Əməkdar artist Etibar Qasımbəyli vəfat edib
Azərbaycan mədəniyyətinə itki
üz vermişdir. Azərbaycan
Dövlət Akademik Filarmoniyasının Fikrət
Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış
qarmon ifaçısı,
Əməkdar artist Etibar
Qasımbəyli 2020-ci il
27 oktyabr tarixində,
63 yaşında vəfat
etmişdir.
Etibar İsmayıl
oğlu Qasımbəyli
23 sentyabr 1957-ci ildə
Bakı şəhərində
dünyaya göz açmışdır. 1964-1974-cü illərdə Səbail rayonu 132 saylı orta məktəbdə oxumuş, 1966-1971-ci illərdə
Nəsimi rayonu 1 saylı Musiqi məktəbinin qarmon sinfində təhsil almışdır.
1974-cü ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən müsabiqədə seçilərək Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında əmək fəaliyyətinə başlamışdır. Ansamblda görkəmli bəstəkar Cahangir Cahangirovun və milli rəqsin ustadı Əlibaba Abdullayevin rəhbərliyi altında çalışmışdır. İşlədiyi müddət ərzində ansambl ilə birlikdə Avstriya, Belçika, Niderland, İtaliya, İspaniya, Fransa və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Konsert Birliyinə musiqi rəhbəri vəzifəsinə qəbul olunmuş və onun tərkibində yaratdığı “Koroğlu” ansamblının bədii rəhbəri kimi 2005-ci ilə qədər çalışmışdır. Həmin ansambl ilə müxtəlif xarici ölkələrdə görkəmli sənətkarlar Şövkət Ələkbərova, Rübabə Muradova, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Sara Qədimova, Tükəzban İsmayılova və başqaları ilə qastrol səfərlərində olmuş, onları uğurla müşayiət etmişdir. 1981-ci ildə Belçikada keçirilmiş rəqs festivalının laureatı və 1989-cu ildə Yaponiyada keçirilmiş “İpək Yolu” festivalının diplomantı olmuşdur.
Etibar Qasımbəyli 2010-cu ildən 2020-ci ilədək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında repetitor vəzifəsində çalışmışdır.
2011-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.
Amansız ölüm istedadlı sənətkarı aramızdan apardı. Etibar Qasımbəylinin əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində daima yaşayacaqdır.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.6.