Azərbaycan əsgəri döyüş meydanında beynəlxalq hüquqa uyğun davranır

 

Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladıqdan sonra Ermənistan bütün vasitə və resursları cəlb etməklə informasiya mühitində ölkəmizə qarşı hücuma keçməyə cəhd göstərir. Düşmən tərəf həqiqətləri əks etdirməyən məlumat, videofotolar yaymaqla beynəlxalq aləmdə Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışır.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan saxta videofotolarda guya Azərbaycan əsgərinin erməni əsir və meyitləri ilə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normalardan kənar davranması nümayiş etdirilir.

 

Bir daha bildiririk ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən fərqli olaraq hərbi əsirlər, düşmənin yaralı hərbi qulluqçuları, o cümlədən meyitləri ilə Cenevrə konvensiyaları və onlara əlavə olunan protokolların tələblərinə uyğun davranmaqla bərabər, mərhəmət və hörmət nümayiş etdirir. Azərbaycan əsgərinin davranışı insan şəxsiyyətinə və onun ləyaqətinə hörmət etmək ideyasına əsaslanır və döyüş əməliyyatı zamanı erməni hərbçilərindən fərqli olaraq bizim hərbi qulluqçularımız dinc əhali, mülki və hərbi obyektlər arasında fərq qoyur”, – deyə məlumatda vurğulanır.

 

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.5.