Gəncəyə raket hücumu ilə bağlı UNESCO Baş direktoruna müraciət olunub

 

 

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə məktubla müraciət edib.

 

Məktubda deyilir:

 

Hörmətli Baş direktor!

 

Sizə əvvəlki məktubuma əlavə olaraq, nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycanın beynəlxalq ictimaiyyətin hər iki tərəfə etdiyi hərbi fəaliyyəti dayandırmaqla bağlı çağırışlarına hörmət edərək, humanitar atəşkəs təşəbbüsünü qəbul etdiyi bir vaxtda, erməni silahlı qüvvələri atəşkəsin ilk günündə münaqişə zonasından təxminən 80 km aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücuma başladılar.

 

Oktyabrın 11-i gecə saat 2-də Gəncənin əhalinin sıx yaşadığı ərazisini hədəfə alan bu dəhşətli hücum nəticəsində 4-ü qadın olmaqla 10 mülki şəxs həyatını itirdi, 6 uşaq və 16 qadın olmaqla 34 insan yaralandı. Bu qeyri-insani hərəkət nəticəsində 3 uşaq hər iki valideynini itirdi, 10-dan çox yaşayış binası və 100-dən çox mülki infrastruktur zərər gördü.

 

Müstəqil dünya mediasının (BBC, Euronews, France24, AlJazeera, TRTWorld) yayımladığı xəbərlərə istinadən, məqsəd yaxınlıqdakı hərbi hədəfləri vurmaq olmamışdır. Belə ki, erməni raket hücumunun niyyəti məhz dinc və günahsız mülki vətəndaşlara qarşı qəsdən bir terror aktı törətmək idi. İlk dəfə yüksək dağıdıcı ballistik “SCUD” raketindən istifadə edərək, Ermənistan silahlı qüvvələri mümkün qədər çox itki və dağıntılara səbəb olmaq niyyəti ilə əhali arasında qorxu və fəsad yaratmağa nail olmaq istədi. Bu, 1949-cu il IV Cenevrə Konvensiyasına əsasən, müharibə cinayətidir və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməlidir. Belə vəhşi hərəkətə heç vaxt bəraət qazandırıla bilməz, çünki heç bir amil mülki şəxslərin qəsdən atəşə tutulmasına haqq qazandırmır.

 

Ermənistan silahlı qüvvələri dinc mülki vətəndaşlarla yanaşı, münaqişə zonasında çalışan jurnalistləri də hədəf alır. Elə bu yaxınlarda Azərbaycan Televiziyasının heyəti Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu, nəticədə 2 jurnalist xəsarət aldı və avtomobillərinə ziyan dəydi. Xatırladaq ki, mətbuat azadlığı və beynəlxalq ifadə azadlığının öhdəliklərini pozaraq, Ermənistan Xarici İşlər NazirliyiNovaya Gazeta”nın rus jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərindən müstəqil reportajları səbəbiylə akkreditasiyasını ləğv edib.

 

Ermənistanın heç nəyə fərq qoymadan açdığı atəşlər nəticəsində təhsil infrastrukturuna, dini və mədəni abidələrə və binalara da ciddi ziyan dəyməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, məktəblər bu cür hücumlara məruz qalaraq hədəf zonalarına çevrilmişson məlumatlara görə, bu günə qədər 37 məktəbin zədələndiyi və ya məhv edildiyi bildirilir.

 

İlk məktubumda bəhs etdiyim 19-cu əsr Gəncə gimnaziyasına əlavə olaraq, 9-cu əsrin İmamzadə məscidi, 19-cu əsr Aleksandr Nevski Pravoslav kilsəsi kimi digər abidələr də Ermənistanın davamlı raket hücumları nəticəsində zərər görüb. Bu isə o deməkdir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçün müqəddəs heçnə yoxdur.

 

Vurğulamaq istərdim ki, Gəncə sıradan bir şəhər deyil, bu şəhər Azərbaycan xalqının tarixində və həyatında mühüm rol oynamış və oynamağa davam edir. Bu şəhər Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şair və filosofları ilə tanınan bölgənin mədəniyyət mərkəzlərindən olmaqla yanaşı, həm də tarixən Azərbaycan xalqının xarici təcavüzə qarşı gücünü və dayanıqlığını simvollaşdırır. Bu mənada, Gəncənin 1918-ci ildə müsəlman dünyasında ilk olan Azərbaycan Demokratik Respublikasının birinci paytaxtı, demokratiyanın vətəni olması heç də təsadüfi deyil.

 

Bildiyiniz kimi, mədəni irsin hədəfə alınması, İCC-nin 2016-cı ildə Əl-Mehdi işi ilə bağlı verdiyi məşhur qərarına uyğun olaraq müharibə cinayətidir. Ermənistan 27 ildən çoxdur ki, işğal olunmuş Azərbaycan ərazilərindəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edirya dəyişdirir. Bu, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair faktaraşdırma missiyaları tərəfindən sənədləşdirilmişdir. Bundan əlavə, beynəlxalq medianın peyk şəkilləri və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq humanitar hüquqa, o cümlədən “Silahlı münaqişə baş verdikdə mədəni mülkiyyətin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasına və onun iki Protokoluna zidd olmasına şahidlik edir.

 

UNESCO-nun sadiq üzvü olaraq, Azərbaycan hər zaman təşkilatın mədəni irsi saxlamaqqorumaq üçün insanların kollektiv yaddaşının və şəxsiyyətinin qiymətli bir elementi kimi nəcib missiyasını dəstəkləyir. Bildiyiniz kimi, ölkəmiz nəinki UNESCO üzv dövlətləri, həm də NATO kimi digər beynəlxalq təşkilatlar tərəfindən geniş istifadə olunan və hərbi qurumlarda istinad materialına çevrilən Mədəni sərvətlərin mühafizəsi üzrə Hərbi Təlimatın hazırlanmasını və nəşrini həm texniki, həm də maliyyə cəhətdən dəstəkləyib. Bu təlimat hərbi personala silahlı qarşıdurmalar zamanı mədəni sərvətlərin qorunması barədə məlumat verən bu tip ilk nəşrdir.

 

Azərbaycan həmçinin UNESCO-nun fövqəladə hallarda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı fəaliyyətini də dəstəkləyir və xüsusən də münaqişə ilə əlaqəli vəziyyətlərdə, o cümlədən məcburi yerdəyişmə vəziyyətlərində qeyri-maddi mədəni irsin qorunması üçün potensialın qurulması fəaliyyətlərinin inkişafı və həyata keçirilməsinə dəstək olaraq, İCH Fonduna (Qeyri-Maddi Mədəni İrs Fondu) maddi yardım etmişdir.

 

Dünya İrs Komitəsinin 43-cü iclası münasibətilə Azərbaycana son səfəriniz vaxtı münaqişə zamanında irsi qorumaq üçün genişləndirilmiş tədbirlərə çağıran Bakı Bəyannaməsini qəbul etdik.

 

İnanıram ki, UNESCO yuxarıda göstərilən cinayətləri pisləməkdə və Ermənistan Respublikasını mülki şəxslərə, mülki infrastruktura, mədəni və dini abidələrə qəsdən hücumlardan çəkinməyə və beynəlxalq qanunlardan irəli gələn öhdəliklərə əməl etməyə çağırmaqda daha böyükdaha fəal rol oynaya bilər. Eyni zamanda, mən UNESCO-nu da insanlıq əleyhinə olan erməni cinayətlərini ifşa etmək üçün beynəlxalq səylərin önündə görmək istərdim.

 

Bu mövzuda dəstəyinizə güvənirik və bölgədə davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün UNESCO ilə sıx əməkdaşlıq etməyə tam açıq və hazır olduğumuzu bir daha bəyan edirik.

 

Gəncə və onun mədəni və dini infrastrukturuna erməni hücumlarının nəticələrinin fotoları əlavə edilir.

 

Mədəniyyət.- 2020.- 16 oktyabr.- S.1;2.