Azğın düşmən dinc sakinləri hədəfə alıb

Müzəffər Ordumuz qarşısında ağır məğlubiyyət yaşayan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir.

Oktyabrın 28-də düşmən “Smerç”, BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən və toplardan Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub. Xəsarət alan olmasa da, evlərə və təsərrüfata ciddi ziyan dəyib.

***

İşğalçı ordu Goranboy rayonunun Tapqaraqoyunlu kəndini də raket atəşinə tutub. Raketlərdən biri kənd qəbiristanlığının yaxınlığına düşüb. Bundan başqa, Ermənistan silahlı qüvvələri oktyabrın 29-da səhər saat 9:25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini yenidən artilleriya atəşinə məruz qoyub.

***

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyir. Düşmənin ən çox hədəfə aldığı yaşayış məntəqələrindən biri də Çıraqlı kəndidir. Erməni hərbçilərinin atəşi nəticəsində sentyabrın 27-dən indiyədək kənddə ümumilikdə 2 ev yanıb, 3 ev dağılıb, 10-dan artıq evə ziyan dəyib. Düşmən oktyabrın 27-də humanitar atəşkəsi pozaraq yenidən kəndi artilleriya atəşinə tutub, nəticədə bir ev dağılıb.

Kənd sakini Fəxri Məmmədov bildirib ki, Ordumuz qarşısında aciz qalan düşmən yaşayış məntəqələrini, mülki şəxsləri artilleriya atəşinə tutur: “Onların məqsədi camaata ziyan vurmaq, yaşayış evlərini, infrastrukturu dağıtmaqdır. Bir neçə gün əvvəl mən avtomobilimlə gedərkən atəşə məruz qaldım. Mərmilər yaxınlığıma düşüb partlasa da, xoşbəxtlikdən xəsarət almadım. Lakin düşmənin insanlığa sığmayan bu əməlləri biz sakinləri qorxutmur. Ordumuza güvənir, onun arxasında dayanmışıq”.

 

N.MƏMMƏDLİ

Mədəniyyət.- 2020.- 30 oktyabr.- S.3.