İslamabadda “Erməni təcavüzünə
son!” aksiyası
Pakistanın paytaxtı İslamabaddakı “Centaurus” ticarət mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son!” adlı aksiya keçirilir.
Ticarət mərkəzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və mülki əhalinin məqsədli şəkildə raket atəşinə tutulması nəticəsində Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizdə həlak olmuş həmvətənlərimizin xatirəsini anmaq, erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə posterlər, şəkillər və şüarların yer aldığı guşə qurulub.
Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə keçirilən aksiyada Ermənistan tərəfindən şəhər və kəndlərimizin raket atəşinə tutulması, mülki əhalinin qətlə yetirilməsi haqqında Pakistan ictimaiyyətinə məlumat verilir. Hər gün orta hesabla 35 min adamın gəldiyi bu ticarət mərkəzində quraşdırılan böyük ekranda Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilən raket hücumlarının acı nəticələri də nümayiş olunur.
Pakistanın rəsmi şəxsləri, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və səfirliyin kollektivi, yerli ictimaiyyət və KİV nümayəndələri, bu şəhərdə yaşayan azərbaycanlılar guşəyə gül-çiçək və oyuncaqlar qoyaraq, həlak olanların xatirəsinə öz ehtiramlarını ifadə ediblər.
Guşəyə baş
çəkən yüzlərlə paytaxt
sakini dinc əhaliyə
qarşı Ermənistanın qəddar əməllərindən
heyrətləndiklərini bildirib və
insanlığa qarşı olan bu hərbi cinayəti qınayıblar. Ziyarətçilərin
sualları və Azərbaycanla həmrəylik bildirən
fikirləri səfirlik əməkdaşları tərəfindən
gün ərzində dinlənilir və
cavablandırılır.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.8.