Teatr rəssamlığımızda
zərif imza
Azərbaycan teatr rəssamlığı zəngin tarixə malikdir. İki yaradıcı istiqaməti özündə cəm edən sənətin bu sahəsi teatr tariximizin maraqlı səhifəsi hesab olunur. Milli teatr rəssamlığı sənətimizin təməl daşlarını Əli bəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli qoymuşlar. Ə.Hüseynzadə 1908-ci ildə dahi Üzeyir Hacıbəylinin ilk operamız olan “Leyli və Məcnun”u səhnəyə qoyularkən onun bədii tərtibatını hazırlamışdı.
Tarixə nəzər salanda milli teatr rəssamlarımızla yanaşı, rus teatr rəssamlarının da adına rast gəlirik. Q.Yakulov, P.Uzunov, V.İvanov və başqaları.
1920-30-cu illərdə teatr rəssamlığında Rüstəm Mustafayev, Qəzənfər Xalıqov, Nüsrət Fətullayev, Sadıq Şərifzadə, Bədurə Əfqanlı, İsmayıl Axundov kimi sənətkarların bu sahənin inkişafında xüsusi xidmətləri olub.
Bütün bu adlarla yanaşı, teatr salnaməmizdə özünəməxsus yeri olan sənətkarlardan biri də Əməkdar incəsənət xadimi İzzət Seyidovadır. Bir sıra araşdırmalarda İzzət xanımdan Azərbaycanın ilk qadın teatr rəssamlarından biri kimi bəhs olunur. Anadan olmasının 110 illiyi münasibətilə sənətkarın ömür və sənət yoluna nəzər salmaq istədik.
İzzət Əli qızı Seyidova 1910-cu ildə Ukraynanın Xarkov şəhərində anadan olub. İbtidai təhsilini doğulduğu şəhərdə alan İzzət 1927-1931-ci illərdə Bakıda Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirir. Rəssamlığa qəlbən bağlanan istedadlı gənc xanım bu sahədə ali təhsil almağı qarşısına məqsəd qoyur. Atalarımız niyyətin hara, mənzilin ora, deyiblər. İzzət də arzularının dalınca Leninqrada (indiki Sankt-Peterburq) gedir. Uğurla imtahan verərək İ.E.Repin adına Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olur. 1931-38-ci illərdə burada tanınmış pedaqoq-sənətkarlardan sənətin sirlərini öyrənir.
1938-ci ildə vətənə qayıdan rəssam Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayıb. Teatrda Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, M.Maqomayevin “Şah İsmayıl”, Q.Qarayev və C.Hacıyevin “Vətən”, C.Rossininin “Sevilya bərbəri”, B.Zeydmanın “Maskarad”, P.Çaykovskinin “Qaratoxmaq qadın”, F.Əmirovun “Sevil”, Q.Qarayev “İldırımlı yollarla” və digər əsərlərə səhnə tərtibatı verib. O, tərtibatçısı olduğu tamaşalarda musiqinin dramatik, lirik və fəlsəfi xarakterini poetik şəkildə təsvir etməyə səy göstərib. Bütün yaradıcılığı boyu milli boyakarlıq ənənələrini və dünya klassik opera rəssamlığının estetik prinsiplərini bacarıqla sintez edərək mükəmməl səhnə quruluşlarına nail olub. Sənətşünasların fikrincə, monumentalizmə meyilli olan fırça ustası geniş kompozisiyada daha çox ifadəli rənglərin parlaq çalarlarından məharətlə istifadə edə bilib.
İzzət Seyidova teatr rəssamlığında uğurlu və parlaq fəaliyyətinə görə 1943-cü ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Onun Əyyub Fətəliyevlə birgə hazırladığı Ü.Hacıbəylinin “Koroğlu” operasının dizaynı 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti günlərində nümayiş olunub və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Rəssam 30 sentyabr 1973-cü ildə vəfat edib. Onun əsərləri
bu gün də Azərbaycan Milli İncəsənət
Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi və digər muzeylərdə sərgilənir.
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 16
oktyabr.- S.6.