqla qarşılanır. Bu barədə məlumat dərc
edən rusdilli “Qruziya” qəzeti istehza ilə yazırdı:
“Özlərinin rus dilində çıxışları ilə
gürcü siyasi partiyaları arasında münasibətlərin
daha da kəskinləşməsinə səbəb olan müsəlman
“hümmətçiləri” gürcü xalqının
düşmənləri təbrik edə bilərlər... Cənab
Şərifova “şərəf və şöhrət!”.
Pedaqoq-alim
G.Qocayeva-Məmmədovanın Gürcüstan Demokratik
Respublikasında yerli Azərbaycan türklərinin təhsil
tarixinə dair araşdırmalarından Ə.Şərifin
deputatlığa paralel olaraq Borçalı qəzasının
məktəb şöbəsinin müdiri vəzifəsini
tutub, qəzada maarif işinin inkişafına rəhbərlik
etdiyi bəlli olur: “1919-cu il yanvarın 31-də
Borçalı qəza məktəb şöbəsinin
müdiri və idarə üzvü Ə.Şərifovun
imzasıyla Xalq Maarifi Nazirliyinə belə məzmunda təliqə
yazılmışdı: “Borçalı qəzasında məktəb
işi öz inkişafının birinci pilləsindədir və
buna görə Xalq Maarifi Nazirliyinin ona xüsusi diqqət
yetirməyini tələb edir. Ələlxüsus, bu
baxımdan müsəlman kəndləri geri qalırlar, belə
ki, həmin kəndlərin sayı ilə müqayisədə
məktəblərin sayı olduqca az faizi təşkil edir, məsələn,
Zalqada 5 müsəlman kəndində yalnız bir məktəb
var...”. Yerli idarə məclisi bu durumu, əhalinin
maariflənməsi ehtiyaclarını nəzərə alaraq,
Maarif Nazirliyindən qəzada yeni məktəblər
açılması üçün zəruri kredit buraxmağını
xahiş etmişdi. Nazirlik xahişi yerinə
yetirmiş və qəzada 6 yeni Azərbaycan məktəbi də
təşkil olunmuşdu”.
1919-cu
ilin 14-17 fevral tarixində bərabər və birbaşa
seçki hüququ əsasında gizli və azad səsvermə
yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində
Gürcüstan Milli Şurasının transformasiyası əsasında
yaranmış parlament fəaliyyətini dayandırır və
ali qanunvericilik səlahiyyətini
Gürcüstan Müəssislər Məclisinə
ötürür.
Arxiv sənədlərindən
və o dövrün mətbuat xəbərlərindən
aydın olur ki, Müəssislər Məclisinə seçkilər
zamanı Gürcüstan Sosial-Demokrat Fəhlə
Partiyasının 14 yanvar 1919-cu il tarixində təsdiq
olunmuş ilkin siyahısına 3 türk-müsəlmanın
‒ 39-cu sırada Hüseynqulu (Söyünqulu) Məmməd
oğlu Məmmədovun, 65-ci sırada Əbdüləziz
Qurbanəli oğlu Şərifovun və 119-cu sırada
Əhməd Əli oğlu Məmmədovun adları
salınmışdısa, sonradan müəyyən korrektələr
edilir və siyahıda yalnız əslən Qaraçöp
mahalının Yor-Muğanlı kəndindən olan
Hüseynqulu Məmmədovun adı saxlanılır.
Ə.Şərif
1919-cu ilin iyun ayında Borçalı qəzasının
“eroba” adlanan yerli özünüidarəetmə orqanlarına
seçkilərə qatılaraq Gürcüstan Sosial-Demokrat Fəhlə
Partiyasının və “Hümmət”in vahid siyahısı
üzrə Borçalı dairəsindən qəza
“qlasnı”sı (deputat) seçilir.
20-22 iyul
1919-cu il tarixində Katerinenfeld
(Yekaterinenfeld – indiki Bolnisi şəhəri) koloniyasında
Borçalı qəza yerli özünüidarəetmə məclisinin
ilk iclası keçirilir. 24 qlasnının,
Daxili İşlər naziri P.Çiçinadzenin və Müəssislər
Məclisinin üzvü E.Sirbiladzenin iştirak etdiyi
toplantıda əvvəlcə qlasnıların təntənəli
surətdə andiçmə mərasimi keçirilir.
Toplantıda
salamlama nitqi ilə Daxili İşlər naziri
çıxış etdikdən sonra sayları 5 nəfər
üzvdən ibarət yerli özünüidarəetmə idarəsi
(“zemstvo uprava”sı) formalaşdırılır; üzvlərdən
ikisi ‒ P.M.Kavkasidze və R.A.Ramişvili kənardan dəvət
olunurlar, üçü isə ‒ Ə.Q.Şərifov
(Moskva Kommersiya İnstitutunun 4-cü kurs tələbəsi),
N.S.Papandopulo (milliyyətcə yunan, orta təhsilli xalq müəllimi)
və E.İ.Kromer (milliyyətcə alman, orta təhsilli)
qlasnılar arasından seçilirlər. P.M.
Kavkasidze idarənin sədri seçilir. İclasda idarənin
sədrinə 2500 rubl, üzvlərinə isə 2250 rubl
aylıq məvacib təyin olunur, həmçinin idarə nəzdində
12 şöbə təsis edilir. Ə.Şərifə
xalq maarifi, tibbi-sanitar və veterinar (baytarlıq) şöbələri
həvalə olunur. “Qafqaz şəhəri”
jurnalının 1919-cu il 1 noyabr tarixli
sayına istinadən təqdim etdiyimiz bu məlumatda
Ə.Şərifin 1915-ci ildə qəbul olunduğu Moskva
Kommersiya İnstitutunun 4-cü kurs tələbəsi olması
barədə qeyd diqqəti çəkir. Bu qeyddən
aşkar olur ki, Ə.Şərif Gürcüstanda yaşayaraq
ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla bərabər
ali təhsilini də qiyabi və kəsintisiz
şəkildə davam etdirə bilirdi.
Borçalı
qəza idarəetmə məclisinin ilk toplantısı
iştirakçılarının ‒ məclisin sədri
Al.K.Korintelinin, yerli özünüidarəetmə idarəsinin
sədri P.M.Kavkasidzenin və üzvləri Ə.Q.Şərifovun,
E.İ.Kromerin, N.S.Papandopulonun, R.A.Ramişvilinin, eləcə də
toplantıya qatılan qəza qlasnılarının birgə
fotoşəkli gürcü dilində nəşr olunan “Teatr və
həyat” dərgisinin 1919-cu il 12-ci sayında dərc olunaraq
tarixin yaddaşına həkk olunmuşdur.
16 dekabr 1919-cu ildə Borçalı qəzasının
Katerinenfeld alman koloniyasında Gürcüstan “Hümmət”
Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər)
ilk qurultayı keçirilir. Qurultayda Ə.Şərif
partiyanın Mərkəzi komitəsinin sədri, bolus-kəpənəkçili
Molla İsa Molla Nəsib oğlu ‒ sədr müavini,
arıxlılı Ziyəddin Əfəndiyev (ədəbiyyatşünas,
publisist, yazıçı və şair Ziya Borçalı)
‒ katibi, Məşədi Bala Aslan oğlu, Axlımahmudlu kəndindən
Məmməd Hacı oğlu, Saraçlıdan Qurban Həsən
oğlu (Aşıq Hüseyn Saraçlının atası) və
İ.Aslan oğlu isə üzvləri seçilirlər.
Qeyd edək
ki, Gürcüstan “Hümmət” Partiyasının Mərkəzi
komitəsində təmsil olunanlardan M.Hacı oğlu ilə M.B.Aslan
oğlu Ə.Şəriflə birlikdə Borçalı dairəsindən,
M.İ.Nəsib oğlu və Q.Həsən oğlu isə
Katerinenfeld dairəsindən Borçalı qəza deputatı
seçilmişdilər. Z.Əfəndiyevin
adı isə Tiflis Şəhər Şurasına 2 fevral
1919-cu ildə keçirilmiş seçkilər zamanı
Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının
seçki siyahısında 90-cı sırada yer
almışdı.
Gürcüstan hümmətçi-menşeviklərinin
ilk qurultayında partiyanın yeni seçilmiş mərkəzi
komitəsinə Gürcüstan Sosial-Demokrat Fəhlə
Partiyasının mərkəzi komitəsi ilə sıx əməkdaşlıq
əlaqələri qurmaq həvalə olunur və növbəti
qurultayın 1920-ci ilin yaz fəslinin sonunda
çağırılması qərarlaşdırılır.
Azərbaycan
sovet işğalına məruz qalandan bir neçə gün
sonra, 1920-ci ilin may ayının 14-də Ə.Şərifin sədrliyi
ilə Katerinenfelddə solçu yönümlü
Borçalı müsəlmanlarının növbəti
qurultayı keçirilir. Qurultay iştirakçıları
Ə.Şərifin imzası ilə Gürcüstan
Respublikası hökumətinin sədrinə belə bir
depeşa göndərir: “Borçalı müsəlmanlarının
qurultayı sizi – hüquq-bərabərlik bayrağını
yüksəkdə tutan, respublikanın müstəqilliyini
qapıda dayanmış düşməndən (bolşeviklərdən
– F.V.-H.) qorunmasını əhd etmiş
gürcü demokratiyasının rəhbərini salamlayır.
Yaşasın Gürcüstan Respublikası”.
Qurultay tərəfindən
Gürcüstan Müəssislər Məclisinin sədrinə
də aşağıdakı məzmunda teleqram
ünvanlanır: “Borçalı müsəlmanlarının
qurultayı xalqın iradəsinin ifadəçisi olan Müəssislər
Məclisini salamlayır və ümid edir ki,
Gürcüstanın birləşmiş demokratiyası
respublikanın bütün düşmənlərinə cavab
verəcək”.
***
“Hümmət”in
Gürcüstan şöbəsinin Azərbaycan türkcəsində
həftəlik yayım orqanı “Yeni dünya” siyasi, ictimai,
iqtisadi, xalq qəzetinin 30 noyabr 1920-ci il tarixli 24-cü
sayında dərc olunmuş məlumatdan Ə.Şərifin həmin
ilin 26 noyabrında Gürcüstan hökumətinin sədri
N.Jordaniya ilə görüşərək türk-müsəlman
əhalinin təhsil, mədəniyyət, mətbuat və digər
sahələrdə üzləşdiyi problemləri müzakirə
etdiyi bəlli olur: “Bu cümə günü Gürcüstanda
“Hümmət” firqəsinin sədri yoldaş Ə.Şərif
Gürcüstan hökumətinin sədri Noe Jordaniyanın
hüzurunda bulunub ona Gürcüstan müsəlmanlarının
haqqında bir məruzə təqdim etmişdir. Bu məruzədə Ə.Şərif
Gürcüstan türklərinin mədəniyyət və
maarif işlərinə kömək istəyir. Bu kömək
gərək ibarət olsun: 1) Türk müəllimləri
hazırlaşdırmaqdan və hər haradan olsa, əlli nəfər
ali mədrəsələr qurtarmışların
çağırılmağından, 2) Tiflisdə Türk
teatrosundan və qeyri-maarif cəmiyyətlərindən ötəri
Vorontsov küçəsində bir böyük ev tikilməsindən
ki, bu evdə həm teatro olsun, həm də xalq
darülfünü, qiraətxana, kitabxana və qeyri, 3) Türk
dilində qəzet və kitabçalar çap olunmasına
kömək etməkdən...”.
Məlumdur
ki, Gürcüstan Demokratik Respublikası 1921-ci ilin fevral
ayında süquta uğrayandan sonra Ə.Şərif vaxtilə
Gürcüstan Milli Şurasında eyni kürsünü
bölüşdüyü Əliheydər Qarayevin göstərişi
ilə Gürcüstan Sosial-Demokrat Partiyası (menşeviklər)
Mərkəzi komitəsinin üzvü kimi həbs edilərək
Bakıya gətirilmiş, lakin çox keçmədən Nəriman
Nərimanovun birbaşa müdaxiləsi ilə azadlığa
buraxılmışdır. 1922-ci ilin yanvar
ayında Naxçıvan Sovet Sosialist Respublikasının
(1920-1923-cü illərdə mövcud olub, 1924-cü ildən
Naxçıvan MSSR – red.) Gürcüstanda
nümayəndəsi təyin edilmiş, 1925-1935-ci illərdə
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi
vəzifəsini tutmuşdur. XX əsrin
20-30-cu illərində Tiflisdə müxtəlif dövlət
vəzifələri icra etməklə yanaşı, mətbuat
və nəşriyyat sahəsində də
çalışmışdır. 1943-cü ildə
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid
bölməsini bitirmiş, 1950-1961-ci illərdə SSRİ
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda və Dünya Ədəbiyyatı
İnstitutunda baş elmi işçi olmuş, 1956-cı ildə
“Cəlil Məmmədquluzadənin həyat və
yaradıcılığı” mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə
Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1961-1988-ci
illərdə M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Filologiya fakültəsində
SSRİ xalqları ədəbiyyatı kafedrasının
professoru vəzifəsində
çalışmışdır. O, 1988-ci ildə Moskvada vəfat
etmiş, Naxçıvanda dəfn olunmuşdur.
***
Tənqid,
ədəbiyyatşünaslıq və bədii tərcümə
sahəsində səmərəli fəaliyyət göstərən
Ə.Şərif ilk gənclik illərində Tiflisdə nəşr
olunan “Molla Nəsrəddin” jurnalının redaksiyasında
işləmiş, həmin dövrdə görkəmli Azərbaycan
şair və yazarlarından M.Ə.Sabir, Ə.Haqverdiyev, H.Cavid
və Ə.Qəmküsarla yaxın dostluq əlaqələrində
olmuş, ədəbi fəaliyyətə də “Molla Nəsrəddin”də
dərc olunan “Naxçıvandan məktublar”ı ilə
başlamışdır. Ə.Şərifin
Ə.Haqverdiyevlə dostluq əlaqələri onların
Gürcüstan Milli Şurasında – parlamentində həmkar
olduqları zamandan etibarən daha da dərinləşir.
Bu barədə o, xatirələrində yazırdı:
“...Tiflisdə
Müsəlman Milli Şurası həmin il
(1918-ci il – F.V.-H.) 29 sentyabrda öz tərəfindən
Gürcüstan parlamentinə dörd nəfər nümayəndə
seçmişdi: Əbdürrəhim bəy Haqverdiyev, Əliheydər
Qarayev, müəllim Mirzə Hüseyn Həsənzadə və
mən. Bu vaxtdan etibarən ta Haqverdiyev Bakıya
gedən günə qədər biz hər gün, ya
günaşırı görüşür,
danışır, dərdləşirdik. Nəticədə
biz daha da yaxınlaşdıq... Mənim arxivimdə Tiflisdə
K.Y.Zubalov adına Xalq evi nəzdində
Türk Dram Cəmiyyətinin 1919-cu il üçün
üzvlük bileti vardır. Mənim adıma
yazılmış bu bileti Türk Dram Cəmiyyəti İdarə
heyətinin sədri Ə.Haqverdiyev imzalamışdır”.
Ə.Şərif,
yuxarıda təqdim etdiyimiz məlumatlardan da
göründüyü kimi, varlığını cəmi 33
ay sürdürə bilmiş Gürcüstan Demokratik
Respublikasının ictimai-siyasi həyatında istər
Gürcüstan parlamentinin üzvü və Borçalı qəzasının
deputatı, istərsə də Gürcüstan “Hümmət”
Sosial-Demokrat Partiyasının mərkəzi komitəsinin sədri
kimi kifayət qədər aktiv rol oynasa da, çap olunmuş
xatirələrində, çox güman ki, sovet siyasi-ideoloji
konyunkturuna uyğun olaraq həmin tarixi dövrdəki fəaliyyəti
və əlaqələri barədə heç nə
açıqlamırdı.
Fəxri VALEHOĞLU-HACILAR,
tarix elmləri doktoru
Mədəniyyət.- 2020.-9
oktyabr.- S.6.