Azərbaycanın
tarixi və mədəni irsinə qarşı Ermənistanın
törətdiyi cinayətlər
Oktyabrın 28-də ADA Universitetində “Azərbaycanın
tarixi və mədəni irsinə qarşı Ermənistanın
törətdiyi cinayətlər” mövzusunda xarici ölkələrin
diplomatik korpus nümayəndələri və media təmsilçiləri
üçün brifinq keçirilib.
Brifinqdə Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət
nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini
icra edən Anar Kərimov,
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə
iştirak ediblər.
Brifinqi ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə açaraq Ermənistanın ölkəmizə
qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz
və işğalçılıq siyasətinin eyni zamanda Azərbaycanın
mədəni irsini hədəf aldığını
vurğulayıb.
Brifinqdə çıxış edən
Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın dinc
yaşayış məntəqələrinə hərbi təcavüzünün
bu günlərdə də davam etdiyini, döyüş
meydanında məğlub duruma düşən
işğalçı ölkənin hərbi əməliyyatlar
zonasından uzaqda yerləşən yaşayış məntəqələrinə,
mülki infrastruktura raket zərbələri endirdiyini bildirib.
Oktyabrın 27-də Bərdə rayonunun
Qarayusifli kəndinə raket atılması nəticəsində
4 dinc sakinin həlak olduğunu deyən Hikmət Hacıyev
brifinqin davam etdiyi dəqiqələrdə də Ermənistanın
Bərdə şəhərində daha bir terror hücumu həyata
keçirdiyini diqqətə çatdırıb. Düşmənin
Bərdə şəhərinin mərkəzinə,
insanların gur olduğu yerlərə raket zərbələri
endirməsinin insanlıq əleyhinə cinayət olduğunu
vurğulayan Hikmət Hacıyev qeyd edib ki, bəşəriyyət,
mütərəqqi dünya buna seyrçi qalmamalıdır.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın
işğalçılıq siyasətinin məqsədlərindən
biri də qəsdən Azərbaycan xalqının milli irsinin
dağıdılmasıdır. Bu, etnik və mədəni təmizləmə,
müharibə cinayətləridir. Ermənistan tərəfindən
Azərbaycan xalqına qarşı həyata keçirilən
mədəni soyqırımı Azərbaycan mədəniyyətinə,
ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə
qarşı edilən hücumlardır.
Brifinqdə çıxış edən Mədəniyyət
nazirinin vəzifələrini icra edən Anar Kərimov bildirib
ki, Ermənistanın 30 ilə yaxın işğal altında
saxladığı, mədəni irsini talan etdiyi, tarixi abidələrini
dağıtdığı Qarabağ Azərbaycan mədəniyyətinin
beşiyidir. Zəngin mədəni irsə malik Qarabağ Azərbaycana
Pənahəli xan Cavanşir, Xurşudbanu Natəvan, Üzeyir
Hacıbəyli, Bülbül, Əbdürrəhim bəy
Haqverdiyev kimi dahi şəxsiyyətlər və mədəniyyət
xadimlərini bəxş edib. Bu torpağın zəngin irsinin
həmçinin dünya mədəni irsinin parçası
olduğu, ənənəvi Qarabağ atüstü oyunu –
çövkənin, əsasən Qarabağda formalaşan Azərbaycan
muğamının və Qarabağda zəngin sənət məktəbi
olan Azərbaycan xalçaçılığının
UNESCO-nun müvafiq siyahılarına daxil edildiyi diqqətə
çatdırılıb.
Anar Kərimov qeyd edib ki, Ermənistanın
işğal etdiyi Dağlıq Qarabağda, ətraf rayonlarda
tarixi abidələrin dağıdılması, mədəni
irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların
mədəni kimliyini məhv etmək məqsədi
güdür. Bu torpaqlarda azərbaycanlı əhalinin əsrlərlə
yaşamasına dəlalət edən tarixi abidələri
dağıtmaq, həmin izləri itirmək, azərbaycanlıların
mədəni kimliyini yox etmək cəhdidir.
Bildirilib ki, 1990-cı illərin əvvəllərinə
olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə
2625 abidə qeydə alınmışdı. Onlardan 11-i beynəlxalq
əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli
və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə
706-sı dövlət tərəfindən mühafizə
edilirdi. Yüzlərlə mədəniyyət müəssisəsi,
o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət
sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq
məktəbi, 100 mindən artıq eksponatın
toplandığı 22 muzey və muzey filialı, 4 rəsm
qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi,
8 mədəniyyət və istirahət parkı, o cümlədən
Füzuli rayonu ərazisində dünyanın ən qədim
yaşayış məskənlərindən biri – Azıx
mağarası, Şuşa Dövlət Tarix-Memarlıq
Qoruğu erməni vandalizminin qurbanına çevrilib.
Ermənilərin işğal edilmiş ərazilərdəki
tarixi abidələrin təyinatını dəyişdirməsi
barədə danışan Anar Kərimov bu günlərdə
Azərbaycan Ordusu tərəfindən azad olunan Zəngilan
rayonu ərazisində də belə faktların üzə
çıxdığını deyib. Zəngilandakı məsciddən
tövlə kimi istifadə edilməsinin beynəlxalq
normaların pozulması ilə yanaşı, İslam
dünyası üçün təhqir olduğunu söyləyən
A.Kərimov deyib: “Bu, vandalizm aktıdır. Ümid edirik ki,
beynəlxalq təşkilatlar tərəfindən bu fakt
lazımınca pislənəcək və qiymət veriləcək.
Ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı
tarixi abidələri hədəf alıb məhv etməsini
dayandırmağa çağıracaq”.
Anar Kərimov onu da xatırladıb ki, XX əsrin
əvvəllərində İrəvan quberniyası ərazisində
300 məscid qeydə alındığı halda, bu gün Ermənistan
ərazisində, İrəvan şəhərində
yalnız bir məscid – Göy məscid qismən salamat
qalıb ki, bununla da erməni tərəfi beynəlxalq
ictimaiyyət qarşısında gözdən pərdə
asmaq istəyir.
Erməni silahlı qüvvələrinin son günlər törətdiyi vəhşiliklərdən söz açan Anar Kərimov deyib ki, münaqişə zonasından təxminən 80 kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri və qədim mədəniyyət mərkəzi olan Gəncəyə raket hücumu nəticəsində nəinki dinc insanlar ölüb və yaralanıb, mülki infrastruktura, həmçinin tarixi tikililərə də ziyan dəyib. XIX əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrə aid İmamzadə məscidi, XIX əsrdə inşa olunan Aleksandr Nevski rus-pravoslav kilsəsi də Ermənistanın raket hücumları nəticəsində zərər görüb.
Diqqətə çatdırılıb ki, Ermənistan
tərəfindən işğal olunmuş ərazilərimizdə
muzeylərin mülkiyyətində olan əlyazmalar və digər
dəyərli eksponatlar da yox edilib, bir qismi oğurlanaraq qara bazarlarda
satışa çıxarılıb. Bundan əlavə, Azərbaycanın
xalçaçılıq sənətinin dəyərli
nümunələri talan edilib. Bütün bu faktlarla
bağlı monitorinqin aparıldığını söyləyən
A.Kərimov deyib: “Onları necə geri gətirəcəyimizlə
bağlı məsələ qaldıracağıq. Bura qiymətli
eksponatlar, xalçalarımız daxildir. Biz bəzi hərraclarda
dəyərli xalçalarımızı tapmışıq.
Həmin xalçaları və dəyərli eksponatları
ölkəmizə qaytarmağa davam edəcəyik”.
“Mədəni irsin hədəfə
alınması, müharibə cinayətidir. Ermənistan 27 ildən
çoxdur ki, Azərbaycanın işğal olunmuş ərazilərində
mədəni və tarixi irsin xarakterini məqsədli şəkildə,
qəsdən məhv edir və ya dəyişdirir. Bu,
ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş
ərazilərə dair faktaraşdırıcı
missiyaları tərəfindən sənədləşdirilib.
Bundan əlavə, beynəlxalq medianın peyk şəkilləri
və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq
humanitar hüquqa, o cümlədən 1954-cü il
üçün “Silahlı münaqişə zamanı mədəni
mülkiyyətin qorunması haqqında” Haaqa Konvensiyasına və
onun iki protokoluna zidd olduğunu göstərir”, – deyə Anar Kərimov
vurğulayıb.
Çıxışı zamanı
münaqişə və hərbi əməliyyatların
başa çatmasından sonra görüləcək işlərdən
də bəhs edən Anar Kərimov müzəffər Azərbaycan
Ordusunun işğaldan azad etdiyi rayonlardakı tarix-mədəniyyət
abidələri, mədəniyyət evləri, kitabxanalar,
teatr, musiqi məktəbləri və muzeylərə dəyən
zərərin ölçüləcəyini, müvafiq
monitorinqlərin aparılacağını, habelə həmin
abidələrin və mədəniyyət müəssisələrinin
Mədəniyyət Nazirliyi tərəfindən bərpa ediləcəyini,
bu torpaqlara xalqımızın zəngin mədəni ruhunun geri
qaytarılacağını vurğulayıb.
Brifinqdə diplomatik korpus nümayəndələrinin
mövzu ilə bağlı fikirləri də dinlənilib,
sualları cavablandırılıb.
Mədəniyyət 2020.- 30 oktyabr.- S.1;3.