Dünya bu
gözgörəsi gerçəkləri görəcəkmi?
Mənfur düşmən Bərdədə dinc sakinlərə qarşı
alçaqcasına qətliam törədib
Döyüş
meydanında ard-arda zərbələr alaraq rəşadətli
Azərbaycan Ordusunun qarşısından qaçan
işğalçı Ermənistan silahlı qüvvələri
düçar olduğu məğlubiyyətin əvəzini
mülki əhalidən, hərbi əməliyyatlar
zonasından uzaqdakı dinc sakinlərdən
çıxmağa çalışır. Ötən günlərdə (11, 17 oktyabr) Gəncədə gecəyarısı raket zərbələri ilə qətliam
törədən mənfur düşmən bu
dəfə Bərdəni hədəfə alıb.
Xəbər verdiyimiz kimi, oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində biri 7 yaşlı uşaq olmaqla dörd sakin həlak olmuşdu.
Oktyabrın 28-də düşmən Bərdə
şəhərinə beynəlxalq konvensiyalarla
qadağan edilmiş kasetli raketlərlə atəş açaraq daha bir alçaq cinayəti həyata
keçirib. Baş Prokurorluğun məlumatına
görə, oktyabrın 28-də saat 13 radələrində
Ermənistan silahlı birləşmələri tərəfindən
Bərdə şəhərinin dinc sakinlərin
sıx hərəkətdə olduğu və
ticarət obyektlərinin kompakt yerləşdiyi
ərazisinə “Smerç” tipli əməliyyat-taktiki təyinatlı, böyük dağıdıcı qüvvəyə malik raket zərbələrinin
endirilməsi nəticəsində 4-ü qadın olmaqla, 20 nəfər həlak olub,
8-i uşaq, 15-i qadın olmaqla
70 şəxs isə müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Həmçinin
oktyabrın 27-də artilleriya atəşi
zamanı xəsarət alan bir sakin ayın 28-də vəfat
edib.
Beləliklə, oktyabrın 27-28-də Bərdə
rayonuna artilleriya-raket
zərbələri nəticəsində həlak olanların ümumi sayı 25-ə çatıb.
İşğalçı və terrorçu dövlət olduğunu hər ötən gün təsdiq edən Ermənistanın bu insanlıq əleyhinə cinayətləri dünyanın gözü qarşısında baş verir. Amma dünya ictimaiyyəti, xüsusilə özünü mütərəqqi dünyanın örnəyi, insan haqlarının müdafiəçisi sayan Qərb ölkələri və beynəlxalq təşkilatlar bu gözgörəsi qətliam gerçəyini görmək istəyəcəklərmi?
Oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinin Bərdəyə, daha sonra isə bu günlər düşmənin hədəfində olan Tərtər şəhərinə səfəri təşkil edilib. Əcnəbi nümayəndələr Ermənistan silahlı qüvvələrinin dinc insanlara qarşı törətdiyi əməllərin nəticəsini gözləri ilə görüblər. Üstəlik, xain düşmən nümayəndə heyətinin Bərdə və Tərtərdə olduğu müddətdə bu istiqamətlərdə atəşləri davam etdirib.
Bərdədə təşkil edilən
brifinqdə Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət
Hacıyev səfərdə iştirak edən
diplomatik nümayəndələrə və
hərbi attaşelərə təşəkkür edərək
ötən gün baş
verən insanlıq əleyhinə cinayət barədə bir daha məlumat verib. Qeyd edib
ki, Bərdə şəhəri cəbhəyanı
zonadan 60-70 kilometr kənarda
yerləşir: “Ermənistanın Bərdə şəhərini
qadağan olunmuş silahlarla atəşə tutmasının
yalnız bir məqsədi var:
mülki insanların qətlinə səbəb
olmaq və onlar
arasında panika yaratmaq.
Ancaq onlar bu məqsədlərinə heç
bir halda nail ola bilməyəcəklər.
Bərdə sakinlərinin əzmini diplomatik
korpusun nümayəndələri də
gördülər”.
Prezidentin köməkçisi baş verənləri görmək üçün Azərbaycan tərəfin “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarına dəvət göndərdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Avropa regionunda İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə ballistik raketlər atılır: “Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər quduzlaşıb ki, onlar diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə və Tərtər şəhərlərində olduqda da ətraf məntəqələri bombalamağa davam edirlər. Bu, Ermənistanın Xocalı genosidindən başlayan və bu gün də davam edən mülki insanlara qarşı hərbi və müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir”.
Brifinqdə o da diqqətə çatdırılıb ki, sentyabrın 27-dən oktyabrın 29-dək
Ermənistan ordusunun yaşayış məntəqələrini
atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub,
392 nəfər yaralanıb.
Həlak olanlar arasında
Beynəlxalq Qırmızı Xaç
Komitəsinin (BQXK) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü
də var. O, Bərdə şəhərində
humanitar dəstək verərkən qətlə
yetirilib. Bununla
bağlı BQXK-nın Avrasiya regionu üzrə direktoru Martin Şüeppdən bəyanat yayaraq könüllünün
ailəsinə və Azərbaycan Qızıl Aypara
Cəmiyyətinə başsağlığı verib.
Ermənistanın Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə bağlı bir sıra xarici media orqanları da reportajlar hazırlayıblar. Hadisə yerində olmuş “The New-York Times” qəzetinin əməkdaşı Bərdəyə terror hücumunun bütün dəhşətini dilə gətirib. Jurnalist həyəcanını bu sözlərlə ifadə edib: “Bayırda, yolayrıcında maşın hələ də tüstülənirdi. Qan səkiyə, ofis binasının qapısına yayılmışdı...”.
Mədəniyyət
.- 2020.- 30 oktyabr.-
S.1.