Meyerholdun kitabı Azərbaycan dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru Vsevolod Meyerholdun “Seçilmiş əsərləri” kitabını nəşr edib. Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.
“Teatrın tarixi
və texnikası haqqında”, “O.M.Meyerholda
məktublardan”, “Gündəlikdən (1907–1912-ci illər)”,
“Fırtına”, “Maskarad”, “Teatr
qeydləri”, “Alicənab dəyyus”, “Ürpənən torpaq”, “Meşə”, “Bubus
müəllim”, “Mandat”, “Müfəttiş”
adlı fəsillərin toplandığı kitabda
ecazkar teatr aləmi, onun görünməyən tərəfləri,
pərdəarxası proseslər, rejissorluq
sənətinin sirləri kimi sənət
incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.
Kitabın rus dilindən tərcümə
müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.
Kitab Azərbaycan Dövlət
Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq
etdiyi Rusiya İnstitutunun qrant layihəsi
çərçivəsində nəşr olunub.
Qeyd edək ki, Rusiyanın Penza şəhərində anadan
olan Vsevolod Meyerhold teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir. 1907-ci ildən Oktyabr
inqilabına (1917) qədər Aleksandrinski
və Mariinski imperator
teatrlarının baş rejissoru
olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrları ilə
əməkdaşlıq edib. Sovet İttifaqının ilk
avanqardçı teatr
rejissorlarındandır. Səhnə sənətində qrotesk üslubunun, “biomexanika” adıyla dünyada
tanınan aktyor sisteminin
yaradıcısıdır. “Don Juan” (Molyer), “Müfəttiş”
(N.Qoqol), “Hedda Qabler” (H.İbsen), “Mandat” (N.Erdman), “Elektra” (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə
quruluşu verib. Stalin repressiyası qurbanı olan rejissor 1940-cı ildə güllələnib.
Mədəniyyət .- 2020.- 30 oktyabr.- S.5.