Rəssam Nərgiz Quliyeva
ölkəmizi beynəlxalq sərgidə təmsil edib
Dubayda Yaxın Şərq regionunun ən böyük incəsənət sərgi-yarmarkası (“World Art Dubai”) keçirilib. Sərgi ənənəvi olaraq hər il dünyanın bir çox ölkələrindən rəssamları bir araya gətirir.
Builki layihə üçün 2000-ə yaxın rəsm əsəri toplanıb. Dubaydakı Beynəlxalq Ticarət Mərkəzinin (World Trade Centre) “Şeyx Said” salonunda keçirilən sərgidə ABŞ, Almaniya, İspaniya, Fransa, Avstraliya, Yaponiya, Çin, Ərəb Əmirlikləri, Rusiya və Hindistandan tanınmış sənət xadimləri ilə bərabər gənc rəssamlar da iştirak ediblər.
2020-ci il incəsənət yarmarkasının əsas mövzusu – “Düşüncəni azad et” proqramı çərçivəsində yaradıcılıq seminarları, görkəmli rəssamların açıq ustad dərsləri, moda dünyası novatorlarının təqdimatları, foto və rəqəmsal incəsənət sahəsində çalışan tanınmış mütəxəssislərin çıxışları olub.
Bu il forumda Azərbaycanı beynəlxalq müsabiqələr laureatı, Rəssamlar İttifaqının üzvü, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyeva təmsil edib. Gənc rəssamın əsərlərinin nümayişi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna həsr olunub.
Nərgiz Quliyevanın Azərbaycana (“Xəzər” və “Bahar qızı”), Türkiyəyə (“İzmir” və “Alaçatı”) həsr etdiyi rəsmləri, eyni zamanda multikulturalizm mövzusunda çəkilmiş “Çin şahzadəsi”, “Afrikalı”, “Mərakeşli qız” və digər əsərləri incəsənət yarmarkasının ən yaddaqalan nümunələri kimi qiymətləndirilib. Rəssam “Arabian Boutique” və “Origins Collective”dən əməkdaşlıq təklifi alıb, eyni zamanda “Artistree Gallery”nin dəvəti ilə Hindistanda 2021-ci ildə fərdi sərgisinin keçirilməsi barədə razılığa gəlinib.
Azərbaycanın Dubaydakı Baş konsulluğu rəssam Nərgiz Quliyevanın “World Art Dubai” incəsənət sərgisində iştirakına təşkilati dəstək verib.
Mədəniyyət.- 2020.- 22
oktyabr.- S.8.