Mülki əhali yenə düşmən hədəfində

 

Ermənistan silahlı qüvvələri oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozaraq mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

 

Baş Prokurorluqdan bildirilib ki, oktyabrın 14-də səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Rayonun Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

 

Həmin gün Tərtər rayonu ərazisində orta məktəbin həyətinə mərmi düşməsi nəticəsində rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1971-ci il təvəllüdlü Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1966-cı il təvəllüdlü Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri 1976-cı il təvəllüdlü Əliyev Mətləb Cəmşid oğlu, 1987-ci il təvəllüdlü Əhmədov Xəyyam Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü İbrahimov İlqar İbrahim oğlu, 1996-cı il təvəllüdlü Ağazadə Firdovsi Alim oğlu və 1960-cı il təvəllüdlü Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Bundan başqa, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin (AzTV) bölgəyə ezam olunmuş əməkdaşı 1983-cü il təvəllüdlü Qəmbərov Namiq Malik oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən televiziyanın xidməti avtomobilinin atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, avtomobilə isə ciddi ziyan dəyib.

 

***

 

Erməni vandalizminə ən çox məruz qalan yaşayış məntəqələrimizdən biriFüzuli rayonunun Şükürbəyli kəndidir. İşğalçı ordu kəndi ağır artilleriya və raketlərlə atəşə tutur, dinc əhalini hədəfə alır. Lakin buna baxmayaraq kənd sakinləri düşməndən qorxmur və mərd-mərdanə öz yurdlarında yaşayırlar. Erməni faşistlərinin təxribatı nəticəsində kənddə onlarla ev dağılıb, sosial obyektlər sıradan çıxıb, təsərrüfatlara xeyli ziyan dəyib. Kənd sakini Cəlal Qasımov doğma yurdlarından heç bir yerə getməyəcəklərini deyib: “Biz öz doğma kəndimizdəyik, heç yerə getmək fikrimiz yoxdur. Hər ötən gün məğlubiyyətə uğrayan ermənilər kimdir ki, biz onlardan qorxaq. Allah Ordumuzu qorusun və yaxın günlərdə bütün torpaqlarımız işğaldan azad olunsun. Biz inanırıq ki, qələbə günü çox yaxındadır!”.

 

Füzulinin Alxanlı kəndinin yenidən ağır artilleriya atəşinə tutulması nəticəsində yaşayış evləri dağıntıya məruz qalıb, təsərrüfat böyük ziyan görüb.

 

***

 

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutmaqda davam edir.

 

1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozan düşmən oktyabrın 15-də səhər saatlarından başlayaraq Ağdam rayonunun yaşayış məntəqələrini müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə məruz qoyub. Rayonun Birinci Baharlı qəsəbəsində fərdi evlərə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Bir neçə evə ciddi ziyan dəyib.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 16 oktyabr.- S.4.