Sənətkar ömrünün müdriklik çağı

 

Əhməd Salikov-90

 

XX əsr Azərbaycan heykəltəraşlığının inkişafına özünəməxsus töhfələr verən yaradıcılar arasında Əhməd Salikovun (1930) xüsusi yeri vardır. Bunu şərtləndirən başlıca səbəb onun əsərlərinin daşıdığı estetikada realizm ənənələrinin plastik imkanlarını genişləndirmək istəyinin mövcudluğudur.

 

Milliyyətcə osetin olan Əhməd Salikov Şimali Qafqazda dünyaya göz açsa da, ailəsi 30-cu illərin “qırmızı terrorunun qurbanı kimi zamanında Azərbaycana pənah gətirmiş və bundan sonra bütün həyat və yaradıcılığı Bakı ilə bağlı olmuşdur.

 

İxtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1947-1952), sonra isə İ.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1952-1958) almışdır. Hələ tələbəlik illərindən onunla eyni institutda oxuyan həmkarı Elcan Şamilovla müştərək ərsəyə gətirdikləri işlərlə müxtəlif miqyaslı sərgilərdə iştirak etmişdir. Bu mənada mərmər, qranittuncda icra olunmuş “Gənclik” (1954), “Cəfər Cabbarlının büstü” (1956), “M.F.Axundzadənin büstü” (1957) və “Nəriman Nərimanovun portreti” (1957 və 1958) əsərlərinin adını çəkmək olar. Onun diplom işi olaraq işlədiyi “M.Əzizbəyov güllələnmə ərəfəsində” adlı kompozisiya,   ideologiyaya bağlı olmasına baxmayaraq, plastik həllində maraq doğuran bədii axtarışlar duyulan idi. Yəqin ki, gənc heykəltəraşın diplom müdafiəsindən sonra görkəmli tişə ustası C.Qaryağdı, P.Sabsayİ.Axundovun zəmanəti ilə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunması da onun gələcəyinə inamın göstəricisi idi.

 

Yaxşı haldır ki, Əhməd Salikov hələ tələbəlik illərində sərgilədiyi yüksək professionallığı, forma-biçim axtarışlarına meyilli olmasını bütün yaradıcılığı boyu nümayiş etdirməyə nail olmuşdur. Onun yaradıcılığının zamanında dəyərləndirilməsi – “Azərbaycanın Əməkdar rəssamı” fəxri adına və Azərbaycan Dövlət mükafatına (F.Dzerjinskinin Bakıda ucaldılmış abidəsinə görə) layiq görülməsi (1980) də onun milli heykəltəraşlıq sənətinin inkişafına verdiyi töhfələrə cavab olmuşdur.

 

Qeyd etmək lazımdır ki, Əhməd Salikovun yaradıcılığı, demək olar ki, heykəltəraşlığın bütün janrlarını əhatə edir. Janr müxtəlifliyinə baxmayaraq, bu əsərlərin hər birində forma-biçim özünəməxsusluğunun çətinliklə əldə olunan monumentallığa bələnməsinə şahidlik etmək mümkündür. Qənaətimizcə, bu məziyyətin abidələrin yaradılmasında mühüm amil olduğu danılmaz olsa da, təəssüf ki, bu vaxta qədər şəhər mühitində ucaldılan heykəllərin hamısında bu məziyyət görünmür. Əhməd Salikovun bu səpkili əsərlərində isə sənətlərin sintezi probleminə uğurla cavab verə biləcək bədii-estetik xüsusiyyətlər kifayət qədərdir. Hələ tələbəlik illərində işlədiyi “Sülh göyərçini” (1952) kompozisiyası ilə özünün monumental duyumunu sərgiləyən sənətkar daha sonra “Mahnı” (1957), “Gənc musiqiçi” (1958), M.F.Axundazadə adına Milli Kitabxananın lociyasını bəzəyən “A.S.Puşkin” (1961), Lökbatan qəsəbəsindəki xatirə kompleksi (1976), Bakıda Feliks Dzerjinskinin abidəsi (1977), Şuşada Üzeyir Hacıbəylinin abidəsi (1985), Şəmkirdə Əhməd Cavadın abidəsi (1990-cı illər) və Bayıl qəsəbəsindəki Gülbala Əliyevin abidəsi (1990-cı illər) kimi əsərlərində möhtəşəmlik anlayışının “estetik xəritəsi”ni duyulası dərəcədə genişləndirməyi bacardığını təsdiqləmişdir.

 

Süjetli kompozisiyalarında forma-biçimin monumentallığına nail olan sənətkarın müxtəlif peşə adamlarına həsr olunmuş portretlərində qəhrəmanlarının daxili aləminə nüfuz etməsini və onların mənəvi-psixoloji yaşantılarına plastik tutum verə bilməsini, heç şübhəsiz, onun yaradıcılığının mühüm xüsusiyyətlərindən biri hesab etmək olar. Bu portretlərin çoxu görkəmli söz adamları ilə bağlı olduğundan onlar Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş olunurlar.

 

Bu mənada onun Ə.Xaqani, M.F.Axundzadə, C.Cabbarlı, H.Zərdabi və N.Nərimanova həsr olunmuş portretlərini qeyd etmək olar. Bu plastika nümunələrində ədəbiyyatımızın uzaq-yaxın tarixinə qürurverici səhifələr əlavə etmiş korifeylər, inandırıcı ikonoqrafik əlamətləri ilə yanaşı, həm də maraqlı, bir çox hallarda isə təzadlı olan həyat və yaradıcılıqlarının onların taleyində buraxdığı dərin izlərini görmək mümkündür. Mərmərdə icra olunmuş bu portretlərdə əzaların plastik görkəm almış tutumunda forma-biçimin psixoloji durumun əyaniləşdirilməsini şərtləndirən bədii məziyyətlər duyulandır. Dahi Ü.Hacıbəylinin mərmər portreti (əsər bəstəkarın Bakıdakı ev-muzeyindədir), heykəltəraşın keçmiş SSRİ Rəssamlar İttifaqının sifarişi ilə qoz ağacından işlədiyi və hazırda Moskvada saxlanılan M.Qorkinin obrazı da yaradıcı insanların özünəməxsus dünyalarına nüfuzetmə baxımından diqqət çəkir.

 

Heykəltəraşın yaradıcılığında memorial abidələr də geniş yer tutur. Bu janrın özünəməxsus xüsusiyyətlərindən biri xatırlanan şəxs barəsində inandırıcı və təsirli təəssüratın yaradılmasıdır. Odur ki, müəllif hər dəfə dünyasını dəyişmiş məşhur şəxsiyyətlərin obrazına müraciət edərkən ilk növbədə onların ömür yolunu öyrənir, fəaliyyətlərinin ən səciyyəvi cəhətlərini onların pozalarında və portret cizgilərində əks etdirməyə çalışır. Əhməd Salikovun görkəmli dövlət xadimləri Əziz Əliyev və Vəli Axundov, tarixçi-alim Əlövsət Quliyev, həkim Şamama Ələsgərova, neftçi Gülbala Əliyev, generallar Arif Heydərov və Məhəmməd Əsədova həsr etdiyi memorial abidələrdə bu vacib amili görmək mümkündür.

 

Hər bir sənətkar kimi o da, vaxtaşırı ürəyində gəzdirdiyi mövzulara plastik görkəm verdiyindən, bu gün emalatxanası müxtəlif janrlı əsərlərlə zəngindir. Bu işlərin bəziləri eskiz formasında, bir çoxları isə tamamlanmış olduğundan onların bədii məziyyətləri barəsində fikir söyləmək mümkündür. Qənaətimizcə, Əhməd Salikov plastikasını səciyyələndirən yapma təravətinin ilkinliyini qoruyub saxlamaq onun bu əsərləri üçün də xasdır. Rəssam dostu S.Bəhlulzadənin, ayrılıq həsrətimizi bənzərsiz tutumda poetik misralara çevirən M.Şəhriyarın, dərd şairi M.Füzulinin obrazları, “Uşaqlıq, gənclik və qocalıq”  və “Muğam” kompozisiyalarındakı plastika oynaqlığı vurğuladığımız təravəti əyaniləşdirən bədii məziyyətlərdəndir. Müəllifin anasına və həyat yoldaşına həsr etdiyi plastika nümunələri də lirik bədii şərhinə görə yadda qalır.

 

Artıq ömrünün doxsanıncı baharını yola salmış Əhməd Salikovun ömür yolu kifayət qədər təzadlı olsa da, sənətkarın hər bir yaradıcılıq uğuru ötən illərdə ona olub-keçənləri unutmaqda yardımçı olub. Bu gün onun arxaya dönüb elədiklərinə qürurla tamaşa etməyə haqqı çatır, desək, yanılmarıq. Çünki gözünün nuru, ürəyinin hərarəti ilə ərsəyə gətirdiyi əsərlərin əksəriyyəti zamansızlığa qovuşduğundan yaradıcısının adını gələcəyə daşımaq gücündədir...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.7.