Kədərli “Sevil”in
uğurlu sədası
Azərbaycanın görkəmli dramaturqu Cəfər
Cabbarlının məşhur “Sevil” dramı qadın
azadlığına həsr olunan əbədi abidədir. İnsanların
zəkasında parlaq nur yaradan, düşüncələri
aydınladan bu abidənin örnəkləri uzun illərdir məna
dəyərini itirmir, müasirliyini (ideya baxımından)
qoruyub saxlayır.
Geniş oxucu kütləsinin sevgisini qazanan tarixi-inqilabi
mövzulu əsər 1929-cu ildə dramaturq Cəfər
Cabbarlı və ssenarist Qriqori Braginskinin birgə
yazdıqları ssenari əsasında
ekranlaşdırıldı. Filmdə cəhaləti,
köhnəlmiş qayda-qanunları tənqid edən fikirlə
yanaşı, inqilabi proseslər də əks olundu. Yeni
həyat quruculuğunu təbliğ edən film aktual
mövzulu ekran əsəri olaraq az müddət
ərzində geniş tamaşaçı auditoriyası tərəfindən
rəğbətlə qarşılandı. Oxuma-yazma
bilməyən, təhsilsiz qadınların filmlə ilk
tanışlığı isə müəllif
ideyasını daha tez və dərindən qavramalarına, həyata
daha aydın, fərqli nəzərlərlə baxmalarına səbəb
oldu.
Cəmiyyətin təhsilli, bərabərhüquqlu
yaşamalı olduğunu təbliğ edən mühüm
ideyalı əsər ikinci dəfə (1970) film-opera
janrında (yeni quruluşda) tamaşaçılara təqdim
olundu. XX əsrin
əvvəllərində ərinin xəyanətinə,
dövrünün haqsızlığına məruz qalan
Sevilin yanğılı naləsini tamaşaçılar yeni
formatda, görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət
Əmirovun yazdığı ariyaların müşayiəti
ilə izlədi. Eyniadlı pyesin motivləri və
F.Əmirovun eyniadlı operası əsasında
ekranlaşdırılan filmə quruluş vermək
üçün Moskvadan bir çox film-operanın rejissoru
kimi tanınan Vladimir Qorikker dəvət olundu. Filmin ssenarisi üzərində V.Qorikkerlə birlikdə
Andrey Donatov və Tələt Əyyubov da işlədi.
Texniki və yaradıcı heyətlə birlikdə 60-a
yaxın kinematoqrafçının ərsəyə gətirdiyi
filmin çəkilişləri 4 aya yekunlaşdı. Montaj prosesləri
tamamlandıqdan sonra ümumilikdə film 10 ay (hazırlıq,
çəkiliş, montaj) ərzində Moskva Dövlət
Kino Komitəsinə təhvil verildi. Ekran əsərinin
yüksək bədii keyfiyyətini bəyənən Bədii
şura Azərbaycanın ilk film-operasını birinci
kateqoriyada qəbul etdi. Bu il ekran əsərinin
lentə alınmasının 50 ili tamam olur.
***
Filmdə rejissor assistenti kimi çalışan, Əməkdar
mədəniyyət işçisi Akif Rüstəmovun məlumatına
görə, ekran əsərinə 350 min rubla yaxın vəsait
ayrılıb.
Natura çəkilişləri Bakıda, İçərişəhərdə,
Qız qalasının qarşısında və ona yaxın ərazilərdə,
Bayılda, bulvarda, həmçinin bulvarın “Kiçik
Venesiya” parkında, paytaxtın ətrafındakı
bağlarda, əsasən Pirşağı və Zığda
aparılıb. Filmin başlanğıcında
təsvir olunan Atakişinin (aktyor Rza Əfqanlı) evi
Pirşağıda çəkilib, kənd yolları isə
Zığda lentə alınıb. Filmin
dekorativ təsvirləri (Balaşın evi, Sevilin qrim
otağı və s.) kinostudiyanın pavilyonunda
hazırlanıb.
Ekran əsərinin baxımlılığını,
ideyasını məntiqli şəkildə təmin etməyə
çalışan quruluşçu rejissor bir neçə
kütləvi səhnənin çəkilişini zəruri
sayıb. Bunun üçün Sevilin timsalında qadın əsarətinə,
haqsızlıqlara etirazını bildirən qadınlarla
yanaşı, dövrün ictimai-siyasi proseslərini əks
etdirən müəyyən mərhələni kütləvi
çəkilişlərin fonunda təqdim edib.
Akif Rüstəmov maraqlı məlumatlarına onu da əlavə
etdi ki, “kütləvi səhnələrin çəkilişi
heç də asan başa gəlməyib. Balaşın evi
qarşısında Sevilin ətrafına toplaşan, hərbçilərlə
qarşı-qarşıya duran izdihamın kütləvi
çəkilişlərində 3000 nəfərə yaxın
insan iştirak edib: “Bir neçə gün əvvəl
kütləvi səhnələrin çəkilişi
üçün insan lazım olduğu haqda elan verirdik. Yerli əhali də həvəslə çəkilişlərə
gəlirdi. Həmin illərdə
kinostudiyanın nəzdində aktyor studiyası fəaliyyət
göstərirdi. Biz həmin studiyaya da
sifariş edirdik. Onlar da bizə kütləvi
səhnələrdə çəkilmək üçün
insanlar tapmaqda köməklik göstərirdi. Hərbçiləri canlandırmaq üçün
“Salyanski” adlanan kazarmanın əsgərlərini və
Bayıldakı Hərbi Dəniz Məktəbinin
kursantlarını cəlb etmişdik. Onu
da qeyd edim ki, kütləvi səhnələrin çəkilişində
iştirak edənlərə bir gün üçün 3 manat
qonorar verilirdi, ancaq onlar üçün ən əsas məsələ
filmdə iştirak etmək idi.
Bəzi səhnələrin qüsursuz alınması
üçünsə peşəkar aktyorlar cəlb olunurdu. Məsələn,
Dilbərin konsertini əks etdirən kadrın çəkilişləri
bulvarda çəkilib. Həmin səhnədə
iştirak etmək üçün Opera və Balet
Teatrının aktyorlarını dəvət etdik. Çünki burjua cəmiyyətini təmsil edən
insanların davranış qaydalarını artıq onlar səhnədən
gözəl bilirdilər, buna görə də onlarla işləmək
asan idi.
Sevili İçərişəhərdə çəkərkən
köhnə Bakını təsvir etmək üçün
ağır rezinlərdən qənbər daşlarına bənzər
döşəmələr düzəldilmişdi”.
“Sevil”in çəkilişləri təkcə Bakıda
aparılmayıb. Filmin finalında Sevilin gəmi ilə gəlməsi,
limanda qızı ilə görüşməsi səhnəsi
Odessada çəkilib. Bu barədə A.Rüstəmov
deyir: “Bizə əhalisi çox olan böyük liman lazım
idi. Buna görə də 500-dən çox
insanın iştirak etdiyi həmin səhnəni Odessada çəkdik.
Filmin operatoru Rasim İsmayılov idi. Həmin illərdə
o artıq məşhur idi. Qorikker Moskvadan
da operator gətirə bilərdi. Ancaq
Rasimin yaradıcılığını görüb bəyənmişdi,
buna görə də onu operator kimi filmə dəvət
etmişdi. Rasim də filmin çəkilişlərinin
asan və tez ərsəyə gəlməsi üçün əlindən
gələni edirdi. Lazım olan
texnikanı vaxtında çəkiliş meydançasına
yığırdı. Buna görə də
işində heç vaxt çatışmazlıq və
qüsur olmurdu. Qorikker də tələbkar
olduğu üçün Rasimin bu keyfiyyətlərini sevirdi.
Qız qalasının ətrafında 3000 nəfərin
iştirak edəcəyi izdihamın qarşıdurma səhnəsi
axşam çəkilməli idi. Kinostudiyada olan iki
“Lixtvagen” enerji ötürən maşın olmasına
baxmayaraq, Rasim bir maşın da Tiflisdən gətizdirdi.
Çəkilişlər əsasən rels və
kran vasitəsilə gerçəkləşirdi. Həmin dövrdə lentin çox korlanmasına
icazə verilmirdi. Kadr iki, ən çoxu
üç dəfə çəkilə bilərdi. Biz səhər saat səkkizdən həmin səhnənin
hazırlıqlarına başladıq. Bütün
hazırlıqlar bitdikdən sonra Rasim həmin kadrı
yarım saata, bir dubla çəkdi”.
***
Sevilin həyat
mövqeyinə, psixoloji durumuna uyğun olaraq bir çox kadrda
sulu gözlü olmasını Valentina
Aslanova necə bacarırdı sualına Akif müəllim belə
aydınlıq gətirdi: “Valentina Aslanova peşəkar teatr
aktrisası idi. Həmin illərdə o, Moskva
Dövlət Sovet Ordusu Teatrında işləyirdi. Onun üçün rola girmək problem deyildi.
Rejissor ağlamaq lazım olduğunu deyən
kimi gözündən yaş axmağa başlayırdı.
Qorikker özü onu baş rola dəvət
etmişdi. Sevil filmindən sonra o, Azərbaycan
kinosunda bir neçə rola dəvət aldı.
Film-opera bəstəkar Fikrət Əmirovun təşəbbüsü
ilə çəkilirdi. Sınaq çəkilişlərində
bəstəkar şəxsən özü iştirak edirdi.
Respublikanın Xalq artisti Səfurə
İbrahimovanın orijinal üslubda yaratdığı Dilbər
rolunun və Xalq artisti Həsən Məmmədovun
oynadığı Balaş obrazının sınaq çəkilişlərində
alternativi yox idi. Səfurə
xanımın ifasını Akademik Dram Teatrından izləyən
Qorikker aktrisanın rolun öhdəsindən bacarıqla gələcəyinə
inandığı üçün onu qətiyyətlə
Dilbər roluna dəvət etmişdi. Obrazın
daxili məziyyətlərini incəliyinə qədər fərdi
yaradıcılıq üslubu ilə cilalayan aktrisa da
film-operanın maraqla baxılmasına, rolun xarakterinin
tamlıqla açılmasına imkan yaratdı”.
***
Filmin musiqiləri Fikrət Əmirovun iştirakı ilə
Moskvada simfonik orkestrin müşayiəti ilə yazılıb. Sevil rolunu Azərbaycan
Dövlət Opera və Balet Teatrının solisti Firəngiz
Əhmədova, Dilbəri isə Qorikkerin həyat
yoldaşı, SSRİ Xalq artisti Qalina Oleyniçenko ifa edib. Balaşın ariyalarını SSRİ Xalq artisti
Lütfiyar İmanov oxuyub. Ariyaları dəqiqliklə
müşayiət etmək üçünsə Fikrət
Əmirovun təşəbbüsü ilə Opera və Balet
Teatrından ustad dərsləri keçən musiqiçi gətirilib,
iki ay müddətində aktyorlara məşq etdirilib.
Akif
müəllim həmin illəri sevgi ilə yada salır: “Bu
filmdə çəkilmək, deyərdim ki, beş qat zəhmət
tələb edirdi. Çünki aktyorlar həm
musiqini əzbərləməli, həm ifa zamanı
artikulyasiyaya dəqiq əməl etməli, həm də rolun
psixologiyasına uyğun oynamalı idilər. İş çətin olsa da, aktyorlar çəkilişə
çox həvəslə gəlirdilər. Qorikker aktyorların peşəkarlığını
xüsusilə qiymətləndirir, onlarla nəzakətlə
davranırdı. Leyla Bədirbəyli ilə, demək
olar ki, dost idilər. Leyla xanım xasiyyətcə
çox mehriban və qonaqpərvər xanım idi. Çox vaxt da Qorikkeri qonaq
çağırırdı.
Qorikker tələbkar rejissor idi. Bir dəfə də
olsun çəkilişə gecikmirdi. Çəkiliş
meydançasında bir çatışmazlıq olanda
acıq edib gedirdi. Neçə dəfə
onu yoldan qaytarmışam. Amma
yoldaşlıqda mehriban insan idi. Filmin
çəkilişləri bitənə qədər
Bakıdakı köhnə “İnturist” mehmanxanasında
qaldı. Bizimlə münasibəti
yaxşı idi. İşimdə
qüsursuz çalışdığım üçün
hətta mənə müsbət rəyli xasiyyətnamə də
yazmışdı”.
“Sevil” filminin texniki heyətində çalışan, bir çox ekran işinin direktoru kimi fəaliyyət göstərən Arif Səfərov söhbətə müdaxilə edir. Bildirir ki, çəkiliş qrupunda nizam-intizam güclü idi: “Qorikker qrupun mehribanlığına, peşəkarlığına heyran olmuşdu. Bakıdan çox razı getdi. Bəlkə buna görədir ki, bir neçə ildən sonra yenə də Bakıda film-opera çəkmək istədi. Amma nədənsə onun bu fikri baş tutmadı.
Filmin rəssamı Elbəy Rzaquliyev idi. Rejissor Elbəyin çəkiliş üçün tərtib etdiyi hər bir detalın, interyer və eksteryerlərin illüstrasiyalarını, eskizlərini bəyənirdi. Geyim üzrə rəssam Bədurə Əfqanlı idi. Əsgərlərin paltarları bir çox tarixi filmin çəkilişlərindən sonra qalırdı və kinostudiyanın sexində qorunub saxlanılırdı. Buna görə də həmin əlbəsələrdən çəkilişlərdə istifadə olundu. Filmin qəhrəmanlarının geyimi isə Bədurə xanımın məsləhəti ilə bulvarın yaxınlığında yerləşən atelyedə tikildi. Bədurə xanım, demək olar ki, çəkiliş başlamazdan əvvəl atelyedə, sonra isə bütün proses boyu aktyorların yanında olurdu. O, əsasən qadınların geyimlərinə diqqət edir, bəzən də kamera önünə çıxana qədər onların geyimlərini düzəldirdi. Filmin ərsəyə gəlməsi üçün hamı əlindən gələni edirdi.
Filmdəki uşaq roluna kinostudiyanın işçisi, bir neçə filmdə ikinci rejissor kimi işləyən Elmira Əliyevanın qonşusunun qızını çəkdik. İstər kamera qarşısında ilk dəfə musiqili çıxış edən aktyorların, istərsə də müxtəlif texniki vasitələrdən ustalıqla istifadə edən heyətin peşəkarlığına görə yaradıcı heyət çətin və məsuliyyətli işin öhdəsindən bacarıqla gəldi. Filmin ilk baxışı yüksək səviyyədə təşkil olundu. Sonra bir neçə gün kinoteatrlarda nümayiş etdirildi. Zal, demək olar ki, dolu olurdu, tamaşaçılar tərəfindən də maraqla qarşılanırdı. Bir sözlə, kədərli əsərin uğurlu sədası hamımızı sevindirirdi”.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2020.- 16
oktyabr.- S.7.