Qarabağ gerçəklərinə həsr olunan roman Türkiyədə çapdan çıxıb

 

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə seçmə ədəbi nümunələrimizin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

 

Layihə üzrə tanınmış yazıçı-publisist Səyyad Aranın “Məzar daşı” romanı Türkiyə türkcəsində işıq üzü görüb.

 

Ötən əsrin sonlarında işğalçı Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində törətdiyi qətliamlardan bəhs edən yazıçı zülmə məruz qalmış bir ailənin həyatını romana çevirib.

 

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə uyğunlaşdırdığı əsər “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla çap olunub.

 

Qeyd edək ki, şanlı Ordumuzun Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı mübarizəyə dəstək məqsədilə İstanbuldakı Azərbaycan Kültür Dərnəyi “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə oktyabrın 31-də saat 13:00-da Kadıköy İskele meydanında tədbir keçirəcək. Tədbir zamanı qurulacaq stenddə Səyyad Aranın “Məzar daşı” kitabı və Qarabağ həqiqətləri ilə bağlı bukletlər də ziyarətçilərə paylanacaq.

 

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.4.