Bölgələrdəki rəssamlar üçün əməkdaşlıq imkanları

 

Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşan yeni layihə davam edir.

 

Qalereyadan bildirilib ki, layihənin əsas məqsədi bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların həm bir-biri ilə sənət mübadiləsinə, həm də tanımasına zəmin yaratmaqdır. Bununla da rəssamlar mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdıracaq və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra biləcəklər.

 

Bəzən rəssamlar yaradıcılıq fəaliyyətinin nəticələrini, əsərlərini, bədii fikir və axtarışlarını özlərində saxlamaqla kifayətlənir, geniş ictimaiyyətin bununla tanış ola bilməsi üçün zəruri addımları ata bilmirlər. Əgər bu fəaliyyətin tərkibinə əməkdaşlıq elementi daxil edilərsə, o zaman rəssamlar birgə işin, dərin təhlilin üstünlükləri ilə tanış olacaqlar.

 

Həmçinin öz yaradıcılıq mühitinin müsbətə doğru dəyişilməsi üçün təsir imkanlarına malik olacaqlar. Bunun üçün bölgələrdə yaşayan rəssamlar öz bioqrafiyalarını, əlaqə nömrələri, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları qalereyas@bk.ru ünvanına göndərə bilərlər.

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.7.