Afaq Məsudun yaradıcılığı Misir mətbuatında

 

Misirin “Əl-Kəlimə” (“Söz”) ədəbiyyat jurnalının oktyabr nömrəsində Azərbaycan Xalq yazıçısı Afaq Məsudun “Gecə” hekayəsi və yaradıcılığı haqqında məqalə dərc olunub.

 

Məqalədə yazıçının yaradıcılığının müxtəlif mərhələlərindən bəhs olunur, romanlarında, hekayələrində və pyeslərində insanın daxili aləmindəki ziddiyyətli məqamlara, üzləşdiyi mənəvi-psixoloji sarsıntılara, müasir Azərbaycan qadınının ailədə və cəmiyyətdə yaşantıları kimi aktual, həssas mövzulara toxunulduğu diqqətə çatdırılır.

 

Qeyd edək ki, ərəbdilli ölkələrə yayılan jurnal Azərbaycan yazıçısının yaradıcılığına ilk dəfə müraciət edir. Məqalənin müəllifi və hekayənin ərəb dilinə tərcüməçisi ədəbiyyatşünas alim Əhməd Sami əl-Aydidir. Bakıdakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri olmuş Əhməd Sami əl-Aydi Azərbaycan ədəbiyyatından bir sıra nümunələri ərəb dilinə tərcümə edib.

 

 

Mədəniyyət.- 2020.- 9 oktyabr.- S.8.