30 illik həsrətin günləri
sayılan vüsalı
“Biz Böyük
Qayıdış astanasındayıq və Azərbaycan
dövləti əlindən gələni edəcək ki, Azərbaycan
vətəndaşları azad edilmiş torpaqlara qayıdaraq
rahat yaşasınlar”
Azərbaycan xalqı və müstəqil dövlətimiz müasir tarixinin ən şanlı, qürur və fəxarət dolu günlərini yaşayır. 30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan zəfər soraqlı günlər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin ediləcəyi, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunacağı o böyük günə yaxınlaşdırır.
Sentyabrın 27-də düşmənə, nəhayət, öz yerini göstərmək üçün hərəkətə keçən şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixə əbədi həkk olunacaq səhifələri yazmaqdadır. Ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev beş dəfə xalqa televiziya ilə müraciət edib. Birinci dəfə (27 sentyabr) Vətən müharibəsinin başladığını, növbəti dəfələrdə isə bu müharibənin yeni zəfər xəbərlərini xalqa çatdırmaq üçün. Oktyabrın 4-də ilk qazi şəhər Cəbrayılın, oktyabrın 9-da Hadrut qəsəbəsinin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində eyniadlı rayon mərkəzi, hazırda Xocavənd rayonunun ərazi-inzibati bölgüsünə daxildir) azad olunduğunu elan edən dövlət başçısı 17 oktyabrda və 20 oktyabrda daha iki mühüm müjdəni xalqla paylaşdı:
Füzuli və Zəngilan rayon mərkəzlərində düşmənin ayağı kəsilib, hər iki şəhərdə Azərbaycan bayrağı dalğalanır. Bunlarla yanaşı, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, habelə şimalda Ağdərə rayonlarının ümumilikdə 80-ə yaxın kəndi işğaldan azad edilib.
Beləliklə, Vətən müharibəsinin 24 günündə Azərbaycanın müzəffər Ordusu Ermənistanın işğalı altındakı torpaqlarımızın təxminən üçdəbirini (o cümlədən üç rayon mərkəzini) azad edib. 30 illik həsrətdən sonra böyük Qələbə vüsalının artıq günləri sayılır.
“Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik”, – deyə Prezident İlham Əliyev oktyabrın 17-də Füzulinin işğaldan azad edilməsi xəbərini xalqa çatdırarkən deyib. Dövlət başçısı vurğulayıb ki, vaxt gələcək, müzəffər Ordumuzun bu döyüşləri haqqında kitablar yazılacaq: “Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi.
Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.
Prezident qeyd edib ki, işğaldan azad edilən bütün şəhər və kəndlərimiz yenidən qurulacaq, o yerlərə həyat qayıdacaq: “Necə ki, vaxtilə Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”.
“Xalqımızın, dövlətimizin ən parlaq səhifəsini birlikdə yazırıq”
Dövlət başçısı vurğulayıb ki, Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı: “Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik... Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar”.
Prezident deyib: “On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib.
Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir”.
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, işğalçı Ermənistan döyüş meydanında sarsıdıcı zərbələr alandan sonra öz yırtıcı xislətini ortaya qoyaraq dinc insanları, yaşayış evlərini hədəfə alır. Oktyabrın 17-də gecə yarısı Gəncəyə növbəti raket zərbəsi (13 nəfər həlak olub, 50-dən çox sakin həlak yaralanıb – red.) də bunun göstəricisidir: “Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Prezident Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında nümayişkaranə şəkildə
apardığı məskunlaşdırma siyasətindən də
danışıb: “Kimə arxalanırdın? Bilmirdinmi ki,
gün gələcək bu əməllərə görə
cavab verəcəksən. Bu gün gəlibdir və gəlir.
Şuşaya Livandan, başqa ölkələrdən erməniləri
gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə
Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər,
televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər
bizim qədim torpağımızda yaşamağa, işləməyə.
İndi baxım görüm kim gələcək
Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol
çəkirdin Ermənistandan. Nə üçün? O
bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt
edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq
üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin.
Ermənistanda əhali az olduğu üçün xaricdən
erməniləri müxtəlif yollarla, o cümlədən
onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə
məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı
əbədi işğal altında saxlamaq, əbədi
işğalı təmin etmək və bizim
torpaqlarımızı erməniləşdirmək məqsədi?
Baxın,
onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin
başınıza dəysin. Bu ad cəhənnəmə
getsin. Bu ad yoxdur artıq”.
“Düşmən
döyüş meydanında Azərbaycan Ordusunun
gücünü görür”
“Torpaqlarımızı 30 ilə yaxın işğal
altında saxlayan düşmən döyüş
meydanında Azərbaycan Ordusunun gücünü
görür.
Biz öz torpağımızda vuruşuruq,
öz torpağımızı qoruyuruq və
işğalçıları bundan sonra da öz torpaqlarımızdan
qovacağıq. Xalqımız
döyüş meydanından, cəbhə bölgəsindən
səbirsizliklə yeni xəbərlər gözləyir.
Mən çox şadam və mən xoşbəxt
adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına
çatdırıram” – bu sözləri isə dövlət
başçısı oktyabrın 20-də Zəngilanın azad
olunması ilə bağlı xalqa müraciətində
bildirib.
Prezident
deyib: “Hər bir kəndin, hər bir şəhərin, hər
bir strateji yüksəkliyin işğalçılardan azad
edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət,
qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz
şəhid olurlar. Allah bütün şəhidlərimizə
rəhmət eləsin! Şəhidlərimiz həmişə
bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz
döyüş meydanında yaralanırlar. Allah
bütün yaralı hərbçilərimizə şəfa
versin! Eyni zamanda, mənfur düşmən bizim
yaşayış məntəqələrimizi daim atəşə
tutur, hər gün cəbhəboyu şəhərlərimiz,
kəndlərimiz mənfur düşmənin atəşinə
məruz qalır... Onlar döyüş
meydanında məğlubiyyətə uğrayır, Azərbaycan
Ordusunun qarşısında duruş gətirə bilmir və
bizi durdurmaq üçün, bizə zərbə vurmaq
üçün bütün dünyanın gözü
önündə mülki əhaliyə qarşı cinayət
törədir. Bütün dünya
görür ki, Azərbaycan hansı mənfur, vəhşi
düşməndən öz doğma torpaqlarını azad
edir. Otuz il ərzində bizim
torpaqlarımızda oturub bizə meydan oxumağa
çalışırdı. Otuz il ərzində
bizim torpaqlarımızı istismar edirdi, bizim təbii
resurslarımızı istismar edirdi, oğurluq,
talançılıq onların xislətidir. Dağıdılmış
kəndlərin, şəhərlərin vəziyyətinə
baxmaq kifayətdir, hər kəs görsün ki, bizim
qarşımızda hansı vəhşilər dayanıb.
İşğal olunmuş və artıq azad
edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb.
Bütün binalar sökülüb, talan edilib,
tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz
dağıdılıb, talan edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə
barışacaq. Onlar hesab edirdilər ki, bu
torpaqları əbədi işğal altında saxlayacaqlar”.
İlham
Əliyev vurğulayıb ki, biz Böyük Qayıdış
astanasındayıq və Azərbaycan dövləti əlindən
gələni edəcək ki, Azərbaycan vətəndaşları
işğal olunmuş və azad edilmiş torpaqlara
qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində
yaşasınlar və bu torpaqlarda həyat canlanacaq: “Prezident
kimi mənim fəaliyyətim üçün əsas məsələ,
əsas vəzifəm Azərbaycan torpaqlarının
qaytarılmasıdır, ərazi
bütövlüyünün bərpa edilməsidir və bu
gün biz bunu döyüş meydanında edirik.
30 ilə yaxın aparılan danışıqlar
heç bir nəticə vermədi. İşğal
edilmiş torpaqlarda Ermənistan tərəfindən
qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları
bizə vermək fikrində deyildilər. Sadəcə
olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar.
Sadəcə olaraq, vaxtı uzadırdılar və
bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma
aparırdılar, Laçın şəhərində minlərlə
insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə
insanı yerləşdiriblər. Bu gün
işğaldan azad edilmiş torpaqlarda da – Füzuli, Cəbrayıl
və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə
yaşayıblar. O kəndlərin böyük hissəsi
dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim
torpağımızda yaşayıblar... 30 ilə yaxın
gözləmişik. On il bundan əvvəl
Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində
açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir.
Biz də bunu dəstəklədik, biz bunu bəyəndik
və bizdə böyük ümidlər yarandı, ondan sonra
danışıqlar masasında əldə edilmiş müəyyən
tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə
olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir.
Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.
“Bu dərsi heç vaxt unutmayacaqlar”
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistan
rəhbərliyi yaranmış vəziyyətdən
özünə nəticə çıxarmalıdır: “Hər
gün bayrağımız yeni bir yaşayış məntəqəsində
ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan
xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi
“güclü ordusu” haqqında uydurmalar ortalığa
atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər
yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”.
Görün, necə qaçır bizim qabağımızdan.
Bu, mif idi,
bu, yalan idi.
Bunu biz yerə vurduq... Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə
dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar... Bizim üçün müqəddəs olan
Cıdır düzündə Ermənistanın baş naziri sərxoş
vəziyyətdə rəqs edirdi. Fikirləşməli
idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə
bilər? Amma hesab edirdi ki, heç kim
onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr
onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi,
erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri.
Ona görə azğınlaşmışlar,
ona görə qudurmuşlar. Onlara yerlərini
göstərdik, onların başından elə zərbə
vurduq ki, çətin ayılsınlar”.
Dövlət başçısı qeyd edib ki, bu gün döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Çünki bizim işimiz haqq işidir: “Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.
Prezident müraciətini bu sözlərlə bitirib:
“Əziz xalqım, əziz zəngilanlılar, füzulililər,
xocavəndlilər, cəbrayıllılar və işğal
edilmiş digər rayonların sakinləri, biz öz
missiyamızı yerinə yetiririk. Düşmənə
layiqli cavab veririk. Düşməni cəzalandırırıq.
Düşmən bizim qarşımızda acizdir. Düşmənin
belini qırırıq, qıracağıq! Qarabağ bizimdir!
Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan
xalqına!”.
Mədəniyyət.- 2020.- 22
oktyabr.- S.1;2.