Yubiley yubileyə qarışanda...
Xalq artisti Ağaverdi Paşayev: “Maestro Niyazinin əzəməti və şəxsiyyəti qarşısında dirijorluğa vuruldum”
İnsan ömrünü mənalı yaşayanda, həyatını və potensialını xalqının, ölkəsinin mənafeyinə sərf edəndə zamanın necə keçdiyindən xəbərsiz olur. Müsahibimiz 70 yaşını qarşılayan tanınmış dirijor və pedaqoq, Xalq artisti, professor Ağaverdi Paşayevdir. 45 illik sənət yolu gələn sənətkar zamanın sürətlə keçdiyini deyir:
– Həyat belədir, bir də xəbər tutursan ki, artıq 70-in astanasındasan. Amma hərdən oturub özümə hesabat verirəm. Düşünürəm ki, mən bu yaşa qədər nə edə bilərdim və nə etdim. Ola bilsin bəzi işlərə vaxt çatmayıb, bəzən səhlənkarlıq etmişəm. Amma nəyə nail olmuşamsa, buna da şükür.
– Etmədikləriniz? Bu, yəqin ki, sənətlə bağlıdır.
– Bəli, sənətdən
danışıram. Orta məktəbi bitirəndən taleyim sənətə
bağlandı. Eyni vaxtda musiqi məktəbində də təhsil
alırdım. Musiqi məktəbini bitirib Asəf Zeynallı
adına Musiqi Texnikumuna daxil oldum. Orta məktəbdən məzun
olanda eyni zamanda bu texnikumun tələbəsi idim. Politexnik
İnstitutuna da qəbul olundum. İki il paralel təhsil
aldım. Texnikumu bitirib Azərbaycan Dövlət
Konservatoriyasına qəbul olunduğuma görə Politexnik
İnstitutunda axşam şöbəsinə keçdim.
– Musiqi və
texniki sahə...
– Uşaq
yaşlarımdan məni musiqi daha çox özünə cəlb
edirdi. Orta məktəbi bitirməyə az
qalmış sinif rəhbərimiz Əfşan müəllimə
şagirdlərlə söhbət zamanı kimin hansı ixtisası
seçəcəyi ilə maraqlandı. Söhbət əsnasında
dedi ki, bilirəm Ağaverdi ədəbiyyatı və musiqini
çox xoşlayır, artıq o, musiqini seçib... Qeyd edim ki, məktəbli ikən “Oxu, tar”, “Sən nəğmələr
qoş”, “Oxu, bülbül” adlı respublika müsabiqələrində
iştirak edərək laureat olmuşdum. Daha
sonra VI, VII respublika müsabiqələrinin də qalibi oldum.
Mərhum sənətkarımız Yaşar Nuri
ilə eyni sinifdə oxuyur və eyni partada otururduq. Sinif
rəhbərimiz dedi ki, Yaşar “anadangəlmə aktyor”dur,
İncəsənət İnstitutuna gedəcək. O vaxt
Yaşar artıq televiziyada “Buratino” və digər uşaq
verilişlərində iştirak edərək
tanınırdı. Müəllim onu bildirdi ki,
sizin sinifdən texniki ixtisaslara gedən olmayacaq. Məhz
sinif rəhbərimizin bu fikrinə görə mən o vaxt
texniki sahə üzrə ali təhsilə
sənəd verdim. Özümü sübut etmək istədim
və nail oldum. Mən kimya və fizikadan da
respublika olimpiadalarında qalib olmuşdum.
– Amma
özünüzü musiqidə tapdınız...
– Bəli,
musiqi mənim həyatımın ayrılmaz hissəsi idi. Tar
aləti üzrə musiqi məktəbində təhsil almışdım.
7 müsabiqənin qalibi olmuşdum.
Konservatoriyaya tar aləti üzrə qəbul olunsam da,
dirijorluğa həvəsim başqa idi. Bu istək
məndən əl çəkmirdi. Musiqi
Texnikumunda bizə dirijorluq dərsi də keçirdilər.
Dövlət imtahanında ixtisas, muğam və
dirijorluqdan əla qiymət almışdım. Dirijorluq fənnini Musiqili Komediya Teatrının
baş dirijoru Kamal Məmmədov tədris edirdi. Konservatoriyanın ikinci kursunu bitirəndə
Dirijorluq kafedrasına keçdim. Əməkdar
incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevlə
eyni kursda oxuyurduq. Cavanşir də tar üzrə təhsil
alırdı. Hər ikimiz rektor Soltan Hacıbəyova
ərizə yazdıq. O, bəstəkarlıq üzrə
Cövdət Hacıyevin sinfinə, mən isə dirijorluq
üzrə Nicat Məlikovun sinfinə dəyişildim.
–
Dirijorluq həvəsinin tarı üstələməyinin səbəbi
nə idi?
–
Dirijorluğun imkanları və Niyaziyə olan sevgim əsas səbəb
idi. Məhz bu sevgi mənə bu sahədə özümü
təsdiq etməyə təkan verdi. Mən maestro Niyazinin əzəməti və şəxsiyyəti
qarşısında dirijorluğa vuruldum. Filarmoniyaya
gəlib Niyazi müəllim orkestrlə məşq edən
zaman gizli onu müşahidə edərdim. Zalda
yad adamın olmasını xoşlamırdı. Boyum onsuz da balaca idi və gizlənirdim ki, məni
görməsin. Onun yalnız əllərinə
baxırdım.
Hərbi xidmətdən sonra özümə ikinci həyat
müəllimi hesab etdiyim böyük sənətkarımız
Süleyman Ələsgərov məni konservatoriyaya dəvət
etdi. Həm dirijorluqdan dərs deməyə
başladım, həm də tələbə orkestri mənə
həvalə olundu. Bu sahədə
bacarığımı əsirgəmədim. Bunun öhdəsindən necə gəldiyimi xalqımız
deyə bilər.
– Tələbələriniz
arasında tanınmış simalar var...
– Tələbələrim
dirijor kimi uğur qazananda sevinirəm. Gəncə Xalq
çalğı alətləri orkestrinin bədii rəhbəri
Elman Məmmədov, Naxçıvan Dövlət
Filarmoniyasının direktoru və Xalq çalğı alətləri
orkestrinin baş dirijoru Elman Əliyev, Milli Konservatoriyanın
dosenti İlahə Hüseynova,
sənətşünaslıq üzrə elmlər doktoru Fuad
Əzimli, Əməkdar incəsənət xadimi Nazim Quliyev,
BMA-nın professoru Maya Qafarova və başqalarını qeyd
edə bilərəm.
– Hazırda
pedaqoji fəaliyyət, orkestrlərlə iş... Bunların öhdəsindən necə gəlirsiniz?
– Məncə,
insan öz əməyini düzgün böləndə
işləmək rahat olur. Əsas odur ki,
işini və sənətini sevəsən.
– Ailədə
sizdən əvvəl musiqiçi olmuşdumu?
– Ailəmizdə
məndən əvvəl musiqiçi olmayıb. Yalnız dörd dayımdan ən kiçiyi
nağara ifaçısı idi və unudulmaz klarnet
ifaçısı Əşrəf Əşrəfzadə ilə
birgə işləyirdi. Amma bu gün
artıq nəslimizdə bir neçə musiqiçi
yetişib. Oğlum Sahib Paşazadə, bacımın nəvəsi
BMA-nı fortepiano ixtisası üzrə bitirib,
dayıoğlum, Əməkdar artist Qorxmaz Qurbanov. Mənim musiqiyə gəlişimdə anamın
çox böyük zəhməti olub. O, mənə təlqin
etdi, musiqiyə sevgini ruhuma, şüuruma hopdurdu.
–
Müsahibə aldığım əksər sənətkarlar
musiqiyə gəlişlərində nədənsə məhz
analarının rolu olduğunu qeyd edirlər...
– Lalə
xanım, anam mənim tanınmış tarzən
olmağımı çox arzulayırdı. Hətta
o vaxt ixtisasımı dəyişəndə məndən xəbərsiz
böyük dayımı Soltan Hacıbəyovun yanına
yollayıb xahiş etmişdi ki, məni dirijorluğa
keçirməsin. Bu məsələni
anam mənə çox sonralar demişdi. Soltan
müəllim o vaxt dayıma deyibmiş ki, narahat olmayın,
bizdə qəbulda güclü komissiya olur. Ola bilsin ki, heç dirijorluğa keçə bilmədi.
Amma mən imtahandan uğurla keçə bildim.
Tarı mən bu gün də çox sevirəm və tara sevgimi anamın musiqiyə olan sevgisi kimi əziz
tuturam. Baxmayaraq ki, 40 ildir tara əl
uzatmıram.
– Bunun
xüsusi bir səbəbi varmı?
– Öz
tarımı oğlum Sahibə vermişdim. Bir dəfə
istədim tarı götürüm ifa edim. O zaman Sahib uşaq idi. Qaça-qaça gəlib dedi ata,
neyləyirsən, o axı mənim tarımdır. Elə bu
sözdən sonra sanki nəsə toxundu mənə və bir
daha tara yaxın getmədim...
– Sahib də öz istedad və bacarığı ilə,
belə demək mümkünsə, təsdiq etdi ki, onun
tarına, həqiqətən də, əl vurmaq olmaz...
– Bəli.
Qeyd edim ki, mən o vaxt Sahibi birbaşa tar alətinə
yazdırmadım. Tarı sadəcə ona
bağışladığımı demişdim. O,
Bülbül adına məktəbdə
fortepiano sinfində 5 il oxuyandan sonra tar alətinə
keçdi. Pianonun bütün imkanlarını mənimsəməli
idi ki, sonda yaxşı tarzən ola bilsin. İlk müəllimi özüm oldum. Muğam
üzrə isə Sərvər İbrahimov dərs dedi. İndi sevinirəm ki, düz seçim etmişəm.
Sahibi tar sinfinə dəyişən günü anama müjdə
verdim. Sahib onun bütün
arzularını doğrultdu.
– Bir qədər
də musiqi təşkilatçılığı fəaliyyətinizdən
danışaq.
– 1999-cu
ildə filarmoniyada fəaliyyət göstərən Dövlət
Mahnı və Rəqs Ansamblına rəhbər təyin
edildim. Bir neçə ay bu kollektivlə işlədikdən
sonra o vaxtkı Mədəniyyət naziri Polad
Bülbüloğlu məni qəbul etdi. Bildirdi
ki, filarmoniyada Dövlət Xalq Çalğı Alətləri
Orkestri yaratmaq istəyir və Süleyman Ələsgərovun
məsləhəti ilə məni dəvət edib. Altı ay möhlət istədim, ancaq mənə 3
ay vaxt verdilər. Bir həftə ərzində
yetişdirdiyim tələbələri bir yerə
yığdım. Filarmoniya təmirdə
idi. Kamera və orqan musiqisi zalında məşqlər
etdik. 7-8 əsər
hazırlamışdım. 2000-ci ilin yanvar
ayında nazirlikdən gəlib bizi dinlədilər və həmin
vaxtdan işə başladıq. Bu il
orkestrin 20 illik yubileyidir. Doğrudur, 20 il
yaradıcılıq baxımından böyük müddət
deyil. Kollektivin oturuşması üçün
müəyyən dövr lazımdır. Ancaq
bu müddətdə çox zəngin bir yol keçə
bildik. Hazırda orkestrimizin 60-a yaxın
üzvü var. Bir çox incəsənət və dövlət
xadimlərinin yubileylərini keçirmişik, qastrollar, tədbirlər
və s. Azərbaycan mədəniyyəti günləri
çərçivəsində müxtəlif ölkələrdə
konsertlər vermişik. UNESCO-da konsertlərimiz
böyük maraqla qarşılanıb.
2013-cü ildə TÜRKSOY-un xətti ilə ezam
olunduğum Karaqanda şəhərində Qazax Xalq
Çalğı Alətləri Orkestri ilə konsert verdim. Konsertdən sonra
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov “Arşın mal alan” musiqili komediyasının 100 illiyi
münasibətilə yubilyar əsərin orkestrlə
konsert-tamaşasını hazırlamağı təklif etdi. Həmin vaxt mən artıq Bakıda bu əsərin
konsert-tamaşa variantını öz orkestrimlə
hazırlamışdım. Qazaxıstan
orkestrinə öz kollektivimizdən hər alətdən birini
əlavə etdik. Nəticədə
Qazaxıstan və Azərbaycan musiqiçiləri, digər
türkdilli ölkələrin solistlərinin iştirakı
ilə gözəl bir tamaşa ərsəyə gətirdik.
Bu tamaşa Karaqandada, Astanada, eləcə də
Paris və Strasburq şəhərlərində nümayiş
olundu. Hazırda pandemiya səbəbindən
fəaliyyətimizdə fasilə yaranıb.
–
Uşaq-gənclər xalq çalğı alətləri
orkestri də sizin sayənizdə yaradılıb...
– Bəli,
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə yaradılan orkestr artıq 10 ildir ki, uğurla fəaliyyət
göstərir. Kollektivin Xalq çalğı
alətləri orkestr mənə, simfonik hissəsi isə
Teymur Göyçayevə həvalə edildi.
Bakıdakı 38 musiqi məktəbindən 240 şagird
orkestrə seçim üçün gəlmişdi. Onların
arasından 50 şagird seçildi. Bu
gün onların sırasında 7 Prezident təqaüdçüsü
var. Bir çətin cəhət odur ki, uşaqlar
böyüyür və onlar orkestrdə qala bilmirlər.
Orkestr daim yenilənir. Orkestrin
25-dən artıq konserti lentə alınıb.
2010-cu ildən Dövlət Xalq Çalğı Alətləri
Orkestrinin bazasında kiçik kamera orkestrimiz də fəaliyyət
göstərir. Bəstəkarlar Sərdar Fərəcov, Nazim Quliyev, Həsən
Adıgözəlzadə məxsusi olaraq milli kamera orkestri
üçün əsərlər yazmağa başladılar.
Bu gün kamera orkestri üçün
yazılan əsərlər azdır. İstərdik
ki, bu əsərlərin sayı çox olsun.
– Xalq
Çalğı Alətləri Orkestri həyatınızın
ayrılmaz bir parçasına çevrilib...
–
Ömrümün 45 ilini bu sahəyə həsr etmişəm.
O vaxt Səid Rüstəmov orkestrə (hazırda Azərbaycan
Televiziyasının Səid Rüstəmov adına
Xalq Çalğı Alətləri Orkestri – red.) qanun alətini
də əlavə edir. Qərbi Azərbaycandan dəvət
olunan Asya Tağıyevanın gəlişi ilə qanun sinfi
açılır. Bir neçə il
sonra Süleyman Ələsgərov Özbəkistandan dütar
alətini gətirdi və orkestrdə bas-tarı əvəz
edən bir alət yarandı. Bu artıq
bütün orkestrlərdə var. Bu tarda ustalarımız bəzi
dəyişiklik etdilər. Mən də
müəllimlərimin yolunu davam etdirərək orkestrdə
bas səsləri artırmaqdan ötrü bəm və
bas-kamançaları, santur, son illərdə saz alətini –
kontur-sazı əlavə etdim. Bununla da
orkestrin səsi çox gözəl səviyyəyə
çata bildi. Bu əlavələr
musiqişünaslar tərəfindən də dəyərləndirilib.
Ömür vəfa etsə, yeni artımlar etmək
fikrim var.
Bu alətlərin hər birinin qədim tarixi var. Tehran
Milli Alətlər Muzeyində olduğum zaman orada
bas-kamança adlanan bir alət gördüm. Dedilər ki,
bu alətin 2 əsrdən artıq yaşı var.
Düşündüm ki, niyə bizdə bu alətdən
olmasın. Təbrizdə bu aləti
düzəldə bilən Kamil adlı ustanı tapdım.
O bu alətdən yenisini düzəltdi. Mədəniyyət
Nazirliyi ötən il bu aləti bizim
üçün aldı. Hazırda bizdə bu
alətdən ikisi var. İkisini də əlavə sifariş
vermişik. Bizim alətlərin
hamısı milli kökə malikdir. Mən
Üzeyir bəyin yaratdığı kollektivə baxıb onun
üzərində daha da müasir və kompakt bir orkestr
yaratmağa səy göstərdim. Bu
orkestri daha da inkişaf etmiş bir kollektivə çevirmək
istəyirəm. Artıq orkestrimizlə
bağlı bir monoqrafiya, 3 dissertasiya yazılıb, 4-5 magistr
işi hazırlanıb. Çünki bizim partituralar Səid
Rüstəmov adına orkestrindən fərqlidir.
– Biz,
sizinlə yubiley söhbəti etmək istəyirdik...
– Dövlət Mahnı və Rəqs Ansamblı, Dövlət Xalq Çalğı Alətləri Orkestri elə mənim bütün həyatımın bir hissəsidir. Bizim də məqsədimiz odur ki, hərə öz sahəsində Azərbaycanın adını uca tutsun. Arzum budur ki, tezliklə pandemiya bitsin və Vətən müharibəsində qələbə sevincini yaşamaq qismətimiz olsun. Buna inanırıq da. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tutduğu bu mövqeni hər birimiz, bütün xalqımız dəstəkləyir və ona arxayıq. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımız yurd yerlərimizi bir-bir işğaldan azad edir.
– Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
L.AZƏRİ
Mədəniyyət.- 2020.- 22
oktyabr.- S.5.