Mir Cəlal adına hekayə müsabiqəsi yekunlaşıb

 

 

Səkkiz dildə 539 əsər təqdim olunub

 

“Ədibin Evi” tərəfindən keçirilmiş Mir Cəlal adına 2-ci Hekayə müsabiqəsi başa çatıb. Müsabiqədə ümumilikdə  539 müəllif iştirak edib.

 

Hekayələrin 218-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan, qalanı isə müxtəlif regionlardan göndərilib. İştirakçılar sırasında 182 məktəbli, 14 əcnəbi yer alıb. Əcnəbi iştirakçılar Türkiyə (3 nəfər), BosniyaHerseqovina (2), Gürcüstan (2), İran, Hindistan, İndoneziya, Serbiya, Xorvatiya, LitvaBelarusu (1 nəfər) təmsil edib. Hekayələr ümumilikdə 8 dildə (Azərbaycan, İndoneziya, Bosniya, rus, türk, ingilis, serb, xorvat) təqdim edilib.

 

Münsiflər heyətinin tərkibində Xalq yazıçıları Elçin, Kamal Abdulla, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, ədəbiyyatşünas alimlər Təhsin Mütəllimov, Şirindil Alışanlı, teatrşünas İlham Rəhimli və “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə yer alıb.

 

Müzakirələr zamanı münsiflər heyətinin ümumi rəyi belə olub ki, müasir dövrdə Azərbaycanda hekayə janrına maraq olduqca böyükdür. Müsabiqə iştirakçılarının sayı, iştirakçıların müxtəlif yaş, təhsil, peşəkarlıq kateqoriyalarına aid olması bunu deməyə əsas verir. İkinci müsabiqədə iştirakçıların sayının əhəmiyyətli dərəcədə artması onu göstərir ki, “Ədibin Evinin təşkil etdiyi müsabiqə bu sahəyə marağı daha da genişləndirib.

 

Münsiflərin ümumi rəyi əsasında birinci yer üzrə qalib seçilməyib. İkinci yer üzrə 2 və üçüncü yer üzrə 3 qalib müəyyən olunub. Birinci yer üçün ayrılan pul mükafatı isə 6  həvəsləndirici mükafatçı arasında bölünüb.

 

Beləliklə, ikinci yer üzrə Tural TuranXalça oğrusu”, Sevinc Nuruqızı isə “Kəpənək ömrü” adlı hekayələrlə qalib olub (hər biri 2000 AZN məbləğində mükafat) olub.

 

Üçüncü yerə Fuad Əliyev “Ëþäè Ãåëëåðò Óàéò”, Vaqif Nəsib “Badamlar çiçəkləyəndə” və Mirmehdi AğaoğluYapon balığı” adlı hekayələrə görə (hər biri 1000 AZN məbləğində mükafat)  layiq görülüblər.

 

Bundan əlavə, Alpay Əhmədova (“Ay işığında tabut”), Esmira İsmayılovaya (“Bir, ikison”), Nemət Rüstəmliyə (“Yağış yağsın və yağmasın”), Vahid Aslana (“Müəllim”), Qəşəm Nəcəfzadəyə (“Gəncə göyü”) və Pəri Ağakişiyevaya (“Tut ağacı”) həvəsləndirici mükafatlar (hər biri 500 AZN) verilib.

 

Qaliblər və həvəsləndirici mükafat alanlar arasında peşəkar jurnalistlər, dövri mətbuatda mütəmadi dərc olunan müəlliflər var. Qaliblər sırasında yer alan Fuad Əliyev 132-134 nömrəli Təhsil Kompleksinin 8-ci sinif şagirdidir. Həvəsləndirici mükafat alan Pəri Ağakişiyeva isə İsveçdə magistr təhsilini yenicə bitirib.

 

Hazırda ölkəmizdə mövcud olan hərbi vəziyyəti və dünyada davam edən pandemiya vəziyyətini nəzərə alaraq, müsabiqənin yekunlarına dair tədbirin keçirilməsi təxirə salınsa da, mükafatlar sahiblərinə çatdırılacaq. Müzəffər Ordumuzun torpaqlarımızın azad olunması uğrunda keçirdiyi döyüş əməliyyatları başa çatdıqdan sonra müvafiq tədbirin keçirilməsi nəzərdə tutulur. Mükafata layiq görülmüş hekayələr isə “Azərbaycan” jurnalının növbəti nömrələrində işıq üzü görəcək.

 

Qeyd edək ki, İçərişəhərdə yerləşən “Ədibin Evi” Azərbaycan dilini və ədəbiyyatını təbliğ edən yaradıcılıq mərkəzidir. Böyük alim, yazıçı və pedaqoq Mir Cəlal 1929-1941-ci illərdə bu evdə yaşayıb, bir sıra məşhur əsərlərini də burada qələmə alıb. Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanıb. “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə iki ildən bir Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.

 

Birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilmiş, qaliblər 2018-ci ilin may ayında mükafatlandırılmışdı.

 

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.5.