Türk dünyası təşkilatları işğalçı ölkənin təxribatlarını pisləyir

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

 

Bəyanatda Türk Şurasının Azərbaycan şəhərlərinin və mülki əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması qətiyyətlə pislənilir və bunun beynəlxalq hüquqa zidd olduğu bildirilir: “Bu cür hücumlar dayandırılmalı və işğalçı qüvvələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxmalıdır”.

 

***

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ermənistan tərəfindən Azərbaycanın Gəncə şəhərinin raket hücumuna məruz qalması ilə bağlı bəyanat yayıb. “Ermənistanın Vardenis rayonundan Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində dinc əhali arasında 9 insan həlak olmuş, azyaşlı uşaqlar da daxil 30-dan çox mülki şəxs ciddi bədən xəsarəti almış, xeyli dərəcədə dağıntılar olmuşdur. Bu terrorizm aktı Ermənistanın təcavüzkar siyasətini bir daha açıq şəkildə ortaya qoyur. Humanitar atəşkəsi kobud şəkildə pozan erməni aqressorlarının törətdiyi bu cinayət Cenevrə Konvensiyalarına tamamilə ziddir. Dünya ictimaiyyətini beynəlxalq terrorizmə düzgün qiymət verməyə, onu qəti və açıq şəkildə qınamağa çağırırıq”, – deyə bəyanatda bildirilir.

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.3.