“Başım sənətə elə qarışıb ki, zamanın necə keçməyindən xəbərsiz olmuşam

 

Xalq artisti Ağasəlim Abdullayev: “Əminik ki, haqq işimiz, Vətən müharibəmiz qələbə ilə tamamlanacaq

 

Azərbaycan tarı – musiqi alətlərimizin şahı, musiqimizin möcüzəsi. Bu alət əsrlərdir yol gəldi və yol gəldikcə də neçə-neçə sənətkarların adı onunla birgə tarixə yazıldı. Tar sənətkarı, sənətkar da tarı yaşatdı. Bu gün ömrünü, taleyini tar ilə bağlayan, bütün həyatını tara həsr edən sənətkarlarımız az deyil. Onlardan biri də muğamlarımızı ən klassik, ən düzgün yol ilə ifa edən tarzənlərdən hesab olunan Xalq artisti, professor Ağasəlim Abdullayevdir. Sənətkarla 70 illik yubileyi ərəfəsində söhbətləşdik.

 

Ağasəlim Sahib oğlu Abdullayev 15 oktyabr 1950-ci ildə Bakıda anadan olub. 1967-1970-ci illərdə A.Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. 1971-1976-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) oxuyub. Kamil Əhmədov, Hacı Məmmədov, Səid Rüstəmovdan sənətin sirlərini öyrənib.

 

Tanınmış tarzən 1987-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən muğam simpoziumunda iştirak edib. O, həmçinin tanınmış xanəndələrlə bir çox ölkələrdə qastrol səfərlərində olub.

 

Hazırda Azərbaycan TeleviziyaRadiosunun Baba Salahov adına Xalq çalğı alətləri ansamblının bədii rəhbəri olan sənətkar 50 ilə yaxındır pedaqoji fəaliyyətlə məşğuldur, yeni tarzənlər nəslinin yetişdirilməsinə böyük əmək sərf edir.

 

 

 

– Ağasəlim müəllim, 70 yaşın astanasında insan daha çox nələri düşünür?

 

– İnanın ki, nə vaxt gəldim bu yaşa çatdım, heç özüminana bilmirəm. Həyatım boyu başım sənətə elə qarışıb ki, zamanın necə keçdiyindən xəbərsiz olmuşam. Tədbirlər, qastrollar, konsertlər və s. Bu gün şükür edirəm ki, gəlib bu yaşa çata bilmişəm.

 

 

 

– Bəziləri deyir ki, mən sənətə təsadüfən gəldim...

 

– Mən sənətimi sevib bu sahəyə gəlmişəm. Ona görə də təsadüf deyə bilmərəm. Uşaq vaxtlarımdan muğamlarımıza böyük sevgim və marağım olub. Muğam oxunanda hədsiz heyran olurdum. Binə kəndində doğulduğum üçün bu kəndin el şənliklərində görkəmli sənətkarlarımızdan Xan Şuşinskini, Yaqub Məmmədovu, Mütəllim Mütəllimovu görmüşəm. Onları həvəslə dinləyərdim. Bu ifalar mənə  təsir edirdi. Tar alətinə də həvəsim və sevgim çox idi. İndi mağazalarda hər nə cür desən uşaq oyuncağı var. O vaxt mən özüm üçün taxtadan, ağacdan tar aləti düzəldib oynadardım. Sonra da tale elə gətirdi ki, sənətimi davam etdirdim. Buna görə valideynlərimə, xüsusilə anama minnətdaram.

 

 

 

Uzun illərdir ansambla rəhbərlik edirsiniz...

 

Bəli, 1969-cu ildən bu günə kimi Azərbaycan Televiziya Radiosunun B.Salahov adına Xalq çalğı alətləri ansamblında çalışıram. Allah Baba müəllimə rəhmət eləsin. O, məni ansambla gətirəndə 18 yaşım var idi. Gələn gündən konsertmeyster kimi fəaliyyət göstərməyə başladım. Ona görə ki, Baba müəllim özü çox ifa etmirdi. Baş nahiyəsində şiş var idi, Moskvada müalicə etmişdilər. Amma o dövrdə televiziyada projektorlar hədsiz güclü idi. İşığı elə salırdılar ki, yarımsaatlıq konsert insanın rəngini qaraldırdı bəzən. Bu gün texnika dəyişib, hər şey daha təkmildir. O səbəbdən Baba müəllim ansamblda oturmurdu, mən idarə edirdim. Dövrün əksər tanınmış ifaçıları bizim ansamblla ifa edirdilər. 1969-cu ildən 1982-ci ilə qədər konsertmeyster, həmin tarixdən – Baba Salahov dünyasını dəyişəndən sonra isə ansambla bədii rəhbər təyin edildim. Ansamblda gənclərə də xüsusi diqqət və qayğı ilə yer ayırırıq və bu günə kimi həmin ansamblla birlikdə yol gəlirik. Nə bacarmışamsa, göz qabağındadır və yəqin ki, xalqımız özü qiymət verir.

 

 

 

– Elə gənclər demişkən, uzun illərdir həm də pedaqoji fəaliyyətlə məşğul olursunuz...

 

– Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olduğum gündən müəllimliklə də məşğul olmağa başlamışam. Birinci kursda oxuduğum zaman – 1967-ci ildə Binədəki 121 saylı orta məktəbdə nəğmə müəllimi kimi işə götürdülər. O vaxtdan bu günə qədər pedaqoji fəaliyyətlə məşğulam.

 

 

 

– Tələbələriniz arasında məşhur adlar da var.

 

- Bəli, çoxdurbu məni sevindirir. Onlar bu gün Azərbaycan muğamını dünyada təbliğ edirlər, dərs deyirlər. Əməkdar artistlər Sahib Paşazadə, Elçin Həşimov, Şəhriyar İmanov, eləcə də Rüstəm Müslümov, Əli Əliyev və digər gənc istedadlı tarzənlər. Məni sevindirən daha bir məqam odur ki, sənət yoldaşlarım, həmyaşıdlarım, xalq artistləri Firuz Əliyev, Möhlət Müslümov, Ağaverdi Paşayev öz övladlarını musiqi sahəsinə gətirəndə məhz mənim sinfimə qoyublar. Şəhriyarın atası da gözəl rəssamdır və sənəti gözəl bilən insandır. Yaxşı gənc tarzənlərimiz çoxdur. Amma kimi yoluna düşür, tanınır, kimibir az tənbəllik edir. Tələbələrim arasında iki Əməkdar müəllim də var. Onlardan biri Ramiz Əzizov Milli Konservatoriyada kafedra müdiri, digəri isə Mədəniyyət və İncəsənət Universitetində çalışan Ümid İbrahimovdur.

 

 

 

– Təcrübəli pedaqoq kimi bu gün tarın tədrisində müasir yanaşmalarla bağlı fikrinizi bilmək maraqlı olardı.

 

– Həm Milli Konservatoriyada, həm də ADMİU-da muğamın tədrisi ilə məşğulam. Muğam siniflərində istedadlı tələbələr çoxdur. İxtisas sahəsi isə tamam fərqlidir. İxtisasda Avropa bəstəkarlarına yer ayırsalar, yaxşı olardı. Azərbaycan bəstəkarlıq məktəbinə, təbii ki, bu sahədə söz ola bilməz. Bəstəkarlarımızın bu sahədə çoxsaylı tar konsertləri var. Eləcə də tarsimfonik orkestrlər üçün yazılmış əsərlər, bəstəkar mahnıları. Bu həm də tələbə üçün asandır, tez qavranılır. Lakin istərdim ki, ixtisas fənninin tədrisində proqram daha zəngin olsun. Çünki biz məhz belə zəngin repertuar əsərlərlə dərs almışıq. Bu zaman barmaqlar da inkişaf edir, tələbə zəngin məlumatlı olur.

 

 

 

Mütəmadi olaraq musiqi sahəsində elmi yazıları izləyirəm sizin imzanıza da rast gəlirəm. Bu məqalələr sırasındaPoetik metrikanın muğam melodikasına təsiriadlı araşdırmanız diqqətimi xüsusilə cəlb etdi.

 

– Bilirəm, nəyə işarə edirsiniz. Yəni bu sahə üzrə xanəndə deyil, məhz tarzənin yazmasını nəzərdə tutursunuz. Ümumiyyətlə, ədəbiyyata çox böyük marağım var. Tardan əlavə ən çox məşğul olduğum sahə ədəbiyyatdır. Füzuli, Raci, Şəfai, Sərraf, Möcüz  və digər klassik şairləri oxumuşam. Boş vaxtlarımda həmişə mütaliə edirəm. Vaxtilə toylara çox getmişəm. İndi daha o toylar yoxdur. Muğam sənətimizin qaymaqları sayılan xanəndələrlə çox işləmişəm. Hacıbaba Hüseynov, Arif Babayev, Qəndab Quliyeva, Ağaxan Abdullayev, Alim Qasımov... Bilirsiniz ki, Bakı əhli də muğamda sözə və qəzələ çox diqqətli olur. Bu səbəbdən çox vaxt qəzəlləri əzbərləyirdim ki, xanəndə unudanda onun yadına sala bilim. Əlibaba Məmmədov həmişə deyir ki, “50 faiz söz, 50 faiz musiqidir”. Amma mən deyərdim ki, 60 faiz söz və qəzəldir. Bu gün əfsus ki, əksər gənc xanəndələr qəzəli səhv oxuyur.

 

 

 

Bir daha yubileyiniz münasibətilə sizi təbrik edir, cansağlığı arzulayırıq.

 

Çox sağ olun. Mən də bu diqqətə görə “Mədəniyyət” qəzetinə təşəkkür edirəm. Birbu gün ölkəmizdəki hərbi vəziyyətlə bağlı bir fikrimi diqqətə çatdırmaq istərdim. 30 ildir gözlədiyimiz günlər gəlib çatıb. Bütün xalqımızın istəyi, arzusu torpaqlarımızın azad olunması idi. Şükürlər olsun ki, rəşadətli, güclü Ordumuz var. Əminik ki, bizim haqq işimiz, Vətən müharibəmiz xalqımızın qələbəsi ilə tamamlanacaq. Dövlətimizə, Ali Baş Komandanımıza güvənirəm. Oğlum hazırda cəbhə bölgəsində ön sıralarda döyüşür. İnanıram ki, mənfur düşmənlərimizin ayağı torpaqlarımızdan tezliklə kəsiləcək!

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 16 oktyabr.- S..