Mülki əhali yenə xain düşmənin hədəfindədir

 

Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qars­̧ı cinayət əməllərini davam etdirir.

 

Baş Prokurorluqdan verilən məlumata görə, oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ag­̆ır artilleriyadan atəs­̧ə tutulub.

 

Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ag­̆ır artilleriyadan atəs­̧ə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

 

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinə raket və ağır artilleriya zərbələrini davam etdirir. İşğalçı dövlət 26 oktyabr saat 08:00-da qüvvəyə minmiş sayca üçüncü humanitar atəşkəsi də kobudcasına pozaraq növbəti dəfə dinc əhalini, mülki obyektləri, məktəb və körpələr evini hədəfə alıb.

 

Düşmənin atdığı mərmilər Ağdam rayonunun Baharlı köçkün qəsəbəsində körpələr evinə düşüb. Nəticədə bina yarasız hala düşüb.

 

Körpələr evinin müdiri İlhamə Bağırova bildirib ki, 35 azyaşlının tərbiyə aldığı müəssisədə 15 nəfər tərbiyəçi müəllim və texniki işçi fəaliyyət göstərir: “Cəbhə bölgəsində yaşadığımız üçün son günlər fəaliyyətimizi dayandırmışıq. Çünki ermənilərin yaşayış evlərini, təhsil ocaqlarını atəşə tutduğunu bilirik. Bu səbəbdən də bugünkü atəş nəticəsində xəsarət alan olmayıb. Mənim evimə də mərmi düşüb. Özüm də şəhid bacısıyam. Bütün malımız, var-dövlətimiz bu ölkəyə, bu orduya qurbandır”.

 

Bildirək ki, ermənilər Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbini də artilleriya atəşinə tutub. Nəticədə məktəbə ciddi ziyan dəyib.

 

Oktyabrın 26-da Ermənistan ordusu Tərtər şəhərini və rayonun kəndlərini yenidən atəşə tutub.

 

Ermənistan silahlı qüvvələrinin Daşkəsən rayonunu atəşə tutması nəticəsinə meşə yanğını baş verib.

 

***

 

Qeyd edək ki, öncəki günlərdə də Ermənistan silahlı birləşmələrinin mülki əhaliyə qarşı təxribatları davam edib.

 

Düşmən mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edərək cəbhə zonasından 150 kilometrdən artıq uzaqlıqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarını “Scudballistik raketləri ilə atəşə tutub. Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində 5 evə ciddi ziyan dəyib.

 

Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb. Ordumuzun hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilən raketin hissələri su kəmərinin yaxınlığına düşüb.

 

***

 

Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Meşəli kəndinə də raket atıb. Atılan raket qadağan edilmiş silahların siyahısında yer alan kaset başlıqlı sursatdır. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi çevik əməliyyat qrupu əraziyə baxış keçirib və raketə yerləşdirilmiş 4 ədəd  bombacıq aşkar edilib.

 

Bundan başqa, düşmənin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə atdığı iki ədəd “Smerçraketi yaşayış evinin həyətinə düşüb və partlamayıb.

 

***

 

Erməni hərbi birləşmələri tərəfindən oktyabrın 24-də Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərən 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Orxan orta məktəbin 10-cu sinfində təhsil alırdı.

 

Oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Artur Vladimiroviç Mayakov oktyabrın 24-də müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

 

Təhsil Nazirliyinin məlumatına görə, sentyabrın 27-dən başlayaraq düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb. 40-a yaxın məktəbə ciddi ziyan dəyib.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.1;3.