“Naxçıvan teatrında rejissor sənəti” monoqrafiyası haqqında

 

 

Naxçıvan teatrının yaranması və fəaliyyətinin tədqiqində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun xüsusi xidmətləri var. O, 74 illik ömrünün 40 ildən çoxunu özünəməxsus ənənələri olan 137 yaşlı Naxçıvan teatrının tədqiqinə həsr edib, neçə-neçə monoqrafiyakitab, 160-a qədər elmi məqalə çap etdirib.

 

Bu yaxınlarda alimin “Naxçıvan teatrında rejissor sənəti” monoqrafiyası işıq üzü görüb. Nəşrdə Naxçıvanda peşəkar teatrın yaradılmasında “Ziyalılar Cəmiyyəti”nin rolu və tanınmış maarif xadimi, yazıçı-publisist Eynəli bəy Sultanovun rəhbərliyi ilə 1883-cü ildə “Naxçıvan Müsəlman İncəsənəti və Dram Cəmiyyəti”nin bu istiqamətdəki fəaliyyəti geniş araşdırılır.

 

Monoqrafiyanın girişində müəllif XIX əsrin sonunda Naxçıvan ziyalılarının səhnələşdirdiyi “Müsyö Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, “Molla İbrahimxəlil kimyagər” (M.F.Axundzadə), “Tatarka” (E.Sultanov) və s. əsərlərin tamaşasında ilk rejissorluq işlərini diqqət mərkəzinə çəkir.

 

Nəşrin “Naxçıvan teatrında rejissor sənəti” adlı I fəslində 1883-1920-ci illərdə bölgənin teatr mənzərəsinə nəzər salınır, E.SultanovunMüsyö Jordan və dərviş Məstəli şah” əsərinə rejissorluğu, tamaşanın gəlirinin onun təşəbbüsü ilə yetimlərə ayrılmasından söz açılır. Bu fəsildə həmçinin E.Sultanovun “Hacı Qara”, “Molla İbrahimxəlil kimyagər”, “Tatarka”, “Dağılan tifaq”, “Çay dəsgahı”, ümumilikdə 20-dən artıq əsərdə həm rejissor, həm aktyor kimi fəaliyyətinə yer verilir.

 

Müəllif monoqrafiyanın bu bölümündə eyni zamanda Mirzə Sadıq Qulubəyov, Nəsrulla Şeyxov, Məhəmməd Tağı Sidqi, Əliqulu Qəmküsar, Əliməmməd Xəlilov, Böyükxan Naxçıvanski və Rza Təhmasibin həyatı, ədəbi-mədəni mühitdəki xidmətlərinə çoxsaylı arxiv materialları əsasında işıq tutur.

 

Kitabın II fəslində 1921-1940-cı illərdə Naxçıvan teatrında rejissorluq sənətindən bəhs edilir. Həmin dövrdə Həsən Səfərli, Kazım Ziya, Sidqi Ruhulla, Yusif Yulduz, Həsən Ağayev, Səməd Mövləvinin rejissorluq fəaliyyətləri geniş tədqiq edilir. Burada sovetləşmənin ilk illərində Naxçıvan ziyalılarının teatr həvəskarlarını və məktəbli gəncləri “Ümiddram cəmiyyətinə cəlb etmələri, 1921-ci ilin sonlarında Bahadır Vəlibəyovun təşəbbüsü ilə Naxçıvanda həvəskar qadın aktyorları tərəfindən “Arşın mal alanmusiqili komediyasının hazırlanmasında H.Səfərlinin fəaliyyəti arxiv sənədləri ilə təqdim edilir. Eyni zamanda adıçəkilən teatr xadimlərinin Naxçıvan səhnəsində oynadığı rollar barədə də məlumat verilir. Qeyd olunan mərhələdə səhnələşdirilən “Müsibəti-Fəxrəddin”, “Xırs quldurbasan”, “Şeyx Sənan”, “Lənkəran xanının vəziri”, “Arşın mal alan”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Ölülər”, “Otello”, “Hamletkimi əsərlərdə rejissor traktovkasının xüsusiyyətləri də təhlil mərkəzinə çəkilir.

 

Monoqrafiyanın 1941-1945-ci illəri əhatə edən III fəslində İsa Musayev, İbrahim Həmzəyev, Məcid Zeynalovun yaradıcılıq yolu təhlil olunur. Qeyd edilir ki, hər teatr mövsümündə yeni-yeni axtarışlar aparan İ.Musayev Naxçıvan teatrında “Hacı Qara”, “Ölülər”, “Almaz”, “Sevil”, “Od gəlini”, “Otello”, “Qaçaqlar”, “Rus məsəli” kimi 50-yə yaxın əsərə uğurla quruluş veribbu səhnə əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Müəllif rejissorun əvvəllər “Dəmirçi Gavə”, “Ölülər”, “Köhnə dudman”, “Dağılan tifaq” və s. tamaşalarda aparıcı rolları özünəməxsus ustalıqla yaratdığını da vurğulayır.

 

Tədqiqatçı alim həmçinin İbrahim Həmzəyev və Məcid Zeynalovun 1937-1942-ci illərdə “Vəziri-xani-Lənkəran”, “Qanlı döyüş”, “Babək”, “Fərhad və Şirin”, “Vaqif”, “Şöhrət”, “İki qardaşkimi tamaşalarda rəğbət doğuran quruluşları ilə Naxçıvan teatrının salnaməsini zənginləşdirdiklərini konkret faktlarla diqqətə çatdırır.

 

Monoqrafiyanın IV-V fəsillərində Əli Qəhrəmanov ilk dəfə olaraq 1946-1990 və 1991-2020-ci illər üzrə Naxçıvan teatrındakı rejissura məsələlərinə sistemli yanaşma nümayiş etdirir. 1946-1990-cı illəri əhatə edən mərhələdə Ağəli Dadaşov, İldırım Cabbarov, Baxşı Qələndərli, Nəsir Sadıqzadə, Vəli Babayev, Vaqif Əsədov, Əsgər Əsgərov və Əliqismət Lalayevin Naxçıvan səhnəsindəki rejissor fəaliyyətinə nəzər salınır. A.Dadaşov, İ.Cabbarov və B.Qələndərlinin 1948-1964-cü illərdə buradaSolğun çiçəklər”, “Hacı Qara”, “Toy kimindir?”, “Vüqarlı gözəl”, “Yaxşı adam”, “Məhsəti” – ümumilikdə 100-dən çox əsərə quruluş verdikləri bildirilir.

 

Tədqiqat əsərində 1984–1988-ci illərdə Naxçıvan teatrında aktyorbaş rejissor kimi fəaliyyət göstərmiş Xalq artisti Vaqif Əsədovun uğurlu yaradıcılıq yoluna da diqqət yetirilib. Rejissorun təqdimatında “Sükut divarı”, “Cırtdan”, “Əlincə qalası”, “Elektra”, “Bəxt üzüyükimi tamaşaların izləyicilərin sənət zövqünü zənginləşdirdiyi qeyd olunur. Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin yaradıcılığının Naxçıvan mərhələsi, bu səhnədə həyat verdiyi rəngarəng obrazlar, habelə “Hicran”, “Məni qınamayın”, “Günahsız müqəssirlər” kimi 10-dan çox tamaşaya verdiyi uğurlu quruluş həllindən söz açılır.

 

Monoqrafiyada Naxçıvanın çağdaş teatr xadimlərindən Kamran Quliyev, Rövşən Hüseynov, Yasəmən RamazanovaTofiq Seyidovun 1991-2020-ci illərdə həm aktyor, həm də rejissor kimi fəaliyyəti də diqqət mərkəzinə çəkilib. Bu dövrdə təqdim olunan səhnə əsərlərində rejissura ilə bağlı sənətkarlıq məsələləri müvafiq nümunələr əsasında təhlil obyektinə çevrilib.

 

Firudin RZAYEV

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Onomastika şöbəsinin müdiri

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.6.