“Kino
mənim taleyimə yazılıb...”
Rejissor Akif Rüstəmov: “Bu günlərdə önəmli olan yubiley deyil,
Vətən müharibəsində qələbə
qazanmağımızdır”
Onu əbəs yerə “Bir nömrəli ikinci”
adlandırmırlar. Azərbaycan kinosunda
belə sənətkarlara az-az rast gəlmək olar. Akif Rüstəmov öz səmimiliyi,
uşaq dünyasından gələn
saflığı, sənətə, insanlara
sevgisi ilə seçilən kino adamıdır. Adı gələndə
gözlərdə təbəssüm, xoş
duyğular yaranır...
50 ildən çoxdur həyatını
kino sənətinə həsr edən bu təvazökar insan ilk müsahibəsini də bizim
qəzetə vermişdi. Düz 7 il
əvvəl. İnsan yarım əsr korifey sənətkarlarla birgə
çalışsın, Azərbaycan kinosunun
qızıl səhifələrini təşkil edən filmlərin
ikinci rejissoru olsun, amma heç
vaxt özü
haqqında bir kəlmə belə
danışmaq istəməsin.
75 yaşı tamam olan Əməkdar mədəniyyət işçisi deyir: “Hərdən
“kino qurtardı daha”
deyirəm. Hər dəfə film üzərində
çalışanda düşünürəm ki, daha bəsdir, axırıncı
filmdir, bundan sonra işləməyəcəyəm.
Güclə ayağa durub
gəlirəm işə. Elə ki, “20 Yanvar” metro stansiyasından
çıxıb üzü kinostudiyaya yol aldım, oluram başqa adam. Kinostudiyanın havasımı deyim, tanış simalarmı deyim,
məni yenidən ağuşuna alır. Bu ab-hava məni dəyişir.
Kino mənim taleyimə yazılıb”.
Həyat yolunu müəyyən
edən film
Akif Rüstəmov 1945-ci il oktyabrın 27-də Bakıda anadan olub. Gözünü
açanda müharibə görməsə
də, onun
ağrı-acılarının şahidi olub. Atası neftçi,
anası evdar qadın olan
Akif uşaqlıqdan kinoya
bağlanıb.
Bir gün kinoteatrda baxdığı “Onlar əsgərlərin ardınca gedirdilər” adlı italyan filmi, sözün əsl mənasında, onun qəlbini ovsunlayıb və gələcək sənət yolunu müəyyənləşdirib. 1968-ci ildə kinostudiyada rejissor assistenti kimi işə başlayıb. Görkəmli kinorejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” filmində adı ilk dəfə titrlərə yazılıb. Onun filmoqrafiyasında ikinci rejissor kimi Azərbaycan kinosunun ən çox sevilən nümunələri yer alır. “Dədə Qorqud”, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Gün keçdi”, “Dərviş Parisi partladır” və onlarla yaddaşlara yazılan film. Ərsəyə gələn hər bir ekran əsərinin uğuruna o da sevinib, kino tarixinə yeni səhifənin yazılmasına ürəkdən şad olub. Qəlbini, bütün arzularını, düşüncələrinin ən mükəmməlini rejissoru olduğu filmlərə verib. Bəzən görkəmli rejissorlar Akif Rüstəmov digər filmdə çalışdığı üçün çəkəcəkləri filmlərin vaxtını dəyişməli olublar.
Kino-adam
İkinci rejissor. Kimdir bu sirli adam?
İkinci rejissor sənəti çəkiliş
meydançasında iş
mexanizmini quran və bütün boşluqları idarə edən, hər bir incə detalı
diqqətdə saxlayandır.
Bəzən kino həvəskarları
belə bu sirli adamın kinoda xidmətlərindən
xəbərsiz olurlar.
Daha dəqiq desək, kinoda quruluşçu rejissorun sahəsinə ekran əsərinin dramaturji hissəsi aiddirsə, ikinci rejissora isə bu sahənin bütünlüklə çəkiliş
prosesi məxsusdur.
Ssenari təsdiq olunan kimi birbaşa bütün işlər ikinci rejissora həvalə edilir. Ədəbi mətnin rejissor mətninə çevrilməsi, hər bir səhnənin lokasiyası, aktyorların
seçimi, rekvizit, texniki heyətin təyin edilməsi və s. Bu insan çəkiliş meydançasında
bütün sualların
cavabını bilir və bütün mənfi hallarda vəziyyəti müsbətə
çevirmək üçün
onun “sehrli düymə”si var.
Çəkiliş meydançasında Akif müəllimi izləyərkən
onun işinə necə ürəklə və hansı tərzdə yanaşdığının
şahidi olmuşuq və rejissor bizə kinonun, həqiqətən də,
ağıl, ürək
və düşüncə
sənəti olduğunu
sübut edir. Belə bir
fikir də var ki, peşəsini
tam mənimsəyən insan
onun mürəkkəbliyini,
sirrini aça bilir. Akif Rüstəmov da
rejissor kimi çalışdığı bütün filmlərdə
peşəkarlığın məğzini anlatmağı
bacarıb.
O, başdan-ayağa kino-adamdır.
Gənc rejissorlar onu “kinostudiyanın əfsanəsi”
adlandırırlar. Olduğu yerdə
pozitiv enerji var. O enerji ki, yaradıcılığa
da müsbət təsirsiz ötüşmür.
Akif Rüstəmov kino sənətimizin qocaman, müsbət qəhrəmanıdır.
Akif müəllim
ikinci rejissorun məsuliyyətindən danışarkən
“aktyor gəlmədi, təqsir ikinci rejissordadır. Rəssamlar, operatorlar, aktyorlar,
assistentlər, kostyum işçiləri – hamının
təşkilatçısı odur və hətta
çəkiliş zamanı
yağış yağsa
belə, yenə təqsirkar ikinci rejissordur” deyir zarafatla. O həm də filmin sevilməsi üçün
əlindən gələni
əsirgəməyən rejissordur.
Bu sənətə gələn gənclərin
istedadına inanan Akif Rüstəmov milli kinomuzun sabahını dünənindən
də işıqlı
gördüyünü deyir.
Kinomuzun çətin dövrlərində
– ötən əsrin
90-cı illərində o, başqa
sahəyə üz tutmadı, sevdiyi sənətə sadiq qaldı.
Yubileyi münasibətilə təbriklərimizi çatdırdıq. Sonsuz minnətdarlığını bildirən rejissor dedi: “Bu günlərdə önəmli olan yubiley deyil, Vətən müharibəsində qələbə qazanmağımızdır. Təki cansağlığı olsun, torpaqlarımız geri alınsın, ölkəmizdə sülh olsun və o zaman ürəkdən sevinib yubileyləri qeyd edək”.
***
Yazının sonunda
bir məqamı da qeyd etməyi vacib bilirik. Çünki
üzərindən 5-6 il keçsə belə,
hər il Milli Kino Günündə Nizami
Kino Mərkəzinə
yığışan kino işçiləri
həmin məqamı yada salır, böyük sevgi ilə
xatırlayırlar. Əlamətdar gün
münasibətilə kino xadimlərinə
mükafatlar verilirdi. Akif müəllimin adı çəkiləndə
bütün zaldan elə
gurultulu və sevgi dolu alqış səsləndi ki...
Yəqin ki, bu günə
kimi elə gurultulu
alqış eşidilməmişdi o zalda.
Bu gün Akif Rüstəmov Azərbaycan kinosunda səmimiyyətin, sevginin və peşəkarlığın simvolu hesab edilir...
LALƏ
Mədəniyyət
2020.- 30 oktyabr.- S. 4.