İnsana əbədiyaşarlıq
qazandıran onun nəcib əməlləridir
Şahverdi Salmanoğlu (Hüseynov) Lerik Rayon Mərkəzi Xəstəxanasında İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışır.
Xalqını, vətənini sevən bir ziyalı kimi zəngin daxili aləmi həm də könül bağladığı sözün saflığında görünür. Şahverdi müəllim mütəmadi olaraq Azərbaycan publisistikasına xalqın əxlaqi-mənəvi dəyərlərini özündə yaşadan yazılar ərməğan edir. İnsanların mənəvi dünyasından, torpağın, vətənin taleyindən söz açan yazıları maraqla oxunur.
Bu günlərdə onun publisist üslubda qələmə aldığı “Kamil iman sahibi” kitabı işıq üzü görüb. Kitab tanınmış ilahiyyatçı, kamil iman sahibi, el ağsaqqalı Abbasqulu Kərbəlayı Hüseyn oğlu Mehdiyevin ömür yoluna həsr olunub.
Lerik rayonunun Günəşli kəndində 1890-ci ildə dünyaya göz açan Abbasqulu Mehdiyev 90 il ömür sürüb. Çörəyi-duzu halal, süfrəsi açıq mərd bir kişi olub. Həyatı boyu xeyirxahlıq etməkdən usanmayıb. Doğma yurda, vətənə bağlılığı, səxavəti bu yerlərin daşına, torpağına, suyuna hoparaq indinin özündə də ali bir keyfiyyət hesab edilir.
Bütün bu deyilənləri müəllif kitabda sənədli-bədii lövhələrlə sözün dəyərindən zövq ala-ala təsvir edib. Kitabı oxuduqca bir daha başa düşürsən ki, insana əbədiyaşarlıq qazandıran onun nəcib əməlləri, torpağına bəslədiyi halal sevgisidir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Mədəniyyət.- 2020.- 14
oktyabr.- S.6.